Qida sənayesinin bütün cəhdlərinə baxmayaraq dünyanı ətlə təmin etmək də olmur, bunun üçün resurs kifayət qədər deyil. Neft-qaz ehtiyatlarının tükənməsi fonunda, veqan və ya vegetarian olmaq ehtiyacının artacağı qaçılmazdır. Azərbaycanda da ətdən imtina ideyası, sözsüz, genişlənəcək.
Azərbaycanlılar ənənəvi olaraq ət yeməklərini sevirlər. Milli mətbəxin tanınmış qidaları arasında ətsiz xörək tapmaq olduqca çətindir. Elə bil pəhriz yeməkləri bizim millətə yaddır. Qapıya gələn qonağın şərəfinə qoyunun ən yaxşısını kəsmək ənənəsi də hörmətin göstəricisidir. Hətta yayın cırhacırında belə qonağa dovğa, doğramac kimi pəhriz yeməyi təklif etmək məsləhət deyil, bunlar adətən əsas yeməyin, məsələn, üstündə yağlı qovurması olan plovun yanında təklif oluna bilər.
Vegetarian və ya veqan olmaq bir növ dəbə minib
Ölkədə ət və ət məhsullarının qiyməti ilbəil artır. Üstəlik, Azərbaycan özünü daxili resurslar hesabına ətlə təmin edə bilmir. Satılan ətin böyük qismi xaricdən alınır. Bu yaxınlarda Sputnik Azərbaycan-ın yaydığı məlumata görə, 2019-cu ildə Azərbaycana ət idxalının həcmi 12 faizdən çox artıb. Ölkədə ətin istehsalı da yüksəlib. Bu ilin yeddi ayında 186,5 min ton ət istehsal olunub. Bu rəqəm 2018-ci il üçün olan göstəricidən 2,7 faizi çoxdur.
Amma son dövrlərdə ölkədə ət və ət məhsulları, süd və süd məhsullarından könüllü olaraq imtina edənlərin də sayı artıb. Hazırda vegetarian və ya veqan olmaq bir növ dəbə minib. Avropa və ABŞ-da təhsil almış gənclərin bir çoxu bu qidalanma sistemini, yeni həyat tərzini təbliğ etməklə məşğuldur. Onların sırası günü-gündən genişlənir, artıq paytaxt Bakının restoranlarında vegetarian mətbəxindən yeməklər də təklif olunur. Həm də Bakıya turist axını gücləndikcə, yerli qida şəbəkələri onların zövqünü uyğun yeməkləri hazırlamağa məcbur olurlar.
Veqanlar iki cür olur
Azərbaycan üçün yeni olan bu ideya və qidalanma sistemləri insanlara xeyir verir, yoxsa ziyan? Sualın cavabını tapmaq üçün vegetarian və ya veqan deyəndə kimin nəzərdə tutulduğunu anlamalıyıq. Vegetarian dedikdə ət və ət məhsullarından imtina edib öz rasionunda bitki mənşəli məhsullara üstünlük verən insanlar nəzərdə tutulur. Vegetarianlar müxtəlif cür olur. Daha sərt və ya daha yumşaq diyetadan istifadə edənlərə bölünürlər. Ətdən imtina edib hərdənbir balıq yeyəni var. Ətdən tam imtina edib süd və süd məhsulları ilə qidalananlar da olur. Kimisi yumurta yeyir hərdən, kimisi isə yox. Vegetarianlardan fərqli olaraq veqanlar istənilən növ heyvan mənşəli qidadan tam imtina edirlər. Onlar yun mənşəli geyimdən və dəri ayaqqabıdan da yan ötürlər. Hətta arı balı belə yemək olmaz. Veqanlar da iki cür olur: heyvan mənşəli qida və geyimdən təbiətə ziyan vurmamaq üçün imtina edənlər, bir də sağlamlığı qorumaq üçün bunu edənlər.
