BAKI, 15 iyul — Sputnik. Taliblər Ankara və Vaşinqtonun Kabil hava limanının mühafizəsi və ona nəzarət üçün saxlamaq istədikləri türk hərbçilərinə sərt şəkildə qapını göstəriblər. Buna paralel olaraq, vəhşiləşmiş “İslam Əmirliyi" yaraqlıları hərbi əsirləri – öz ölkələrinin vətəndaşlarını güllələməyə başlayıblar. Əfqanıstan Birləşmiş Ştatlar və onun müttəfiqlərinin nüfuzu ilə birlikdə uçuruma doğru gedir.
Taliban* rəsmən Əfqanıstan ərazisində olan Türkiyə qoşunlarının ABŞ-la bağlanmış sazişi, ölkənin suverenliyi və ərazi bütövlüyünü pozduğunu bildirərək Türkiyə üçün problemlər ola biləcəyini vəd edib.
Taliblər istənilən dövlətin qoşunlarının ölkələrində varlığını işğal kimi dəyərləndirirlər: "İşğalçılarla Hicrətin 1422-ci ilində (2001-ci il) verilmiş və son iyirmi ildə müharibənin hökm olunduğu fətvaya əsasən vuruşacağıq". Ultimatum müzakirə oluna bilməz.
Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ hökuməti ilə 2021-ci ilin avqustun 31-dən etibarən qeyri-müəyyən müddətə Kabil hava limanının mühafizəsi barədə razılıq əldə olunduğunu bildirib. Paytaxt aeroportunun təhlükəsizliyinin ABŞ və alyans qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra NATO ölkələrindən birinin qüvvələri tərəfindən təmin edilməsi ilkin olaraq mümkünsüz görünürdü. Belə ki, obyekt Kabilin şimal hissəsində yerləşir və şəhərin inşaat və kommunikasiya sistemlərinə inteqrasiya olunub. Ölkədə avtomobil və dəmir yolu şəbəkəsinin inkişaf etməməsi bu hava limanını Əfqanıstandan kənara və bura düşmək istəyənlər üçün əsas "portala" çevirir. Beləliklə, kim aeroporta nəzarət edirsə, faktiki olaraq paytaxtın və xeyli dərəcədə də ölkənin sahibi də elə odur.
Təbii ki, taliblər bunu anlayır və öz "əmirliyində" hakimiyyəti öz opponentləri ilə də bölüşmək niyyətində deyillər, qalsın ki, əcnəbi qoşunlarla. "Tələbələr" hərəkatı hesab edir ki, Kabilin ələ keçirilməsi yalnız vaxt məsələsidir. Hazırda taliblər ölkənin 398 qəzasından 250-nə nəzarət edirlər. ABŞ öz qoşunlarının çıxarılmasını təqribən 95% başa çatdırıb. Tendensiyalar aşkardır.
Əfqanıstan Şimal həmsərhəd rayonlarında hökumət qüvvələri və xalq müqavimət dəstələri ilə Taliban* qüvvələri arasında qızğın döyüşlər davam edir. Taliblərin qonşu ölkələrin sərhədlərinin toxunulmazlığı barədə vədlərinə baxmayaraq, Mərkəzi Asiya müharibə xaosuna çox təhlükəli dərəcədə yaxındır. "İslam dövləti"nin* (İD) də fəallaşması narahatlıq doğurur. Rusiya Xarici İşlər Nazirliyinin məlumatlarına görə, Əfqanıstanın Şimal əyalətlərində 4000 nəfərə qədər İD yaraqlısı cəmləşib.
Əməliyyat şəraiti
Son həftə ərzində Əfqanıstanın Gündüz, Bədəxşan, Badgis və Herat əyalətlərində döyüş əməliyyatlarının intensivliyi artıb və bu döyüşlər nəticəsində yüzlərlə hərbi qulluqçu, talib və dinc sakinlər həlak olub. İyulun 12-nə keçən gecə Lahor əyalətində Talibanın kəşfiyyat rəisi Kari Şaqasinin məhv edilməsi hökumət qüvvələrinin əhəmiyyətli uğuru olub.
Digər tərəfdən, taliblər ələ keçirdikləri qəzalarda vəhşilik etməkdə davam edirlər – yerli qadın sakinləri zorla arvadlığa götürür, xalqın narazılığını "Əmirliyin" yeni qaydaları ilə yatırırlar (televiziyadan, smartfonlardan, musiqidən və Avropasayağı geyimdən imtina) və hətta əsirləri də məhv edirlər. CNN-in məlumatına görə, yaraqlılar Türkmənistan sərhədi yaxınlığındakı Fəryab əyalətinin Dövlətabad şəhərində təslim olmaq istəyən Əfqanıstan ordusunun 20-dən çox xüsusi təyinatlısını güllələyiblər. Bu cür hərəkətlər taliblərin beynəlxalq arenada legitim milli qüvvə kimi görünmək cəhdləri ilə kəskin kontrast təşkil edir.
Mərkəzi Asiyada ən uzun və təhlükəli olan Tacikistan sərhədi, demək olar ki, tamamilə taliblərin nəzarətinə keçib. Əfqanıstanın Gündüz şəhərinin 60 kilometrliyində yerləşən "Şerhan-Bəndər" nəzarət-buraxılış məntəqəsinin ələ keçirilməsi ABŞ üçün xüsusi ilə alçaldıcı zərbə olub. Çünki uzunluğu 700 m olan və bərələri əvəz edən, 37 milyon dollar dəyərində körpü 2007-ci ildə ABŞ hökumətinin maliyyə dəstəyi ilə inşa edilib.
