CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Hard talk", distant təhsil, "Google map" və təklənən Ağ Ev

© AFP 2024 / NICHOLAS KAMMСтивен Сакур, фото из архива
Стивен Сакур, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zəif ingilis dili və səbatsızlığı ilə digər cavabları zamanı da Paşinyan özünü təkcə beynəlxalq ictimaiyyətə güldürmədi, həm də daxili auditoriya qarşısında vəziyyətini ağırlaşdırdı.

7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Çox hard

Ötən həftənin ən çox müzakirə olunan mövzusu Ermənistanın baş naziri Nikol Paşinyanın BBC-nin "Hard talk" verilişinə müsahibəsi idi. Müsahibə boyu aparıcının arqument dolu sualları qarşısında çırpınan Paşinyan sərsəmləmələri ilə özünü faktiki labirintə saldı. Baş nazir etiraf etdi ki, münaqişə başlanan zaman Dağlıq Qarabağ əhalisinin 18 faizi erməni olub. Zəif ingilis dili və səbatsızlığı ilə digər cavabları zamanı da Paşinyan özünü təkcə beynəlxalq ictimaiyyətə güldürmədi, həm də daxili auditoriya qarşısında vəziyyətini ağırlaşdırdı. İndi ona qarşı daxildə BBC-nin aparıcısından da daha qəddar olacaqlar...

Regional təhlükəsizlik

Ötən həftə regionun təhlükəsizliyi ilə bağlı narahatlıqlar artdı. Rusiyanın Ermənistana silah göndərməsi faktı rəsmi Bakının açıq etirazı ilə qarşılandı. Bəli, işğalçının silahlandırması Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə mane olmaqla yanaşı, Kremlin vasitəçilik missiyasına da kölgə salır.

Türkiyə və Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlığının yeni fazaya daxil olması isə ölkəmizin təhlükəsizliyi baxımından əhəmiyyətlidir.

Bu gün regionda hərbi ritorikanın önə çıxmasının tək günahkarı isə Ermənistandır. İşğal etdiyi torpaqları azad etməməklə bu dövlət təkcə özünü risk altında qoymur, inkişafdan saxlamır, həm də bölgənin təhlükəsizliyi üçün "barıt çəlləyi" olaraq qalmaqda davam edir.

Məktəb olacaqmı?

Ali məktəbələrə qəbul imtahanları keçirildi. Təhsilin hansı formada davam etdiriləcəyi də həftənin müzakirə mövzuları sırasında idi – ancaq ona aydınlıq gəlmədi, çünki yekdil qərar hələ ki, yoxdur.

Təhsil onlayn formada davam etsə, biz buna hazırıqmı? Yəqin ki, yox! Distant təhsil çoxtərəfli təhsil formasıdır. Onun keyfiyyətli təşkili məktəblərin maddi-texniki bazasından, müəllimin və şagirdin (və ya tələbənin) texnoloji biliklərindən, eləcə də tərəflərin keyfiyyətli internetə çıxış imkanlarından asılıdır. Bütün bunlar isə təəssüf ki, yetərincə mövcud deyil. Faktdır ki, bəzi müəllimlər komputeri heç açıb-yandıra bilmir, şagirdlər dərsdən yayınmağa bəhanə axtarır, valideyn məsuliyyəti bölüşməyə can atmır və s.

Amma bəlkə də ənənəvi təhsildən uzalaşmağın əsl vaxtıdır. "Kiçik yaşlarımdan məktəbə getməli oldum deyə, təhsilimə ara verdim" - Bernard Şounun məşhur bir replikasında deyilir.

Keçmiş prokuror məhkəmə qarşısında

Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri, sabiq Baş prokuror Eldar Həsənov saxlanıldı, məhkəmə onun barəsində həbs qərarı çıxardı. Məlumata görə, maliyyə yoxlamaları zamanı E.Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsi müəyyən edilib.

Bundan bir neçə gün sonra isə Baş nazirin sabiq birinci müavini Abbas Abbasov həbsi barədə bəzi saytlarda məlumat yayıldı. Fakt təsdiqini tapmasa da, kifayət qədər müzakirə edildi.