Bir çox tədqiqatçı yeni dövrün xəstəliklərinin qida ilə əlaqəli olduğunu iddia edir
Milli mətbəxin çox böyük hissəsi ət xörəyi olan Azərbaycanda bu ideyalar nə qədər yayıla bilər? Bu həyat tərzi doğrudur, yoxsa ətlə qidalanmaq? Sualların birmənalı cavabı yoxdur.
Bir çox tədqiqatçı yeni dövrün xəstəliklərinin məhz qida ilə əlaqəli olduğunu iddia edir. Yəni ət, süd mənşəli qidaların bolluq təşkil etdiyi rasiona üz tutan insanlarda şəkərli diabet, ürək-damar xəstəlikləri, xərçəngə daha çox rast gəlinir. Hətta biokimya üzrə tanınmış alim Kolin Kempbell 20 il apardığı tədqiqat nəticəsində ərsəyə gətirdiyi "Çin tədqiqatı" əsərində bu xəstəlikləri "varlı ölkələrin xəstəlikləri" adlandırıb. Ət, süd məhsulları adətən həyat tərzi yüksək olan ölkələrdə gen-bol istifadə edilir. Alim Çinin kasıb bölgələrində diabet, ürək-damar və xərçəng kimi xəstəliklərə çox az rast gəlindiyini müşahidə edib. Çinlilərin rasionu adətən düyüdən ibarətdir deyə bunlardan uzaq olurlar. Kasıb ölkələrin də öz xəstəlikləri var. Bu da daha çox qida çatışmazlığından doğan xəstəliklərdir. Qan azlığı, vərəm və qəbizliyə məhz kasıb təbəqədə rast gəlinir.
Kempbell diabet, ürək-damar xəstəlikləri və xərçəngin yaranmasında genetik faktorun vacib olduğu iddiasını bir növ rədd edir. Öz kitabında o Çinin kasıb bölgələrindən varlı ölkələrə miqrasiya edən çinlilərdə bu xəstəliklərin müşahidə olunduğunu qeyd edib. Yəni qidasını dəyişən və əvvəlki nəsillərdə heç bir diabet və ya xərçəng olmayan bu insanlar məkanı dəyişdikdən sonra bu xəstəliklərdən daha tez-tez əziyyət çəkməyə başlayırlar.
Sözsüz, hər hansı bir xəstəliyin yaranma səbəbinin kökündə ən müxtəlif faktorlar dura bilər. Yəni ekologiyanın pozulması, narkotik qəbulu, stress, oturuşmuş adətlərin dəyişdirilməsi də prosesə təsir edə bilər. Amma artıq bir sıra alimlər, diyetoloqlar, həkimlər xəstəliyə gətirən səbəblər sırasında məhz qidalanmanı əsas tuturlar.
"Dədə-babamız qoyun ətini plovla yeyib, quyruğu stəkanla içib, 100 il də yaşayıb"
Azərbaycanda ət yeyən insanların vegetarian və veqanlara qarşı istifadə etdiyi arqumentlər sırasında məhz "dədə-babamız qoyun ətini plovla yeyib, quyruğu stəkanla içib, 100 il də yaşayıb. İndi göyərti yeməklə biz heç əlliyə çatdırmarıq" ifadəsidir. Elə "Koroğlu" dastanın əsas qəhrəmanı Koroğlu da bir oturuma yarım qoyunu yeməyi ilə seçilib. Həmişə də sağlam olub. Səbəbi aydındır. Əsrlər öncə mövcud olan həyat tərzi ilə bu günümüzü müqayisə edə bilmərik. İnsan yediyini həzm etməlidir, orqanizmə daxil olan maddələr ya hüceyrənin yenidən qurulmasına yardım etməlidir, ya da bu və ya başqa yolla xaric olmalıdır. Fiziki yükü çox olan insanın orqanizmində bu proseslər qaydasında baş verir. Yediyi də ona xeyir verir.
