21:33 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
YAZARLAR
Qısa URL
3010

Bizim yaşamağa başqa torpağımız, ya da məskunlaşmağa digər planetimiz yoxdur. Ya burada qayda-qanun yaratmalı, ya da sivilizasiya kimi məhv olmağa hazır olmalıyıq.

 

Yayın, bəlkə də ən isti dövrünü yaşayırıq. Abşeronda avqusta “qorabişirən ay” deyirlər, yəni, bu arada Bakının məşhur ağ, qara, ala şanıları, Sarıgilə, Ağadayı, Dərbəndi, Xalbəsər kimi üzüm sortları artıq dəyir. Həyətində üzümü bol olan Bakı əhli bəzən bu səbəbdən qida rasionunu da dəyişir, yəni gündə ən azı bir dəfə süfrəyə üzümlə duzlu pendir verilir. Yanında isti təndir çörəyi olsa, lap yaxşı.

Əncir nə gəzir?

Digər tərəfdən, Abşeronun məşhur sarı ənciri də yetişir. Əgər səhər sübh çağı bir neçə dəymiş ənciri acqarına yesən, sonra il boyu xəstəlikdən uzaq olarsan bir növ. Yeyən yeyir. Köhnə kişilər bu ayı səbirsizliklə gözləyərdilər, ruzi-bərəkət dövrü kimi. Abqora, doşab, zincilfərəc, mürəbbə hazırlamaq üçün bir imkan yaranırdı. Kimi kişmiş qurudurdu, kimi də ala şanıdan mövüc düzəldirdi. Ağ şanı gün döyməsindən çil-çil olur avqustda. İstisinə gərək bir az dözəsən, amma bərəkətindən də olmaz.

Bu gün Facebook sosial şəbəkəsində elə hər tərəfdən Abşeron bağbanlarının şikayət səsi eşidilir. Kimi yazır, əncir, kimi də üzüm üzünə həsrətəm. Bir vaxtlar əncir qurusu ilə dolanan ailələrin həyətində əncir elə ağacda dəyməmiş çürüyür, yarpaqlar saralır, qol-budağı da əldən gedir. Güc-bala ilə masaya bir qab toplamaq olur. Əncir nə gəzir?

Ekoloji problemlərin sayı-hesabı bilinmir

Heç əvvəlki üzüm də yoxdur, xəstəlik basıb. Yarpaqların bir hissəsini amerikan qurdu yeyib, digər hissəsi saralıb tökülüb, salxımlar da xəstəhaldır, yeyiləsi deyil. Elmi dildə Amerika ağ kəpənəyi adlanan bu əcaib həşərat Abşeron bağlarında salamat tut, alma, heyva ağacı qoymayıb. Hər yerdə tor qurur, yarpaqları yeyir, o dəqiqə də nəsil artırır. Hara getsən, onun torlarına rast gələrsən. Üstəlik, dərmanın da faydası yoxdur, elə gərək bir tərəfdən zəhərləyəsən, yoxsa yenə artacaq. Bir güclü küləkdə qonşudan yüzlərlə həşərat həyətinə düşəcək.

Heç bir zaman xəstələnməyən zeytun ağacları da çox qəribə bir xəstəliyə düçar olub. Yapışqanlı ağ pambığa bənzər bir parazit zeytunun çiçəklənmə dövründə peyda olur, sonra məhsulun bir hissəsini məhv edir. Bəzən payızda ələ gələsi bir meyvə tapılmır. Zeytun meyvələri yararsız hala gəlir.

Abşeronda hazırda müşahidə edilən ekoloji problemlərin sayı-hesabı bilinmir. Torpağın şoranlaşması, qrunt sularının səviyyəsinin artması, bataqlaşma, ərazinin zəhərli maddələrlə çirklənməsi adi hala çevrilib.

Hətta eşşəkarıları da çoxalıb

Bu problemlərin yaranmasının kökü nədən qaynaqlanır? Bunları bir-bir araşdırmağa dəyər.

50 il öncə Abşeronda nəinki Amerika ağ kəpənəyi kimi əcaib bir həşərata rast gəlinmirdi, heç qurbağa və ilbiz belə tapılmırdı. İlan, əqrəb və qırxayaq olardı, vəssalam. Uzaqbaşı axşamlar ağcaqanadlar bir qədər aktivləşərdi. Üzüm, əncir dövründə bir az milçək çoxalardı. Hazırda hətta eşşəkarıları da çoxalıb, axşamlar qurbağa quruldayır, tülkü və çaqqallar həyətlərdə yuva salır.

Yarımadada ekoloji balans pozulub, müstəqillik dövründə sərhədlərin açılması ilə həm mal dövriyyəsi artıb, həm də müxtəlif həşərat və bitkilər ölkəyə yol tapıb. Hər yeni bitkinin üstündə də öz paraziti gəlir. Bunların əlindən heç doğzanqurdular da yoxa çıxıb. Bir sözlə, İtaliya və İspaniyadan zeytun ağacı gəlirsə, paraziti də üzərində gəlir. On minlərlə malla dolu konteyner Azərbaycandan keçir, hər birində də uzaq Çindən və ya Vyetnamdan nəsə bir bitki toxumu, həşərat gəlir.

