22:01 19 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8766
Azyaşlı gəlin, arxiv şəkli

Övladlarını hərraca çıxaranlar

© Photo : PUBLIC DOMAİN
CƏMİYYƏT
Qısa URL
18910

Axı bu qədər zənginliyi, müsbət keyfiyyətləri olan xalq gözütox və azad olmalı idi...

BAKI, 11 may — Sputnik. Bu yaxınlarda taksi ilə uzaq yol gedirdim. Sürücü yaşlı kişi idi və aşıq dastanları dinləyirdi. Mən sazın səsini çox sevirəm, amma ilk dəfə idi ki, sazın səsi də, danışılan əhvalat da ətimi tökürdü.

Bir istədim deyəm ki, cənab sürücü, mənim onsuz da yarım kilo çəkim var, arıqlamaq istəmirəm. Lakin səbrimi sıxıb qulaq asdım ki, görüm aşıq aləmində vəziyyət nə yerdədir.

Aşıq əhvalat danışırdı. Canbaxış adlı oğlan bir qıza aşiq olub, anasını elçi göndərir. Ana elçilikdən pərişan qayıdır. Oğlu nə baş verdiyini soruşanda ana deyir ki, dərdimi gərək sazla deyim. Oğlan saz axtarır, amma tapa bilmir. Evə qayıdanda görür ki, anası çömçədən saz düzəldib oxuyur:

"Anan ölsün, ay Canbaxış, qız evi nələr istəyir!?

Beş otaq üzü qibləyə, səkisi mərmər istəyir!

Bu iştahla bunlar belə, qurulu şəhər istəyir!

Yığışdılar bir otağa, hərə bir yerdən danışdı.

Yuxarı baş qurtarmamış, aşağı başdan danışdı.

Qızıl üzük, batman saat, ləldən, daş-qaşdan danışdı.

Saysız ətriyyat qutusu, müşk ilə ənbər istəyir!

Qırx dəst də paltar saydılar, hərəsi bir yerdən gəlsin.

Tufli Çexslovakiyadan, corabı Seyrandan gəlsin.

Yeddi kisə Kuba qəndi, çayı Hindistandan gəlsin.

Min manat pul, otuz qoyun, üç top da məxmər istəyir.

Sonra qızın qardaşları yerbəyerdən əsnədilər.

Bacımız düşən otaqdan, çıxmasın bir səs dedilər.

Ora oğlan adamından getməsin heç kəs dedilər."

Səni qolubağlı bir qul, məni də mehtər istəyir.

İnsanlar
© Sputnik / Murad Orujov

Zavallı Canbaxış anasından soruşur ki, "ay ana, bəs sən nə dedin? Danışmadın?" Ana deyir ki, "danışdım". Yenə alıb sazını, başlayır oxumağa:

"Sonra söz verdilər mənə, astadan söhbət eylədim.

Xeyir iş baş tutsun deyə, hamıya minnət eylədim.

Cavabımı tərs verdilər, mən onlara belə dedim:

Qızınız taxt-tac istəyir, deməyin ki, ər istəyir"

Nə gözəl dastandır bu!? Janrca dastana oxşamasa da, adına dastan dedikləri bu əhvalat mühitimizin çirkabını necə də gözəl əks etdirir! Övladına hərraca çıxardıqları əşya kimi yanaşan ailələrin bütün çirkinlikləri var bu əhvalatda. Təkcə bununla bitirmi? Əlbəttə, yox.

Yazıq Canbaxış aşiq olduğu insanla bir kəlmə belə, kəsməyib. Görüb, bəyənib, elçi göndərib. Elçiliyə Canbaxış yox, onun ailəsi və qohum-əqrəbası gedib. Bu azmış kimi, elçilik mərasimində istənilən qızdan başqa hamı danışıb. Deməli, iki şəxs bir-birini sevir (hərçənd, qızın sevib-sevmədiyi məlum deyil), amma onların yerinə başqaları qərar verirlər. Məgər cəmiyyətimizdə əksər ailələr belə qurulmurmu?

Ailənin istəyi bilik, bacarıq, müsbət insani keyfiyyətlər, ailə qayğıları olsa, dərd yarıdır. Onlara isə bu üstünlüklər maraqlı deyil. Tələb etdikləri mal-mülkdür. Var-dövlət yoxdursa, qız da yoxdur. Kim daha çox var-dövlət vəd etsə, qızı ona verəcəklər. Bu ki, açıq-aşkar insanı hərraca qoymaqdır! Cəfər Cabbarlı bunu bir əsr əvvəl özünün "Aydın" əsərində təsvir etmişdi.

Bəs hanı bizim doqquz iqlimlik zənginliyimiz? Bəs hanı bizim ağ-qara qızıllarımız? Bəs hanı bizim üstün bəşəri fikirlərimiz? Bəs hanı bizim milli-mənəvi dəyərlərimiz? Bəs hanı bizim çiçəklənən azadlığımız? Axı bu qədər zənginliyi, müsbət keyfiyyətləri olan xalq gözütox və azad olmalı idi! Öz övladını, ümumiyyətlə, bir insanı hərraca çıxaracaq qədər vəhşi, acgöz mühitin xalq yaradıcılığı da bu dastan qədər olar!

Avropada miqrant
© AFP 2019 / ANDREJ ISAKOVIC

Adına azad yaradıcılıq deyib, keçmək olmaz. Üz qarasıdır. Alın ləkəsidir. Elə böyük ayıbdır ki, bütün üstünlüklər də bunun kölgəsində qalar.

Ayıb olan təkcə Canbaxışın qayınanasının istəkləri deyil. Ayıb olan həm də odur ki, Canbaxışın qayınanalarından bizdə minlərlə var. Ayıb olan odur ki, Canbaxışlar hələ də öz sevdikləri insanla öz istəkləri daxilində ailə qura bilmirlər. Ayıb olan odur ki, elə bütün yaradıcılıq məhsullarımız da bu cür sarsaq adətlərin içində qalıb. Nə qədər ki, bu ayıblar bitməz, yaradıcılıq məhsullarımız da bu çərçivədən çıxa bilməz. Elə bu yazı kimi.

Xatırlayırsınız da:

- Aşıq, Şəkər bəy bunun beşiyinin başında sənə nə çaldırardı?

- "Yanıq Kərəmi", bəy.

- Çal, aşıq! Ağa, bəy havasıdır!

- Çal, aşıq, çal! Komsomolun canı it canıymış!

- O bircə qağanın qəbrinə and verirəm səni, Kələntər dayı, ürəyimi nişan al, ağrıdır axı!

"Yeddi oğul istərəm" filmindəki bu möhtəşəm dialoqun gücü mənasında olduğu qədər də orada çalınan saz havasındadır. "Komsomolun canı it canıymış!" Təkcə komsomolun? Min əzabla canı çıxmayan o qədər komsomollar var ki… Bir ürəyimizi nişan alan da yoxdur ki, bu ağrılardan qurtulaq!

Əlaqədar

Bakılı gənc sevgilisini çox istədiyindən bıçaqladı
"Yadıma gəlmir ki, hansısa əsgər kiminləsə sevgi yaşasın"
Hitlerin sevgilisinin gizli albomu tapıldı
Ailə cinayətinin arxasından “cin” çıxdı
3 uşağı olan ailəyə hər ay 450 manat ödəniləcək
Hamilə rus qadın ailəsini vətəninə qaytarmağı xahiş edir
Teqlər:
istəyir, elçi, aşiq, Canbaxış, dastan, valideyn, saz, aşıq, taksi, qız, ana, sürücü

Əsas mövzular