22:06 31 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
847 0 0

Gələcəkdə həmin virus və ya bakteriya ilə bədən rastlaşarsa, immun sisteminiz artıq onlarla necə mübarizə aparacağını biləcək.

BAKI, 14 iyun — Sputnik. Azərbaycan vətəndaşları hazırda ölkədə tətbiq olunan 4 peyvənddən istədiyini seçə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə deyib. Onun ölkəmizdə tətbiq olunan peyvəndlər barədə müsahibəsini təqdim edirik:

- Hazırda ölkəmizdə hansı peyvəndlər tətbiq olunur?

- Hazırda ölkəmizdə Çinin "Sinovac Biotech" (SVA.O) şirkəti tərəfindən istehsal olunan COVID-19-a qarşı "CoronaVac" peyvəndi, Oksford Universitetində İngiltərə və İsveç alimləri tərəfindən yaradılan "AztraZeneca" (Vaxzevria), Rusiyanın Qamaleya Universitetində yaradılan "Sputnik V" və "Pfizer" – Almaniya biotexnologiya şirkəti "BioNTech" tərəfindən Amerika Pfizer və Çinli Fosun Pharma ilə birlikdə hazırlanmış COVID-19 əleyhinə mRNT əsaslı peyvəndlər istifadə olunur.

- Ölkəmizdə 4 peyvəndin tətbiqi davam etdirilir. Bu vaksinlər bir-birindən nə ilə fərqlənir?

- Peyvənd öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadi cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Peyvənd immun sisteminizə müəyyən xəstəliklərə qarşı immun reaksiyasını canlandıraraq infeksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Gələcəkdə həmin virus və ya bakteriya ilə bədən rastlaşarsa, immun sisteminiz artıq onlarla necə mübarizə aparacağını biləcək.

- Dünyada peyvəndlənməyə iki cür yanaşma mövcuddur - GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı da bunu təsdiq edir. Bu haqda nə deyə bilərsiz? 

- Canlı zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. Canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar adətən xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv vaksinlər də bəzən soyuq mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar.

"Sinovac" şirkətinin "CoronaVac" vaksini daha "ənənəvi" üsulla hazırlanan inaktiv peyvənddir, çox peyvəndlərdə istifadə olunan və sübut olunan texnologiyadır. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir, yəni əsas komponenti canlı olmayan virus hüceyrəsidir, xəstəliyə səbəb ola bilməz, ancaq immunitet reaksiyasını yaradır. Şirkət vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan COVID-19 xəstələrindən nümunələr götürüb. "CoronaVac" iki dozalı peyvənddir, bütün məlum olan vaksinlər kimi.

Braziliyalı alimlər "Sinovac" vaksininin müalicəyə ehtiyac olan və yüngül keçirilən hallarda 78 faiz, orta və ağır hallarda 100 faiz təsirli olduğunu, ümumilikdə orta hesabla 50.4 faiz effektiv olduğunu bildiriblər.

- Azərbaycan hökuməti tərəfindən COVAX platformasının dəstəyi ilə AstraZeneca-SKBio (Cənubi Koreya) tərəfindən istehsal olunan "AstraZeneca" vaksini də ölkəmizdə tətbiq edilir. Onun üstünlüyü nədədir?

- Aparılan genişmiqyaslı sınaqlar göstərib ki, o, COVID-19 virusunun geniş yayılmasının qarşısının alınmasında yüksək dərəcədə təsirlidir. Bəzi məlumatlar onun 70 faiz effektiv olduğunu bildirsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər. Vaksin vektor üsulu ilə hazırlanıb. Bu üsul yenilik deyil, vektor üsulu ilə vaksinlərin tətbiqi 1990-cı illərdə başlanıb. Orqanizm xarici bir zülalla təmasdan sonra virusa qarşı anticismlər istehsal etməyə başlayır. Peyvəndi adi məişət soyuducularında müvafiq temperaturlarda sabit saxlamaq olar və iki dozalıdır.

"Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri – standart soyuducuda 2-8 dərəcədə saxlanılmasının mümkünlüyüdür. "Oxford-AstraZeneca " peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, "Pfizer" peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur. Bu o deməkdir ki, həm "Sinovac", həm də "Oxford-AstraZeneca" peyvəndi bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir.

- Bəs Rusiya istehsalı olan "Sputnik V"? Onun haqqında nə demək olar? 

- Rusiyanın "Sputnik V" vaksini insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən vaksinlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır.

Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız "Sputnik V" iki müxtəlif vektor texnologiyasına malikdir. Kliniki sınaqların nəticəsi olaraq "Sputnik V" yüksək effektivlik – 91.6%, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Elmi sınaqların nəticəsi olaraq açıqlamada qeyd olunub ki, "Sputnik V" peyvəndi ağır xəstəlik hallarına qarşı tam qorunmanı təmin edir və yeniləri də daxil olmaqla koronavirusun bilinən bütün variantlarına qarşı eyni dərəcədə təsirlidir.

"Pfizer-BioNTech" peyvəndinin hazırlanmasında mRNT olan lipid örtüklü nanohissəciklər istifadə olunub. Peyvəndlərin ənənəvi hazırlanan texnologiyalardan fərqli olaraq, "Pfizer" mənfi 70 dərəcədə saxlanılmalıdır. Bunun üçün xüsusi avadanlıq lazımdır. "Pfizer-BioNTech" vaksininin qoruyucu təsiri ilk dozadan 12 gün sonra inkişaf etməyə başlayır.

- "İki doza" tələbi koronavirusa qarşı mövcud olan bütün vaksinlər üçün xarakterikdir?

- "İki doza" tələbi Azərbaycanda tətbiq olunan bütün vaksinlərə ("CoronaVac", "AstraZeneca", "Sputnik V" və "Pfizer") aid edilir. Azərbaycan peyvəndləməyə başlayan ilk ölkələrdən biridir. Artıq ölkəmizdə 18 yaşdan yuxarı heç bir məhdudiyyət yoxdur, hər kəs peyvənd oluna bilər. Seçimə gəldikdə isə, vətəndaşın öz seçimidir. Vətəndaşlarımız hazırda ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiyini seçə bilər.

Yanvar ayından başlanan peyvəndləmə prosesinə ilk günlər insanlar şübhə ilə yanaşsalar da, bu gün artıq hər kəs anlayır ki, istənilən vaksinin yeganə məqsədi – xəstəliyə qarşı orqanizmdə immunitet yaratmaqdır. Bu da COVID-19 virusunun səbəb olduğu və yaratdığı xəstəlikdən yeganə müdafiə yoludur.

Azərbaycanda vaksinasiya ilə bağlı son rəqəmlər

Azərbaycanda bu gün 322 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 247, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 75 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 775 641-dir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 811 104, ikinci mərhələ üzrə isə 964 537 nəfər təşkil edir.

Teqlər:
Sputnik-V peyvəndi, COVID-19 pasportu, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular