11:42 25 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
4001

Çingiz Hüseynzadə: "Zika virusu bir mif idi. Bu məsələni mətbuat və Beynəlxalq Həkimlər Təşkilatı elə şişirtmişdi ki, hamı Rio-de-Janeyroya getməkdən qorxurdu"

BAKI, 6 sen — Sputnik. "Azərbaycan idmançıları Rioda keçirilən 31-ci Olimpiya oyunlarında uğurla çıxış etdilər. Bir çox göstəricilər üzrə biz böyük nəticələr əldə etmişik. Sabah isə paralimpiya oyunları başlayır və biz ümid edirik ki, idmançılarımız orada da yaxşı nəticələr əldə edəcəklər".

Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Azərbaycan yığmasının Rio-2016 Olimpiya oyunlarındakı nəticələri" mövzusunda keçirilən konfransda, Azərbaycan Milli Olimpiya Komitəsinin (AzMOK) vitse-prezidenti Çingiz Hüseynzadə belə deyib.

Rio-2016 Olimpiya Oyunları ərəfəsində Braziliyada zika virusu barədə təhlükəli vəziyyətin olduğu deyilirdi. Buna görə, idmançılara virusdan qorunmaq üçün tövsiyyələr verilmişdi. Çingiz Hüseynzadənin sözlərinə görə, Azərbaycan idmançıları Rio-de-Janeyroda olduqları müddətdə zika virusu ilə bağlı heç bir problemlə üzləşməyiblər.

"Zika virusu bir mif idi. Bu məsələni mətbuat və Beynəlxalq Həkimlər Təşkilatı elə şişirtmişdi ki, hamı Rio-de-Janeyroya getməkdən qorxurdu. Mən orada bir dənə də ağcaqanad görmədim. Zika virusu təhlükəsi sıfıra endirilmişdi, bütün obyektlər xüsusi maddələr ilə vaxtlı-vaxtında təmizlənirdi. Mən orada zika virusu ilə xəstələnən heç bir idmançı görmədim, əksinə, biz orada zika virusu haqqında unutmuşduq", — vitse-prezident vurğulayıb.

Azərbaycan güləşçisində dopinq olması barədə yayılan məlumatlara münasibət bildirərkən isə Ç. Hüseynzadə ölkəmizin son illər ərzində bu idman növü üzrə böyük uğurlar əldə etdiyini bildirib: "Azərbaycan güləşçiləri Olimpiya Oyunlarında doqquz medal qazandılar. Bu, bəzi adamları qıcıqlandırır. Deyirlər, "necə oldu ki, Azərbaycan bir idman növündə doqquz medal qazanıb, gəlin bunu araşdıraq!" Konkret bir fikir bildirilmir. Dopinqlə bağlı bu qalmaqal salınıb və davam edir. Bundan sonra necə olacağı isə bilinmir".

"Dopinqi və antidopinqi icad edən Qərb ölkələridir, lakin onların adı nədənsə dopinq tapılan siyahıya düşmür. Ancaq Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər bu kimi ölkələrin adı o siyahıya salınır. Bizim idmançılarımız həmişə yarışdan əvvəl də, sonra da dopinq testindən keçib və təmiz çıxıblar. İndi bilmirəm necə olub, kimsə yeni texnologiya tapıb, yenidən gəlib dopinqi yoxlayır. Heç bir qanunun geriyə tətbiqi yoxdur, ancaq dopinqdə var", — AzMOK yetkilisi qeyd edib.

O, hesab edir ki, dopinqlə bağlı yaxın iki il ərzində çoxlu mübahisələr gedəcək və əvvəl-axır bu məsələ öz həllini tapacaq. Ç. Hüseynzadə onu da qeyd edib ki, Azərbaycan gələn il keçiriləcək İslam oyunlarını böyük oyunlar səviyyəsinə qaldırıb.

"Bu vaxta kimi İslam Oyunlarına dünya idman ictimaiyyəti tərəfindən çox da ciddi maraq yox idi. Bu oyunlar sırf islam ölkələri arasında orta səviyyədə keçirilən oyunlar olurdu. Oyunlara hazırlıq prosesi isə çox qapalı şəkildə və piarsız keçirilirdi. Azərbaycan İslam oyunlarına yeni nəfəs gətirdi. Biz onları digər böyük oyunlar səviyyəsinə, ən azı kontinental oyunlar səviyyəsinə qaldırmağı bacardıq", — vitse-prezident deyib.

O, əlavə edib ki, bu gün artıq bütün dünyada Azərbaycanda IV İslam Oyunlarının hansı səviyyədə keçiriləcəyini bilirlər: "Beynəlxaql federasiyaların və Beynəlxalq Olimpiya Komitəsinin də bu oyunlara dəfələrlə artıb. Mən ümid edirəm ki, Azərbaycanda keçiriləcək İslam oyunları bu oyunların yeni səviyyəsini müəyyənləşdirəcək".

Əlaqədar

İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib
Afrika diktatoru Rio-2016 olimpiyaçılarının hamısını həbs etdirib
Olimpiya çempionu 4 milyon manatlıq villa aldı
Azərbaycan olimpiyaçıları Bakıya döndülər
Azərbaycan idmançısı Olimpiadadakı ədalətsizlikdən danışdı
Azərbaycan Olimpiadada növbəti gümüş medalını qazandı
Lorenzo Sotomayor Olimpiadanın finalında məğlub oldu
Teqlər:
"zika" virusu, dopinq, idman, olimpiada, olimpiya, Çingiz Hüseynzadə

Əsas mövzular