BAKI, 21 iyun — Sputnik. "Cənab Prezident. İlk növbədə, Sizinlə görüşmək mənim üçün böyük şərəfdir. Birincisi, Ermənistanı məğlub edərək və ərazilərinizi geri qaytararaq qazandığınız tarixi Qələbə münasibətilə səmimi qəlbdən təbriklərimi qəbul etməyinizi xahiş edirəm".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvan iyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
"Düşünürəm ki, bu, hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir. Ölkənizə qarşı qərəzliliyə baxmayaraq, Siz ərazi bütövlüyünüzü bərpa etdiniz. Sizi səmimi qəlbdən təbrik edirəm. İkincisi, mən qeyd etmək istərdim ki, 1993-cü ildə dostlarımdan biri Azərbaycana gəlmişdi və o zaman çox məyus olmuşdu. O, ötən il buraya səfər etdi və heyran oldu, dedi ki, görkəmli şəxsiyyət olan atanızın və Sizin rəhbərliyinizlə Azərbaycan son 30 ildə inkişaf edib. O qeyd etdi ki, bunu yüksək qiymətləndirir.
Zati-aliləri, Azərbaycan ilə bizim ortaq tərəfdaşlarımızdan biri də Türkiyədir. Sizin "bir millət, iki dövlət" dediyiniz kimi, Türkiyə bizim də qəlbimizə çox yaxındır. Dünyada ən yaxın əlaqələrimiz Türkiyə ilədir. Hər üç ölkə arasında sıx əlaqələrin olması əməkdaşlığımız üçün hədsiz imkanlar açır. Bizim Azərbaycanda nəzərdən keçirəcəyimiz bir çox imkanlar var, iş adamlarımız buraya səfər edə bilərlər", - general bildirib.
Eləcə də oxuyun:
-
Əliyev: Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq
-
Azərbaycanla Pakistan arasında hərbi aviasiya sahəsində əməkdaşlıq müzakirə olunub
-
Bakıda Azərbaycan və Pakistan hərbçiləri əməliyyat planlaşdırmasını müzakirə ediblər