A.Abbasovu son illərdə Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı, "Milyarderlər ittifaqı"ilə xatırlayırıq. Hansı ki, bu təşkilat Azərbaycanda siyasi hakimiyyətin dəyişdirilməsi planları üzərində səylə işləyirdi, amma sonda bu sevda, gözlənildiyi kimi, daşa dəydi...

ABŞ nüvəsi sülhməramlıdır?!

ABŞ-ın İrana silah embarqosunun uzadılması barədə qanun layihəsini BMT Təhlükəsizlik Şurası qəbul etmədi. Xatırladaq ki, nüvə sazişinin şərtlərinə görə, İrana silah idxalına qoyulan məhdudiyyət oktyabrın 18-də başa çatır.

Belə görünür ki, beynəlxalq siyasi münasibətləri yeni dizayn alır. Xüsusilə Avropanın ABŞ-la münasibətlərində soyuq meh hiss olunur. Əksinə, Avropanın Çin-Rusiya qütbünə yaxınlaşdığını söyləmək olar. Ekspertlər Ağ Evin BMT Təhlükəsizlik Şurasında təkləndiyini qeyd edirlər.

Və əsas sual: nəyə görə ABŞ özü nüvə silahına malik olmalıdır, ancaq İran yox?! Sual ritorikdir, cavab tələb olunmur.

Hakobyanın həqiqəti

Erməni baş nazirin arvadı Anna Hakobyan işğal altında olan Davidvəng abidəsindən paylaşım edib. Hakobyan guya Ermənistana məxsus belə bir abidə olduğunu göstərməyə çalışıb. Ancaq di gəl ki, "Google Map" onu ifşa edib – paylaşımda ərazini işarələyən zaman ünvan olaraq Azərbaycan göstərilib. Beləliklə, o da öz paylaşımı ilə bir daha təsdiqləyib ki, ora tarixi Azərbaycan ərazisidir. Belə görünür ki, ər-arvad öz səbatsızlıqları ilə Azərbaycanın haqlı mövqeyini bir qədər də gücləndirirlər.

Sürət həddi

Həftəsonu hər 3 xəbərdən biri yol qəzaları ilə bağlı idi. Əksəri isə "Mercedes" və "Jiquli"lərin öz ölçülərinə adekvat olmayan daşıyıcılarla toqquşması ilə baş verib. Samuxda "Mercedes" minik avtomobili ilə kombayn maşını toqquşdu, qəza nəticəsində biri polis əməkdaşı olmaqla 2 nəfər həyatını itirdi. Yenə Samuxda günabaxan plantasiyalarında işləyənləri daşıyan mikroavtobus aşıb. "Mercedes" markalı mikroavtobus hərəkətdə olan zaman önünə çıxan uzunqulağa quşulmuş qoşquya çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.Hadisə nəticəsində mikroavtobusda olan 11 nəfər xəsarət alıb.

Sumqayıt şəhərində isə "Mercedes" markalı minik avtomobili və "İkarus" avtobusu ilə toqquşub, bir nəfər həlak olub.

Bərdədə isə "VAZ 21 07" markalı avtomobillə qarşıdan gələn "Jeep" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ 2107" markalı avtomobildə olan xanım sərnişin avtomobilin on şüşəsindən çıxaraq yol kənarında səkiyə çırpılıb. Masallıda isə "VAZ 21011" markalı avtomobil iki "KamAZ" arasındakı qoşquya çırpılıb. Nəticədə 2 sərnişin hadisə yerində vəfat edib.

Bu həftənin yalnız sonunda baş verən hadisələrdən bir neçəsidir. Yol qəzalarının əksəriyyətinin baş vermə səbəblərini təhlil etsək, görəcəyik ki, onlar sürət həddinin aşılması üzündən baş verib. Gəlin, unutmayaq, "sürət həyatda inkişaf, yolda təhlükədir!"

P.S. Yox, yox, qəti səni unutmadıq, koronavirus! Bu həftə dünyada virusa yoluxanların sayı 21 milyon 630 mini ötdü.

Xəbər lenti
0