14:26 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
240 0 0

Onlarla "Abrams" tankı, "Bradley" piyadanın döyüş maşını, zirehli avtomobillər Litvanın Pabrade poliqonuna gəlib. Bundan bir müddət əvvəl isə amerikalılar Litvaya "Apache" və "Black Hawk" helikopterlərini göndəriblər.

BAKI, 15 sentyabr — Sputnik, Nikolay Protopopov. Yerüstü qoşunlar, bombardmançılar, qırıcılar və donanmanın zərbə qrupları — Pentaqon və NATO Belarus sərhədlərində yenidən fəallaşıblar. Bu günlərdə ABŞ-ın tank batalyonu "Atlantik Qətiyyət" (Atlantic Resolve) təlimlərində iştirak etmək üçün Litvaya gəlib. Rusiya Qərbin strateji aviasiya və hava kəşfiyyat vasitələrinin uçuşlarını getdikcə daha çox qeydə alır. Bu nə ilə bağlıdır? Cavabı RİA Novosti-nin materialında.

Baltikyanı "dostlar"

Onlarla "Abrams" tankı, "Bradley" piyadanın döyüş maşını (PDM), zirehli avtomobillər – Pabrade poliqonuna əsl mini ordu gəlib. Bundan bir müddət əvvəl isə amerikalılar Litvaya aviasiyanı – "Apache" və "Black Hawk" helikopterlərini göndəriblər.

Belarus Müdafiə Nazirliyinin məlumatına görə, onun sərhədlərindən cəmi 15 kilometr məsafədə olan poliqona beş yüz hərbçi, 29 tank və 43 PDM gəlib.

Litva hakimiyyəti amerikalıların litvalı hərbçilərlə birgə təlim tapşırıqlarını həyata keçirdiklərini izah edib. Manevrlər plan üzrə həyata keçirilir və üçüncü ölkələrə qarşı nəzərdə tutulmayıb. Qeyd etmək lazımdır ki, Vilnüs amerikalılardan Litva poliqonlarında təlimləri mümkün qədər tez-tez keçirməyi xahiş edir. Okeanın o tayından gələn müttəfiqlərin rahatlığının təmin olunması isə hökumətin prioritet vəzifələrindən biri olub.

"Amerika qoşunlarının "Atlantik Qətiyyət" adlı rotasiya proqramı hələ Ağ Evin əvvəlki sahibinin dövründə başlayıb. O, Belarusdakı hadisələrlə birbaşa əlaqəli deyil", – "Valday" analitik klubunun hərbi eksperti Artyom Kureyev RİA Novosti ilə söhbətində bildirib.

"Bununla yanaşı, koronavirus pandemiyasına rəğmən, amerikalı hərbçilər rotasiya qrafikinə ciddi əməl edir və planlı manevrləri ləğv etmir", – o deyib.

Xatırladaq ki, "Atlantik Qətiyyət" ideyası 2014-cü ildə yaranıb. Amerikalılar "Rusiya təcavüzü" bəhanəsi ilə qoşunlarını Avropanın müxtəlif ölkələrində yerləşdirir və tədricən onların sayını artırırlar.

Qeyri-sağlam fəaliyyət

Ekspertlərin qiymətləndirməsinə görə, NATO 2014-cü ildən bəri Rusiya sərhədlərində hərbi fəallığını iki dəfə artırıb. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, Şimali Atlantika Alyansı soyuq müharibə dövrünün qarşıdurmasına qayıtmaq istəyir: NATO hərbi infrastrukturunu inkişaf etdirir və Şərqi Avropada raket əleyhinə müdafiə sistemini yerləşdirməyə davam edir.

"NATO-nun Baltikyanı ölkələrdəki qruplaşması dəqiq kiçilməyəcək", - Kureyev əmindir. O bildirib ki, bu dövlətlərin elitalarına ABŞ-la əməkdaşlıq lazımdır.

Almaniyadan fərqli olaraq, Latviya, Estoniya və Litva özləri özgə ordunu yedirməyə — Amerika qoşunlarının infrastrukturuna və yerləşdirilməsinə əhəmiyyətli xərcləri üzərilərinə götürməyə hazırdırlar.

ABŞ hərbçilərinin Avropada müntəzəm hərəkəti artıq adi bir haldır. Pentaqonun Şərqi Avropada ən böyük plasdarmı Polşada yerləşir. İndi burada 4500 hərbi qulluqçu var. Tezliklə daha min nəfər göndəriləcək.

Vaşinqton və Varşava geniş hərbi əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənədə əsasən, Polşada ABŞ Silahlı Qüvvələrinin komanda-qərargah strukturu təkmilləşəcək, döyüş hazırlığı mərkəzləri formalaşdırılacaq, ordu və nəqliyyat aviasiyası bölmələrinin, həmçinin xüsusi əməliyyat qüvvələrinin yerləşdirilməsi üçün əlverişli şərait yaradılacaq.

