BAKI, 12 may - Sputnik. Avropa Karate Federasiyası Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.
Azərbaycan Karate Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, beynəlxalq dərəcəli hakimimizin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi bu qərara gəlib.
Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, Əməkdar məşqçi, eləcə də "Qaraqaplan" klubunun baş məşqçilərindən biri Cahangir Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçilib.
O həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda 1-ci Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə C.Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.
Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropa və İslam Oyunlarının qalib və mükafatçıları var.