CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda göydələnlərin artmasının daha bir fəsadı

© Sputnik / Murad OrujovВид на Баку, фото из архива
Вид на Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
"Lokal ərazilərdə küləyin sürəti də dəyişib. Belə hündür binalar olmasaydı, fəsadlar az olardı" - Müslim Qurbanov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 may — Sputnik. Bir neçə gün öncə Sumqayıtda qovaq ağacları aşıb. Bu tip hadisələr Bakıda da müşahidə olunmaqdadır. Təbii ki, Abşeronun küləkli region olmasını nəzərə almalıyıq. Lakin bu tipli halların artması insanlar üçün də təhlükəni artırır. Bu kimi halların qarşısını almaq üçün nə kimi addımlar atılmalıdır?

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühədisi Cavanşir Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O, ağacların aşmasına səbəb amilləri sadalayıb: "Qovaq ağaclarının biologiyasına baxdıqda gövdələri yumşaq gövdəli, yumşaq oduncaqlı növlərə ayrılır. Onlar bərk ağaclar hesab edilmir. Bu səbəbdən qovaq ağaclarının aşmasının bir neçə səbəbi var. Oduncaqlarının yumşaq olması ilə yanaşı ömürlərinin Bakı şəhərində 25-30 ildən artıq olmaması və güclü küləklərin əsməsi. Belə ki, Bakıda saatda 60-70 metr sürətlə əsən küləklər müşahidə olunur. Bununla yanaşı, qovaq ağaclarının boylarının hündür olması da onların tez aşmasına səbəb olur. Bəzən onların boyu 30 metr və daha çox da ola bilir. Bakı şəhərində torpaq qatı az olduğundan, onların kökləri dərinə getmədiyindən tez-tez aşır".

"Kənardan ağacların gətirilməsi planlaşdırılarkən onlar Bakı şəhərinin torpaq, iqlim şəraitinə uyğun seçilməlidir. Bakının iqlim şəraitinə adaptasiya olunacaq ağaclar əkilməlidir. Ötən əsrin 60-80-ci illərində Bakıda yaşıllıqların sahəsi az olduğundan kütləvi sürətdə artım məqsədi ilə Rusiya və MDB ölkələrindən Bakıya çoxsaylı qovaq ağacı gətirilib. Demək olar ki, aşan ağacların əksəriyyəti də elə həmin qovaq ağaclarıdır. Lakin qeyd edim ki, son illərdə Bakıda tərəfimizdən qovaq ağacları əkilmir", - deyə C.Məmmədov əlavə edib.

Ekoloq Müslim Qurbanov Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, hazırda iqlim dəyişkənliyinə davamlı olan bitkiləri də yetişdirmək problemi aktuallaşır: "Ağacların əkini zamanı külək xəritəsi nəzərə alınmalıdır. Risklər nəzərə alınmalı və bilinməlidir ki, hansı sahədə hansı ağaclar əkilməlidir. Ağacların mexaniki davamlılığı, hündürlüyü və s. nəzərə alınmalıdır. Problemlərin riski də öncədən dəyərləndirilməlidir".

"Deyə bilmərəm ki, külək olanda kütləvi şəkildə ağaclar qırılır. Amma bu halların özünün olması o deməkdir ki, ağacların invertarlaşması baş tutmalıdır. Ağacın növü nədir, hansı küləyə davamlıdır, və s bu kimi nüanslar öyrənilməlidir. Bu işlərin hamısı nəzərə alınmalıdır. Lakin nə dərəcədə bu işlər görülür, maraqlıdır. Yəqin ki, müəyyən dərəcədə də olsa, bu işlər görülür", - deyə həmsöhbətimiz əlavə edib.

O bildirib ki, hadisələrin, yəni ağacların aşmasının baş verməsi onu göstərir ki, vəziyyət kafi deyil: "Yaşıllıqları qorumaq lazımdır. Amma bu o demək deyil ki, 20-30 il şəhər mühitində böyüyən çinar ağacı və başqa ağac belə güclü küləklərə davam gətirə bilər. Bakı və digər şəhərlərdə də invertarlaşma prosesləri getməlidir".

Mütəxəssis şəhərsalma ilə şəhər ekologiyasının bir-birinə sıx bağlı olduğunu deyərək, yeni binaların tikintisinin də külək axınlarının istiqamətini dəyişdiyini söyləyir: "Lokal ərazilərdə küləyin sürəti də dəyişib. Belə hündür binalar olmasaydı, fəsadlar az olardı".

Xəbər lenti
0