Koronavirusun ilk dalğasının ötən il Azərbaycanda peyda olması ilə son illərin ən gəlirli biznes sahəsi – toyların keçirilməsi dayandı. Daha toy keçirmək olmaz. Uzaqbaşı 5-6 nəfər yaxın ailə üzvü ilə kiçik bir toplantı təşkil edə bilərsən. Digər hallarda həm toy keçirilən şadlıq sarayı, həm də toya gələn insanlar cərimələnəcəklər. Demək olar, hər gün mətbuatda bu və ya digər şadlıq sarayında gizli toy etməyə cəhd edən insanların saxlanıldığı və cərimələndiyi barədə xəbərlər yayılır.
Polis hər gün gizli toy aşkarlayır
Bu yaxınlarda Xırdalan şəhərində gizli yolla təşkil edilən toy mərasimi aşkarlanıb. Karantin qaydalarının pozulması səbəbindən 38 nəfər iştirakçı 200 manat, obyektin sahibi isə 5000 manat miqdarında cərimələnib. Özü də obyektin icarədarı Ceyran Məmmədova və restoran inzibatçısı Nazir Cəlilova dəfələrlə xəbərdarlıq edilibmiş, amma onlar qanun pozuntusuna yol veriblər. Hər belə tədbir keçiriləndə, cərimələnən vətəndaşların hər biri ilə mütləq profilaktik söhbət də keçirilir. Amma toy mərasimlərinin keçirilməsi hələ də davam edir.
Son günlərin statistikasına diqqət yetirsək, Goranboy, Yevlax, Şəmkir, Göyçay, Hacıqabul, İmişli, Tovuz, Kürdəmir, Cəlilabad, Şamaxı, Sabirabad kimi rayonlarda gizli toy mərasimlərinin aşkarlandığı və insanların cərimələndiyi barədə xəbərlərin yayıldığını görərik. Bakı, Samux, Naftalan da diqqətdən kənarda qalmayıb. Bir sözlə, polis hər gün gizli toy aşkarlayır, ardınca yenə başqa yerdə toy edilir.
Açığı, insanların bu qədər davamlı olaraq qayda-qanunu pozması, gizli yolla da olsa, bir toy məclisi yaratmaq cəhdi olduqca qəribə görünür. Çünki başqa statistika da var: aşkarlanan bir neçə toydan, yas mərasimindən sonra məhz hansısa birində koronavirusa kütləvi yoluxmanın olduğu üzə çıxır. Toyun nəticəsi uzun müddətli müalicə və karantin rejimi olur. Amma heç bir qadağa bu prosesin qarşısını almaq iqtidarında deyil.
Toy olmasa, elə bil, evlənməyin özü də yoxdur
Toy eləmək, oğul evləndirib, qız köçürmək Azərbaycan insanı üçün olduqca vacib və əhəmiyyətli bir prosesdir. Analar hələ kiçik yaşlı oğulları üçün qız axtarışına çıxır, ona bir deyikli tapırlar. Qız böyüdən ailə də cehizini uşaq yaşından toplayır. Toy isə bu uzun hazırlıqlı prosesin zirvəsidir, nəticəsidir.
Toy olmasa, elə bil evlənməyin özü də yoxdur. Toy hazırlığı özü bir uzun prosesdir, gəlinin qızılı, geyimi alınmalı, maşınından tutmuş ayağı altında qırılacaq saxsı qaba kimi hər bir detalı düşünülməlidir. Böyük nişanı, kiçik nişanı, xınayaxdısı, bayramlarda qız evinə pay aparmaq kimi işləri var toyun. Şəhər yerində şadlıq sarayı danışmalısan, kənd yerində isə "palatka" toyu da işə yarayar, amma hər ikisinin həm xərci var, həm də işi.
Uzun illər Azərbaycan kanallarında kənd toylarını işıqlandıran layihələr də az olmayıb. Müxbir əlinə bir mikrofon alıb düşür bu qohum-əqrəbanın arasına, ondan bir söz soruşur, bundan bir söz soruşur, oranı çəkir, buranı çəkir, bu da bir veriliş olur. Belə layihələr heç bir zaman tükənməyib, davamlı olaraq nümayiş etdirilib bizim efirdə. Özü də reytinqinə görə kifayət qədər gəlirli sayılıblar. Başqasının toyuna baxmaqda nə gözəllik var? Amma baxan baxır.
Toy biznesinin dayanması bir çox insanı işsiz qoyub
Bizim insanlar 6 saatlıq toy kasetinə elə maraqla baxarlar, elə bil Hindistanın ən baxımlı serialıdır. İnsan var, əlində dəftəri, deyir, ömür boyu 300-500 toya getmişəm, pul salmışam, indi necə oğluma toy eləməyim, qız köçürməyim? Bəs mənim bu qədər pulum batmalıdır?
