04:43 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
61721

"Vətəndaşlar özləri məsuliyyətli olsalar, biz də İsveçrədəki kimi aktiv həyat yaşaya bilərik. Baxın, təkcə Bakıda 20 avtomobili saxlasanız, görərsiz ki, 10-u mənasız işlə məşğuldur. Ya görüşə gedən, ya yeyib-içməyə gedənlərdir" - Adil Qeybulla

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Demək olar ki, bütün dünyada koronavirusun yayılması insanlararası münasibətdə bir sədd çəkdi. Sosial izolyasiya tədbirlərinə start verildiyi bir ərəfədə əksər ölkələrdə əl-ələ görüşmək, öpüşmək, qucaqlaşmaq yadırğandı, insanlar arasında sosial məsafələr yarandı. Əlcək və maska asılılığı formalaşdı. Başqa vərdişlər də yarandı: insanlar asqırarkən əllərini ağızlarına tutmağı, xüsusən də ictimai nəqliyyatdan tez-tez istifadədən sonra, hətta gündəlik həyatda da spirtdən tez-tez istifadə etməyi öyrəndilər.

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün hökumət tərəfindən müəyyən addımlar atıldı. Ötən gündən etibarən rayonlarda bir sıra məhdudiyyətlər aradan qalxsa da, paytaxtda bu məhdudiyyətlərin hələ də qüvvədə olduğu müddətdə gündəlik olaraq qarşılaşdığımız mənzərə təkcə Bakıda pandemiya ilə əlaqədar qoyulan tələblərə əməl olunmadığını deməyə əsas verir.

Artıq bir neçə həftədir ki, paytaxtın mərkəzi küçələri istisna olmaqla, qəsəbələrdə nəzarətsizlik hökm sürür. Karantinin ilk başladığı günlərdə qəsəbələrdə polislər gözə dəyirdilərsə, artıq biz bunu görə bilmirik. Karantin rejiminin olmasına baxmayaraq, demək olar ki, şəhərdən kənar qəsəbələrdə məhəllələrin qarşısı doludur. Burada hər yaşdan olan insanları görmək mümkündür: cavan, yaşlı, uşaq və körpələr. Bu şəxslərin maska taxmaması və sosial məsafəni qorumaması isə təhlükə mənbəyinə çevrilə bilər.

Bundan başqa, icaze.e-gov.az-dan qeydiyyatdan keçməklə böyük əksəriyyətin artıq küçələrə çıxması, işə gedib-gəlməsi və buna nəzarətin olmaması da təhlükə yarada biləcək amillər sırasındadır.

Təbii ki, belə bir çətin müddətdə "Bakı Nəqliyyat Agentliyi" tərəfindən atılan addımlar təqdirəlayiq olduğu, sosial məsafənin qorunmasının vacibliyi haqda oturacaqlara elan və çağırış mətnləri qoyulduğu halda, son günlərdə mənzərənin dəyişdiyinin şahidi oluruq. Sosial məsafənin qorunmasının vacib olduğu bir zamanda 31 mart tarixindən etibarən fəaliyyətini dayandıran "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətini əvəzləyən Bakı Nəqliyyat Agentliyinin M nömrəli marşrutlarında sıxlığın yaranması, demək olar ki, sərnişin sayında heç bir məhdudiyyətin olmaması, avtobusun ağzınadək dolu olması müşahidə olunur. Avtobusda bir xəstə şəxsin ola bilmə ehtimalı isə digər sərnişinlər üçün də həyati risk yaradır.

Sıxlıqla bağlı olaraq isə Bakı Nəqliyyat Agentliyi yalnız müntəzəm marşrut xətləri üzrə zolaqların çəkilməsi ilə bağlı təklif verib. Bu barədə ötən gün Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli jurnalistlərə açıqlamasında bildirib: "Avtobuslarda sıxlıq olmasın deyə biz müntəzəm marşrut xətləri üzrə, eləcə də ictimai nəqliyyatın keçdiyi əsas yollar üzrə avtobus zolaqlarının olmasını təklif etmişik. Lakin avtobus dayandığı zaman sürücünün əsas vəzifələrindən biri qəzanın baş vermə ehtimalının qarşısını almaqdır ki, öz günahı ucbatından insanların həyatı riskə düşməsin. Sürücünün dayanaraq vətəndaşlara əlavə məlumat verməsi, qapını açmaması ciddi, xoşagəlməz neqativ hallar yaradır. Təklif edirəm ki, sosial məsuliyyəti qabardaraq bu məsələnin qarşısını alaq. Biz hər avtobusa bir polis əməkdaşı təyin edə bilmərik. Bundan başqa, hər avtobusa bir polis təyin edib, "siz minməyin" də deyə bilmərik".