Bununla yanaşı, ABŞ 1997-ci ilin Rusiya-NATO Aktının müddəalarından məharətlə yan keçir. Bu sənədə əsasən, alyans böyük sayda qüvvəni şərq sərhədlərində daimi olaraq yerləşdirməməyi öhdəsinə götürüb.

Rusiyanı "qorxutmaq" üçün Avropaya onlarla təyyarə və helikopter göndərilib. Belə ki, Polşada F-16 döyüş təyyarələrini və C-17 "Hercules" nəqliyyat təyyarələrini yerləşdiriblər. Baltikyanı ölkələrin və Baltik dənizinin akvatoriyası üzərində patrul aparılması üçün vaxtaşırı döyüş təyyarələri Litvaya göndərilir. Güc nümayişi üçün Pentaqon zaman-zaman müttəfiqlərinin aerodromlarına F-35 "Lightning" və F-22 "Raptor" beşinci nəsil "görünməz" döyüş təyyarələrini də göndərir. Polşada isə MQ-9 "Reaper" pilotsuz kəşfiyyat-zərbə aparatlarının eskadrilyası yaradılıb.

Əzələ nümayişi

Avropada ABŞ-ın strateji aviasiyası da fəaliyyət göstərir. Belə ki, avqustun sonlarında üç ədəd B-52H bombardmançısı Kalininqrad vilayətinə qanadlı raketlərlə zərbələri məşq ediblər. Bombardmançılar Britaniyadakı Fairford hava bazasından çıxaraq Niderland, Almaniya və Polşa üzərindən Estoniyanın Tapa poliqonuna uçublar və Rusiya ərazisindəki obyektlərə şərti zərbələr endiriblər.

Sentyabrın əvvəlində isə B-52H bombardmançıları Ukrayna üzərində uçublar. Bu təyyarələr ilk dəfə Ukraynanın hava məkanına daxil olub – Ukrayna qırıcılarının müşayiəti ilə üç bombardmançı ölkənin qərb sərhədindən Azov dənizinədək və geriyə uçub.

Rusiyanın Aerokosmik Qüvvələrinin Baş Komandanı Sergey Surovikinin sözlərinə görə, yalnız bir həftə ərzində — avqustun 28-dən sentyabrın 4-dək – ABŞ bombardmançıları Qərbi və Şərqi Avropanın hava məkanında on dəfə tək və qrup şəklində uçuşlar həyata keçirib. Bundan başqa, onlarla kəşfiyyat təyyarəsi hər həftə Rusiyanın sərhədləri boyunca uçur — Rusiya qırıcıları onların qarşısını kəsmək üçün gündə bir neçə dəfə havaya qalxmağa məcbur olur.

Amma Kureyev qeyd edir ki, Çindən fərqli olaraq, Rusiya bunları daha sakit qəbul edir və planlı təlimlərlə cavab verir.

"Məsələn, Pekin buna son dərəcə əsəbi reaksiya verir, dərhal öz hərbi qüdrətini nümayiş etdirməyə çalışır", – ekspert qeyd edib.

Birləşmiş Ştatlar su məkanını da diqqətdən kənarda qoymur. Onların gəmiləri tez-tez "qonaq gəlirlər" – özü də yalnız Qara dənizə deyil. Yayın sonunda Norveç sahillərinə "USS Seawolf" atom sualtı qayığı göndərilib. Bundan bir qədər əvvəl isə NATO gəmiləri Şimali Atlantikada, İslandiya sahillərinin yaxınlığında təlimlər keçiblər.

Mayda Amerika donanması 30 ildə ilk dəfə olaraq Barents dənizinə daxil olub. "Porter", "Donald Kuk" və "Franklin Ruzvelt" gəmilərinin, həmçinin Britaniyanın "Kent" freqatının ekipajları mürəkkəb iqlim şəraitində fəaliyyəti məşq ediblər.

Bütün bunlar nəinki alyansın Şimalda hərbi potensialını gücləndirmək cəhdlərini, həm də Rusiya donanmasının və xüsusilə Şimal donanmasının gücünün artdığını göstərir. Çünki soyuq müharibə və SSRİ-nin süqutundan sonra ABŞ Rusiya donanmasını ciddi düşmən kimi qiymətləndirmirdi. İndi isə amerikalılar onunla hesablaşmalıdırlar.

Teqlər:
"Valday" klub fondu, Sergey Şoyqu, Rusiya, Ağ Ev, texnika, hərbi, silahlı, helikopter, Belarus, Litva, Amerika, ABŞ

Əsas mövzular