Koronavirusun ilk dövründə hələ şadlıq saraylarının tezliklə açılacağına ümid edənlər vardı. Pandemiya genişləndikcə, fəsadı artdıqca bu ümidlər puç oldu. Gözləyəsən, ya yox? Qərar vermək də çətindir. Kimsə hələ də gözləyir, kimsə qaydanı pozur, elə kiçik məclislə məsələni həll etməyi düşünür, amma elə də asan deyil, çünki polis də izləyir, toya gəlmək həvəsi də yoxdur insanlarda, nəticəsi də bəzən kütləvi yoluxma olur.
Deyirlər ki, toy olacaq: Azərbaycanda mərasimlərə icazə verilməsi gözlənilir>>
Toy biznesinin dayanması bir çox insanı işsiz qoyub. Musiqiçilər, müğənnilər, ofisiantlar, maşın kirayə verənlər, qızıl satanlar üçün ağır günlər başlayıb. Obyekt sahiblərinin də çətinliyi az deyil. O boyda qiyməti olan şadlıq sarayını boş-boşuna da qoya bilməzsən, vaxtı-vaxtında təmir işləri görülməli, təmizlik edilməlidir. Kondisioneri, soyuducusu və digər avadanlığı da qulluq tələb edir. Bir sözlə, əgər şadlıq sarayı işləmirsə, yiyəsi üçün ağır bir yükdür. Hətta bir neçə işçiyə də maaş verməlidir.
Yaxasını mənasız toylardan qurtaranlar bu gün çox sevinirlər
Amma toylara qoyulan qadağanın müsbət tərəfi də var. Cəmiyyətdə bizim toylardan narazı olan nə qədər insanın olduğunu təsəvvür etmək çətindir. Qohumdur, çağırır, getməlisən. İş yoldaşındır, yaxın dostundur, qapı qonşundur, dəvətnamə yollayır, getməlisən.
Ailə büdcəsini bir növ məhv edən bir prosesdir. Bunun taksisi var, toyda şəkli var, həyat yoldaşı və uşaqlar üçün geyim almağı var. Hər toy ortabab insan üçün bir stresdir. Üstəlik, yeməyi zəhərlənmə verir, musiqisindən iki-üç gün baş ağrıyır, siqaret qoxusu üstündən çəkilmək bilmir, bəzən isə tanımadığın adamların arasında neçə saat oturmalı olursan. Dindar insan üçün isə bir imtahandır toy, çünki oturduğun yerdə ofisiant gəlib arağı mütləq üstünə və yeməyinə səpəcək, neçə saat içkili insanların mənasız söhbətinə qulaq asmalı olacaqsan.
Yaxasını mənasız toylardan qurtaranlar bu gün çox sevinirlər.
Azərbaycanda toyu ürəyin istədiyin kimi keçirmək olduqca çətin bir proses idi. Şadlıq sarayı bir paket təklif edir, istəyirsən, qəbul elə, istəyirsən, yox.
Gənclər pandemiyanın sonunu, toyların bərpasını gözləmək istəmirlər
Bu günün prizmasından daha geriyə yolun olmadığı aydındır. Bazar insanların tələbatını ödəməyə xidmət etməlidir, onlara nəyisə diktə etməyə yox. Özü də 200 nəfərlik zal heç də 200 nəfərlik deyil, sadəcə stolları yan-yana doldurub birtəhər insanları dar çərçivədə saxlayırlar. Bir müddət sonra baxırsan, kondisioner də işləyir, amma zalda kiminsə nəfəs alası halı yoxdur. Hava çatışmazlığından qonaqların yarısı elə vaxtını foyedə və ya həyətdə keçirir.
Hazırda gənclərin arasında belə toy mərasimlərinə qarşı bir müqavimət hərəkatı yaranıb. Daha oturub pandemiyanın sonunu, toyların bərpasını gözləmək istəmirlər. Sadə bir məclislə, ailədaxili bir prosedurla evlənirlər. Ən yaxın ailə üzvlərindən 7-8 nəfər yığılıb gəlini bəy evinə yola salır. ASAN xidmətin nikahı qeydiyyata alan pəncərəsinə isə yaxın durmaq mümkün deyil. Növbədə daim 20-25 nəfər gözləyir.
Baxırsan, gəncdirlər, gələcəyə ümidlə baxırlar, plan düşünürlər, heç toy barədə danışmırlar belə. Nikah oldu, qurtardı getdi. Bu pəncərə də elə-belə pəncərə deyil. Ölüm kağızını da burada verirlər, uşağın doğum haqqında şəhadətnaməsini də. Bir müddət sonra baxırsan, həmin gənc artıq uşağının sənədini almaq üçün gəlib, çox xoşbəxtdir.
Hər bir bəla bir gün başlayıb, bir gün də bitir. Pandemiya da gəldiyi kimi gedəcək. Amma biz gərək köhnə formatdakı toylara qayıtmayaq, daha sakit, daha maraqlı toy planları düşünək. Daha sadə, daha yaddaqalan. Normal qida, qaydasında olan musiqi səsi ilə. Yoxsa növbəti pandemiyanın gəlişi qaçılmaz olacaq.