V.Kərimlinin sözlərinə görə, ölkə rəhbərliyinin tapşırığına əsasən, 300 avtobusdan əlavə 115 xırdatutumlu avtobus sifariş verilib: "Bakıətrafı qəsəbələrdən həddindən artıq çox şikayət və təklif gəldiyi üçün pandemiya dövründən sonra bu məsələni ortadan qaldıracağıq. Sərnişin sıxlığı sırf avtobus çatışmazlığından deyil, avtobusların intervalında yaranan fasilələrlə bağlıdır. Yollarda tıxaclar avtobusların intervalına da çox ciddi təsir edir. Bu da sərnişin sıxlığına səbəb olur".

O bildirib ki, avtobus və sərnişindaşıma sahəsində martın 24-dən indiyədək 21 milyon 652 min sərnişin səyahət edib. Ekspres xətlər üzrə 7 avtobus xətti təmin edilib, 944 min sərnişin daşınıb.

Tibb üzrə ekspert Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında karantin şəraitinin davam etməsinin vacibliyindən söz açıb:

"İnsanlar karantin rejiminin yumşalmasını nəzərə alaraq artıq xəstəliyin olmadığını düşünürlər. Böyük əksəriyyət xəstəliyin olmadığına inanır. Sanki heç bir şey olmamışdı və həyat öncəki kimi davam edir. Əslində ticarət obyektlərində də xüsusi təlimatlar olmalı idi. Bundan başqa, bu cür yerlərdə nə dərəcədə sosial məsafənin gözlənilməsinə, maskadan isitfadə edilib-edilməməsinə də nəzarət etmək lazımdır. Təəssüflər olsun ki, vətəndaş məsuliyyəti də yoxdur. Belə olan halda isə sərt qərarlar olmalıdır. Virus aradan qalxmayanadək karantin şəraiti davam etməlidir".

"Vətəndaşlar özləri məsuliyyətli olsalar, biz də İsveçrədəki kimi aktiv həyat yaşaya bilərik. Baxın, təkcə Bakıda 20 avtomobili saxlasanız, görərsiniz ki, 10-u mənasız işlə məşğuldur. Ya görüşə gedən, ya yeyib-içməyə gedənlərdir. Hazırda işləyən əhali elə də çox deyil. Ümumiyyətlə, sovet dövründən sonra insanlar avaralığa qurşanıblar. Sovet dövründə isə belə idi ki, hər kəs işləyirdi, işləməyən adama pis baxırdılar. Belə şəxslərin cəmiyyətdə də reputasiyası pis olurdu. İndi isə əhalinin bir hissəsi işləmir, günorta 3-də yuxudan durur", - deyə A.Qeybulla bildirib.

O deyir ki, karantin tədbirləri yumşaldılırsa, karantin şərtləri gərək ki, sərt şəkildə qalsın: "Hesab edirəm ki, dövlət özü vətəndaşlara çağırış etməlidir. Çünki ikinci dalğa olarsa, biz bunun təsirini görəcəyik".

Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında metronun açılmasının zəruriliyindən bəhs edib: "Düşünürəm ki, nəqliyyatda daşınma yükünü yalnız avtobusların üzərinə qoymaq daha ciddi fəsadlara yol açacaq. Artıq bununla bağlı olaraq bizə çoxsaylı müraciətlər olub".

Millət vəkili deyir ki, metronun olmaması həm əlavə vaxt itkisinə, həm də bir neçə marşrutun dəyişilməsi ilə insanların cibinə ziyan vurur: "Metro olmadığına görə bir neçə marşrut dəyişən şəxs nəticədə işə gecikir. Təsəvvür edin ki, iş yerlərinin bir qismi açılıb, avtobusdan başqa da ictimai nəqliyyat vasitəsi yoxdur. Avtobus sürücüsü də məcburdur ki, yer oldu-olmadı, işə tələsən adamları avtobusa yığsın".

Avtobusda virus təhlükəsinin ola bilmə ehtimalından danışan F.Mustafanın sözlərinə görə, sürücünün avtobusa minən sərnişinlərdən maska taxmağı tələb etməsi mümkünsüzdür. Həm də bizim cəmiyyətdə müsibətlə başa düşənlərin sayı nəsihətlə başa düşənlərdən qat-qat çox olduğuna görə, bir də gördün, anlayışsız birisi qəlbinə dəyən sözə görə cumub sürücünü yumruqladı".

"Bugünkü müşahidələrimə əsasən deyə bilərəm ki, avtobuslar ağzına qədər dolu idi. Əksəriyyəti də maska taxmayıb. Koronavirusun bundan rahat yayılma şəraiti ola bilərmi? Düşünürəm ki, ilkin olaraq həm metronun, həm də dairəvi hərəkət qatarının fəaliyyətə başlaması zəruridir", - deyə millət vəkili əlavə edib.

F.Mustafa metronun ilk günlərdə fəaliyyəti ilə bağlı təklif də irəli sürür: "Təklif edirəm ki, ilkin olaraq metro səhər saat 08.00-11.00 arası, sonra isə saat 16.00-20.00 arası işləsin. Belə bir addımın atılması işə gedib-gəlmə saatlarının sıxlığını götürmək üçün məqsədəuyğun olardı. Ancaq bir daha vurğulayım ki, heç bir halda maskasız şəxs metroya buraxılmamalıdır. Bu qayda qatarlarda da təmin olunmalıdır".

Millət vəkili artıq apteklərdə maska qıtlığının olmadığını da vurğulayıb.

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların sayı artırılıb>>

Şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev də Sputnik Azərbaycan-a açıqlamasında indiki vəziyyətdə metronun açılmasının çox zəruri olduğunu bildirib: "Belə hesab edirəm ki, gələn həftədən metro açılmalıdır. bunun əksini səhv addım kimi qiymətləndirirəm. Çünki hazırda düşmənimiz qapalı mühit yox, insan sıxlığıdır".

"Əhalinin gediş-gəliş ehtiyaclarını qarşılamaqla yanaşı, avtobusların, stansiyaların və vaqonların daxilində yüksək sıxlığın qarşısını almaq əsas məsələdir. Çünki insanların məhdud məkanda yığılması hazırda ən böyük riksdir. Ona görə məqsəd sərnişinləri yarıboş nəqliyyatda daşımaqdır ki, insanlar arasında müəyyən ara məsafəsi olsun. Bu baxımdan qeyd edim ki, metronu avtobuslarla əvəz etmək olar. Lakin buna görə avtobuslar üçün küçələrdə xüsusi üstünlük olmalı və çox yüksək hərəkət tezliyi olmalıdır. Yəni 18 metrlik avtobusun hərəkəti təxminən bir dəqiqədən bir tıxacsız təmin olunmalıdır. Amma bu da sıxlığın olmamasına təminat vermir", - deyə ekspert əlavə edib.

H.Abdullayev bildirib ki, karantin tədbirləri daha da yumşaldıqdan sonra Bakıda ictimai nəqliyyatla gediş-gəlişə tələbat artacaq, avtobuslarda xüsusən də günün pik saatlarında xüsusi sıxlıq müşahidə ediləcək: "Metro qapalı mühitdir, bu da riskləri artırır. Amma xəstəlik üçün fərqi yoxdur, o, basabas avtobusda da adamdan-adama keçə bilər. Bizə isə hazırda yarıboş nəqliyyat lazımdır. Bakı Metropoliteni məhdud əhatə dairəsi daxilində çox effektivdir və ümumi səfərlərin cəmi 30%-ni təşkil etsə də, öz əhatə dairəsində səfərlərin çoxunu öz üzərinə götürür".

Əlaqədar

Metroya girərkən maska taxmaq məcburi olacaq
Bakıda 1 manatlıq taksilər əvəzlənəcək
Karantin rejimi sərtləşdirilə bilər
Metro mayın 11-dən işə düşür?
Azərbaycanda karantin yumşaldılır: Onlar bu gündən işə başlayır

Əsas mövzular