19:00 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
11810

“Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

BAKI, 30 iyul — Sputnik. Sumqayıt məişət tullantıları poliqonunda baş vermiş yanğının səbəbləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Xidmətin Regional İdarəsinin rəsmisi Fərid Piriyev Sputnik Azərbaycan-a bildirib ki, araşdırma zamanı yanğının məişət tullantılarının düzgün idarə edilməməsi və qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində baş verdiyi aşkar edilib.

O qeyd edib ki, faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub. Gələcəkdə belə halların təkrarlanmaması üçün MMC-yə məcburi göstəriş verilib.

Qeyd edək ki, Sumqayıt şəhərində yenidən zibil poliqonları yandırılır. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılır. Vətəndaşlar iddia edirlər ki, zibil poliqonlarında məişət tullantılarının yandırılması Sumqayıtda ilk belə hadisə deyil. Şəhəri bürüyən üfunət qoxusu sakinləri ciddi şəkildə narahat edir. Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətinin rəsmisi Eyvaz Qocayev bildirib ki, məişət tullantıları poliqonunda baş vermiş yanğın təbii şəkildə meydana gəlib. Onun sözlərinə görə, uzun müddətdir toplanan tullantılar yer altında qazlaşmaya səbəb olduğundan yanğın baş verir:

"Hazırda Sumqayıt şəhərində məişət tullantılarının toplandığı ərazidə yanğın hallarının olmaması üçün torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür. Məsələ ilə bağlı icra hakimiyyəti yanında komissiya yaradılıb və işçi qrup fəaliyyətə başlayıb. Eyni zamanda Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması, yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri həyata keçirilib. Bununla bağlı layihə müvafiq dövlət qurumlarına təqdim olunub. Bu istiqamətdə də işlər davam etdirilir".

ETSN: Sonsuzadək cərimələnmə çarə deyil

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə zibil poliqonlarının yandırılmasında cərimələnmənin çıxış yolu olmadığını bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, H.Əlizadə qeyd edib ki, sonsuzadək cərimələnmə çarə deyil. Odur ki, yerli idarəetmə orqanları tərəfindən bu sahədə köklü dəyişikliklərin edilməsinə zərurət var.

Onun sözlərinə görə, "İstehsalat və məişət tullantıları haqqında" Qanuna və digər normativ-hüquqi aktlara uyğun olaraq tullantıların idarə edilməsinə, poliqonların idarəçiliyinə yerli idarəetmə orqanları, onların mənzil-kommunal idarələri cavabdeh və məsuldurlar.

O qeyd edib ki, aparılan nəzarət və inzibati tədbirlərlə yanaşı, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Mənzil-Kommunal İdarəsinə müraciətlər olunub: "Ötən il Sumqayıt şəhər məişət tullantıları poliqonunda tullantıların düzgün idarə olunmamasına görə "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. 2021-ci ilin 7 ayı ərzində isə "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC barəsində 5 akt, 2 inzibati protokol tərtib edilib və qərar çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunub".

Təəssüf ki, inzibati cəza tədbirləri ilə vəziyyət dəyişmir, sonsuzadək cərimə edilməsi də çarə deyil. Odur ki, yerli idarəetmə orqanları tərəfindən bu sahədə köklü dəyişikliklərin edilməsinə zərurət var".

Əsas mövzular