BAKI, 18 yan — Sputnik. Yəqin hamınız oxumusunuz: İngiltərənin məşhur yazıçısı Corc Oruellin "Heyvanıstan" adlı əsəri var. Müəllif bu əsərdə SSRİ-nin ümumiləşdirilmiş obrazını yaradıb. Elə buna görə də "Heyvanıstan" ittifaqda qadağan edilmişdi və yalnız SSRİ tarixə qovuşduqdan sonra həmin ölkələrdə çap olunmuşdu.
"Heyvanıstan" romanında Sovet İttifaqı, heyvanların yaşayışında ustalıqla şifrələnib. Heyvanıstanın rəhbəri olan donuz Napoleonun prototipidir. Qoca Mayorun isə Lenin (ya da Karl Marks) olduğunu düşünə bilərik. Burada Napoleonun heyvanlara qarşı məhkəməsi repressiyaya, ona üsyan edən dörd donuz isə repressiyaya məruz qalan bolşeviklərə işarədir.
Pincfild ferması Almaniyanın, mister Frederik isə Adolf Hitlerin obrazıdır. Pincfild fermasının Heyvanıstana hücumu ilə İkinci Dünya Müharibəsi nəzərdə tutulur.
Foksvud fermasının sahibi mister Pilkinqton Qərbin siyasi liderlərinin ümumiləşdirilmiş obrazıdır. Müəllif Heyvanıstanın rəhbəri olan Napoleon və mister Pilkinqtonun kart oyunu zamanı tuz çıxarmaları ilə SSRİ və Qərb arasındakı müharibənin heç vaxt səngiməyəcəyini göstərmək istəyirdi.
Əsərdə bütün qalmaqallardan uzaq qalan, heç bir işə qarışmayan uzunqulaq Bencamin yəhudilərin, heyvanlara nağıllar danışan qarğa isə ortodoks kilsənin ümumiləşdirilmiş obrazıdır. Hərçənd, bir oxucu kimi yəhudilər məsələsində müəlliflə razı deyiləm. Dünyada demək olar ki, hər işə qarışan, dünyaya saysız-hesabsız dahilər verən, dünyanın taleyini dəyişə biləcək qədər qüdrətli olan yəhudiləri uzunqulaq Bencamin kimi göstərmək cəhdi müəllifin bu müdrik xalqa şəxsi qərəzindən doğula bilərdi.
Sovet ziyalılarını ağ keçi Mürielin timsalında göstərən müəllif digər ümumiləşdirmələrdə də özünün alleqoriya məharitini sərgiləyib. Corc Oruell "Heyvanıstan" əsərində qolçomaqları toyuqların, gizli xidmət orqanlarını Napoleonun itlərinin, xalqı qoyunların timsalında göstərib. Ən əsası isə donuzların istəyi ilə hər dəfə dəyişdirilən yeddi əsas qanunla Sovet İttifaqında siyasi liderlərin tələbinə uyğun dəyişdirilən konstitusiyaya işarə edib.
Bütün bunları daha dərindən öyrənmək və anlamaq üçün sözügedən əsəri oxumaq, hətta dəfələrlə oxumaq lazımdır. Ümumiyyətlə, bu əsər hər bir insanın stolüstü kitabına çevrilməsi gərəkən əsərdir. Bu uzun izahların əsas mahiyyəti isə sizə Corc Oruelli və onun kitablarını reklam etmək deyil.
"Heyvanıstan" heyvanları ilə kodlaşdırılan insanlar bu gün də dünyanın bütün ölkələrində var. Bunun üçün əsəri oxuduqdan sonra günümüzdə baş verən müharibələri, elmi-texniki və mədəni inqilabları, siyasi iğtişaşları, dini ixtilafları, İraqın, Suriyanın taleyini, Türkiyədə baş verən terror aktlarını, Qafqazın qalmaqallarını, Mərkəzi Asiyanının dərin yuxusunu, Şərqi Avropanın və Baltikyanı ölkələrin həzin sükutunu gözlərinizin önündə canlandırmağınız kifayətdir.
"Heyvanıstan" əsəri ilə Sovet rejiminə üsyan edən Corc Oruell 25 iyun 1903-cü ildə doğulub və 21 yanvar 1950-ci ildə vəfat edib. 21 yanvar… Bu tarix sizə başqa nəyi xatırladır? Əlbəttə, SSRİ-nin qurucusu olan Vladimir Leninin ölümünü. Taleyin ironiyası: SSRİ-ə üsyan edən Corc Oruell SSRİ-nin qurucusu ilə eyni gündə vəfat edir. Nə deyək!? Tanrı hər ikisinə rəhmət etsin!
Bir də ki, 21 yanvarda Azərbaycan üçün də bir Corc Oruell doğulsaydı, əla olardı. Axı bizim ədəbiyyatın da belə bir dahiyə mütləq ehtiyacı var.