05:22 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
48 0 0

"Tax free" niyə bütün sərhəd buraxılış məntəqələrində olmalıdır?

BAKI, 8 avq-Sputnik. "Sərəncamda nəzərdə tutulur ki, Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə ölkə ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ("Tax free") sistemi hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunsun."

Turistlər. Arxiv şəkli
© Sputnik / Sergey Mamontov
İqtisadçı-ekspert Qalib Toğrul bunu "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını şərh edərkən deyib. 

Ekspertin sözlərinə görə, biz "Tax free" məsələsində gecikmişik:

"Bu, əcnəbi turistləri cəlb etmək üçün bütün dünyada istifadə olunan çox populyar alətdir."

Hazırda sistemin ilkin olaraq hava limanında qurulduğunu xatırladan ekspert bildirib ki, prezident iyulun 12-də «Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası»nı təsdiq edib. Qaydaya görə, sistemin operatoru Vergilər Nazirliyidir. Proqram təminatını, xidməti, müvafiq sistemlərin inteqrasiyasını o həyata keçirəcək.

Qalib Toğrulun sözlərinə görə, ƏDV-nin qaytarılması bütün mağazalardan alınan mallara şamil edilmir. Yalnız Vergilər Nazirliyindən "Tax free" stikeri alan, yəni bu fəaliyyəti həyata keçirmək üçün nazirlikdə qeydiyyatdan keçən pərakəndə satış müəssisəsi müvafiq xidməti göstərə bilər. Belə müəssisənin vergi borcu olmamalı, kassası və post-terminalı olmalıdır.

"Əcnəbi turist əgər ölkəni tərk edərkən ödədiyi ƏDV-ni geri almaq istəyirsə, mütləq malı aldığı yerdən 2 nüsxədə elektron vergi hesab fakturası (VHF) götürməlidir. Onu ölkədən çıxarkən gömrük orqanına təqdim edib, pulunu geri almalıdır. VHF-in biri gömrükdə, digəri turistdə qalır. Bir VHF-dəki məbləğ ən azı 300 manat (ƏDV ilə birlikdə) olmalıdır. Nağd və köçürmə yolu ilə qaytarılması nəzərdə tutulan ƏDV-nin 20 faizini Vergilər Nazirliyi xidmət haqqı kimi tutacaq, pulu qaytaran bank isə həmin məbləğdən komissiya haqqını çıxacaq"- deyə ekspert bildirib. 

Onun fikrincə, güman ki, ilkin olaraq hava limanında müvafiq infrastruktur, o cümlədən proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra, bu sistemin bütün sərhəd-buraxılış məntəqələrində qurulması hissə-hissə həyata keçiriləcək.

Ekspertin sözlərinə görə, bütün sərhəd-buraxılış məntəqələrində bu sistemin qurulması çox vacibdir:

Maliyyə hesabatı
© Sputnik / Murad Orujov
"Çünki, ölkəmizə daxil olan və sərhədlərimizi tərk edən əcnəbilərin heç də hamısı hava nəqliyyatına üstünlük vermir. Bircə faktı deyim ki, bəzi xarici ölkələrin vətəndaşları üçün sərhəddə viza alınması qaydasının tətbiqinin yalnız hava limanında həyata keçirilməsi çox kəskin problemlərin ortaya çıxmasına səbəb olmuşdu. Nə qədər təəssüfedici olsa da, onları sərhəddə düşürüb geri qaytarırdılar. Xüsusilə, qatarla ölkəmizə Gürcüstandan daxil olan xaricilər bu problemi yaşamışdılar". 

Qalib Toğrul hesab edir ki, Bakı Dəmiryol vağzalında da hava limanındakı kimi müasir avadanlıqlar qurulsa, vağzalın müvafiq sistemlərə inteqrasiyası təmin edilsə və bilet satışı sivil qaydada həyata keçirilsə, çox yaxşı olar.

"Hazırda xarici ölkələrə gedən qatarlara internetlə elektron bilet satışı həyata keçirilsə də, sonradan onun kağız əsasda alınması ilə bağlı dəmiryolu vağzalında problemlər var. Ümid edək ki, bu problem də tax free-nin hesabına (bu iki məsələ arasında birbaşa əlaqə olmasa belə) həllini tapacaq"-deyə iqtisadçı qeyd edib.

Əlaqədar

Vergi ödəyicilərinin nəzərinə!
Azərbaycandan qonaqlara maraqlı jest
Əcnəbilərin Azərbaycanda xərclədiyi pulun 18 faizi özlərinə qaytarılacaq
Teqlər:
terminal, "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Bakı Dəmiryol Vağzalı, "Tax Free", təyyarə, əcnəbi, hava limanı, bank, turist

Əsas mövzular