Bu gün həmin körpüdə "gömrük rüsumlarını" Taliban yaraqlıları toplayırlar. Təsadüfi deyil ki, Rusiya və Tacikistan Əfqanıstanla sərhəddə yeni sərhəd zastavasının inşasına başlayıblar. Son iki gün ərzində taliblərdən qaçaraq Tacikistan ərazisinə 120 əfqan vətəndaşı keçib.
İyulun 13-14-də Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatı XİN rəhbərlərinin sammiti keçirilib. Quruma daxil olan ölkələrin xarici işlər nazirləri "müxtəlif terrorçu, separatçı və ekstremist qruplaşmaların cəmləşməsinin artması nəticəsində" Əfqanıstanın şimal əyalətlərində gərginliyin artmasından narahatlıqlarını ifadə ediblər.
Rusiya, Hindistan, Çin, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan nümayəndələri 2022-2024-cü illər üçün terrorçuluq, separatçılıq və ekstremizmə qarşı əməkdaşlıq proqramlarını, 2018-2023-cü illər üçün antinarkotik iş planını nəzərdən keçiriblər.
Şərq - çox incə məsələdir
Maraqlıdır ki, Taliban "siyasi ofisi" İstanbuldakı danışıqlara laqeyd yanaşaraq, əvəzində Moskvada, Tehranda və Mərkəzi Asiyanın bəzi paytaxtlarını ziyarət edib. Son günlər baş verən hadisələr və tendensiyalar bizi əmin edir ki, ABŞ və onun müttəfiqləri artıq Əfqanıstan İslam Respublikasının qanuni rəhbərliyinə heç nə ilə kömək edə bilməzlər. Taliblər hələ Kabildəki hökumətə qalib gəlməmiş Vaşinqtonu üstələyiblər – amerikalılar fəal şəkildə Vyetnamdan sonrakı ən sarsıdıcı geosiyasi məğlubiyyətin günahkarlarını axtarırlar. Əfqanıstanda ikinci (!) müharibəni uduzan Böyük Britaniya qaliblərlə alçaldıcı əməkdaşlığa meyl edir. Halbuki BMT onları 2001-ci ildən bu günə qədər terrorçu hesab edir. Hətta taliblər arasında hörmət sahibi olan Türkiyəyə də "sonuncu əfqan xəbərdarlığı" verilib.
Kollektiv Qərb hələ də ƏİR hökumət qüvvələrinə "dəstək" verildiyi təəssüratını yaradır ki, əgər Kabildə amerikapərəst hökuməti xilas etmək mümkün olmasa belə, heç olmasa "simasını saxlasın". Lakin təminat aviabazasının uzaqda – Əbu-Dabidə (BƏƏ) yerləşməsi elə əvvəldən effektivliyi aşağı salır və Əfqanıstana yalnız 3-4 saat uçuşdan sonra çatmağa zəmanət verir (Kabilə qədər məsafə 1800 km-dir). Başqa sərhədlərə nail olmaq mümkün olmayıb.
Coğrafi yerləşmə, yəqin ki, Vaşinqton və NATO-dan daha çox Moskva və onun müttəfiqlərindən asılıdır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bir qədər əvvəl ABŞ qoşunlarının Əfqanıstandan Mərkəzi Asiyadakı həmsərhəd dövlətlərin ərazisinə köçürülməsinin prinsipial olaraq məqbul olmadığını qeyd edib. Moskva bu mövqeyi Vaşinqton və öz regional müttəfiqlərinin diqqətinə çatdırıb.
Bundan sonra heç kimə asan olmayacaq. Sözsüz ki, Taliban destruktiv, terrorçu təşkilatdır və bu, Rusiya, Mərkəzi və Cənubi Asiya ölkələrinin adekvat reaksiyasını tələb edir. Pakistanın ekstremist mədrəsələrində gənc radikallara Rusiyaya və Avropa sivilizasiyasına qarşı son dərəcə neqativ münasibət tərbiyə olunur. Amma yenə də, ABŞ və NATO-nun İraq, Əfqanıstan, Yuqoslaviya, Liviya, Suriyada uzun illər davam edən qanlı "düzəlişlərini" nəzərdən keçirsək, o zaman talibləri "iki bəladan balacası" hesab etmək olar.
Birləşmiş Ştatlar son yetmiş ildə bütün müharibələrdə məğlub olublar, lakin Əfqanıstan onlarla ölkənin iqtisadi potensialı və yüksək texnologiyalı həmrəyliyinə rəğmən 20 il ərzində Şərqi dəyişməyə nail ola bilməyən Qərbin tarixində xüsusi bir səhifədir.
Taliban* – Rusiyada qadağan olunmuş terrorçu təşkilat.
Eləcə də oxuyun:
-
Taliblər Kabilə müvəqqəti atəşkəs təklif ediblər
-
Prezidentlər və 20-dən çox ölkənin XİN rəhbərləri Əfqanıstanı müzakirə edəcəklər
-
Əfqanıstan Müdafiə Nazirliyi 200-ə qədər yaraqlının məhv edilməsi barədə xəbər yayıb