Heç kim tut əkib onun zibilini yığışdırmaq istəmir

Bir vaxtlar Abşeronu gəzərkən hər yerdə açıq məkana, boş əraziyə rast gəlmək olurdu, uşaqların da futbol oynamaq imkanı vardı, qoyunların da yeməyə otu. Hazırda nəinki boş torpaq qalmayıb, hətta vaxtilə 25-30 sotluq həyətləri hissə-hissə satıblar. Hər gələn yeni sahib ilk növbədə ortalıqda olan köhnə əncir, üzüm, zeytun və tut ağaclarını çıxardaraq yerinə əzəmətli bir villa salmağa, yekə bir hovuz tikməyə başlayır. Hara baxsaq, hündür hasar, 3 mərtəbəli bina və on tonlarla su tutan hovuza rast gəlirik.

Hündürlüyü bəzən 5 metrə çatan hasar hava axınının qarşısını almaqla bitkilərə lazım olan ekoloji mühiti pozur. Hər güclü xəzri küləyi əsdikcə, bitkilərdə toplanan parazitləri həm də qoparıb yerə tökür. Bitkiyə də inkişaf üçün hava lazımdır, əgər yoxdursa, deməli, məhsul da olmayacaq, qalan meyvəni də qurd-quş məhv edəcək.

Yeni bağ sahibləri nədənsə Abşeron mühitinin bitkilərinə biganə yanaşırlar. Mütləq palmadan, evkaliptdən əkib, yaşıl qazon əmələ gətirməyə meyillidirlər. Şam, küknar ağacları da hasar qırağından əkilir. Heç kim tut əkib onun zibilini yığışdırmaq istəmir, rahatı qazondur, uzaqbaşı bir-iki dəfə biçərsən. Üzüm, tut, əncir də bazarda nə qədər desən var. Pulunu ver, al.

Zəhərli su ya torpağa, ya da küçəyə axıdılır

Hər həyətdə on tonlarla su tutumu olan hovuzların inşası isə ekoloji durumu bir qədər də ağırlaşdırır. Hovuza gərək qulluq edəsən, təmizləyəsən. Ən rahatı isə dərmanı vurub dezinfeksiya etməkdir. Sonra nə baş verir? Mövsümün sonunda bu zəhərli su ya torpağa, ya da küçəyə axıdılır. Hara verilməsindən asılı olmayaraq ətraf mühit zəhərlənir. Kimi də dindirirsən, deyir, bitkilərim məhv olur, məhsul vermir. Kanalizasiya olmayan bir məkanda bu qədər evin tikilməsi, hər həyətdə nəhəng hovuzun inşası torpağın bataqlaşması, zəhərlənməsi ilə nəticələnir. Abşeronun bir yerinə hazırda içməli su çəkilib, amma qrafiklə verilir. Hovuz saxlamağa, onu su ilə təmin etməyə bəzən bəs eləmir deyə 10 tonluq su maşınları bütün yayı dayanmadan çalışırlar.

Üstəlik, Abşeron bağlarında tikinti də yay boyu davam edir, ətrafın zibillənməsi də. Hara baxsan, zibildir, toz-torpaqdır. Bunları da aylarla tullatdıran yoxdur. Əvvəl həyətə tökülür, sonra darvaza qarşısına, sonda da bir maşın çağırıb atdırırlar. Amma bütün bu dövrdə külək amansızcasına zibili ora-bura dağıdır. Küçəyə su axıdanda isə məhəllə pis günə düşür, çirkab torpağa hopur.

Suyu küçəyə axıtmaq mənəvi əxlaqsızlığın bir formasıdır

Problemin həlli yolu varmı? Abşeronun unikal təbiətini qorumaq üçün nə etmək olar?

İlk növbədə su çəkilişi kanalizasiya sistemlərinin inşası ilə paralel aparılmalıdır. Kanalizasiya olmasa, ekoloji fəlakətin qarşısına almaq mümkün olmayacaq. Bu ərazidə bir müddət sonra heç nə bitməyəcək. Vaxtilə qərənfil əkini ilə məşğul şəxslərin elə bu gün də həyətində heç nə bitmir, torpağa verilən zəhər hələ də çəkilib getməyib.

Digər tərəfdən ekoloji problemləri yaradan səbəblərin heç biri ilə mübarizə aparılmır. Məsələn, Finlandiya kiçik ölkə olsa da, hər bir məsələdə qayda-qanun tətbiq edilib. Ev inşa edirsənsə, deməli, onun hər bir detalı əvvəlcə təsdiqlənməli, sonra isə icra olunmalıdır. Tikintinin gedişində mütləq gəlib maraqlanan da olacaq. Qanunu pozmaq heç kimin ağlına gəlməz, 5 metr hündürlüyündə hasar tikmək də. Əgər tikinti edən şəxs hovuz tikirsə, onun hara boşaldılması əvvəlcədən bilinməlidir. Fin düşüncəsində qapından bir boru çıxardıb suyu küçəyə axıtmaq kimi bir eybəcər yanaşma ola da bilməz. Belə hərəkət mənəvi əxlaqsızlığın bir formasıdır. Özün təmiz həyətdə otur, çirkab suyunu isə qonşunun qapısına axıt. Yəni, nəzarət mexanizmləri daha da gücləndirilməli, məsələni araşdırmaq üçün davamlı monitorinqlər keçirilməlidir.

Həm maarifləndirici, həm də nizamlandırıcı prosedurların reallaşmasına ehtiyac var. Bizim yaşamağa başqa torpağımız, ya da məskunlaşmağa digər planetimiz yoxdur. Ya burada qayda-qanun yaratmalı, ya da sivilizasiya kimi məhv olmağa hazır olmalıyıq.

“Su içdiyin qaba tüpürmə” ifadəsi hər bir kəsin devizinə çevrilməlidir.

Eləcə də oxuyun:

Teqlər:
ekologiya, Abşeron, avqust, üzüm, əncir, hovuz, çirkab

Əsas mövzular