BAKI, 25 iyun — Sputnik. Tibbi Ərazi Bölmələrinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, həkim-infeksionist Nəzrin Mustafayeva Azərbaycanda daimi yaşamaq və işləmək icazəsi olan xarici vətəndaşların necə və harada vaksin olunmasını açıqlayıb. O bildirib ki, Azərbaycanda daimi yaşamaq və işləmək icazəsi olan xarici vətəndaşlar da ölkəmizdə peyvənd oluna bilərlər. N.Mustafayeva əlavə edib ki, xarici vətəndaşlara da eyni şərtlər tətbiq edilir. Onların da vaksin seçim imkanları var.
Nəzrin Mustafayeva koronavirus əleyhinə vaksinin 1-ci dozasını xaricdə vurduran, 2-ci dozası üçün Azərbaycanda müraciət edənlərlə bağlı məqama da aydınlıq gətirib. O bildirib ki, xarici ölkələrdə yoluxub sağalmış və immun sertitifikatı almış, istərsə də birinci dozanı xaricdə vurduran, ikinci dozanı bizim ölkədə vurdurmaq istəyən şəxslərlə bağlı müzakirələr davam edir:
"Müvafiq qurumlar - Xarici İşlər Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən sənədlərin qarşılıqlı tanınması ilə bağlı müzakirələr aparılır. Yaxın zamanlarda bu haqda qərar qəbul olunacağını gözləyirik. Təbii olaraq, qərar barədə ictimaiyyətə məlumat veriləcək", - deyə N.Mustafayeva bildirib.
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada öncə Çinin SinoVac şirkətinin peyvəndindən istifadə olunurdusa, hazırda AstraZeneca, Pfizer və Sputnik-V vaksinləri də vurulur. Vaksin seçmək və vurdurmaq könüllülük prinsipi ilədir.
Eləcə də oxuyun:
Vaksinasiya prosesi epidemioloji vəziyyətə təsir edə biləcəkmi?- həkim şərhi
Koronavirusa qarşı hansı vaksini vurdurmaq daha yaxşıdır? Mütəxəssisdən faydalı fikirlər
Bu şəxslər vaksinasiyadan azaddırlar
Azərbaycan vaksinasiyada MDB lideridir