Amma müasir insanın həyat tərzi əsasən oturaq, qidası isə olduqca boldur. 2 əsr öncə qoyun əti yemək istəyən birisi əvvəlcə onu yetişdirməli, sonra qidaya istifadə etməli idi. Qoyun də normalda ot otlamaqla böyüyərdi. Bu günün qoyununu qurumuş, köhnə çörəklə böyüdürlər. Zibilliyə tullanan qida məhsulları it-pişik, siçan-siçovul, ən yaxşı halda isə toyuq, qaz və ördəyin qismətinə düşür. Bu hələ məsələnin yaxşı tərəfidir. Böyük fabriklərdə yetişdirilən heyvanların vəziyyəti lap acınacaqlıdır, həm saxlanma şəraiti, həm verilən qida baxımından heç də qənaətbəxş deyil. O zaman bir qoyun kəsilərdi, onu bütün icma bir dəfəyə yeyərdilər.
İndi heyvan kəsilir, uzun müddət soyuducuda saxlanılır. Süni qidalar, stereoid və antibiotiklə böyüdülən heyvanın əti öz-özlüyündə insan üçün bir təhlükə mənbəyidir. Başqa cür yetişdirmək də olmur, normalda bir toyuğun əmələ gəlməsinə bir il tələb olunur, amma ferma şəraitində cücənin böyüməsi üçün qidaya hər cür qatqı qatılır. Üç aydan sonra toyuq bizim süfrəmizə düşür. Nə keyfiyyət o keyfiyyətdir, nə də köhnə kişilərdən heç kim qalmayıb.
Köpək balığı insanı yox, insan köpək balığını yeyir
Veqanlığın bir hərəkat kimi yaranmasının əsas səbəblərindən biri insanların heyvanlara qarşı qəddar davranışıdır bəlkə. Darısqal şəraitdə saxlanılan mal-qara, toyuq-cücənin vəziyyəti hətta ət yeməyə həvəskar olan insanları belə bundan imtina etməyə sövq edir. Azad otlaqda böyüyən heyvan tapmaq müşkülə çevrilir. Ətdən imtina edən insanların haqlı olduğu əslində gün kimi aydındır. Ətin qidada ümumi çəkisinin artması Yer kürəsinin təbii ehtiyatlarının tükənməsinə aparan faktorlardan biridir. İnsan bir varlıq olaraq dünya okeanında olan balıqların sayının kəskin azalmasına da səbəb olub.
Nəinki yeyilməsi mümkün olan, hətta köpək balığının da nəsli kəsilməkdədir. Köpək balığı insanı yox, insan köpək balığını yeyir. Günümüzdə balıq demək olar süni gölməçələrdə yetişdirilir. Balığı süni yolla artırmasaq, bircə belə balıq qalmaz. Toyuq, qaz, ördək, inək, qoyun kimi heyvanları tələb olunan səviyyədə yetişdirmək üçün çoxlu enerji və su sərf olunur. Bir kilo mal ətinin istehsalına 16 litr su lazımdır. Dünya əhalisi susuzluqdan əziyyət çəkir, amma əkilən soyanın 80 faizi və su ehtiyatlarını çox böyük kəsimi məhz ət sənayesində sərf olunur. Böyük sənaye kompleksləri mal-qaradan yaranan peyini utilsizə etmək iqtidarında deyil. Çox zaman bunlar elə çaylara axıdılır. Sənaye miqyasında yaranan peyinin öhdəsindən gəlmək çox qəliz məsələdir.
Ət yeməyi yarıbayarı azaltmaqla insanlar Yer kürəsinə bir qədər istirahət etmək imkan verərlər.
Veqanlar üzərində keçirilən testlər zamanı onların bir sıra xəstəliklərdən uzaq olduğu da aşkarlanıb. Bitki mənşəli qida məhsulları həm tez həzm olunur, həm də vitaminlə zəngin olurlar. Ət istifadəsi orqanizmdə patogen mikrobların və bakteriyaların çoxalmasına təkan verir. Ət yeməyənlərin salmonellyoz, brusellyoz kimi parazitlərə tutulmaq ehtimalı çox azdır. Veqanların yeganə problemi B12 vitamini çatızmazlığıdır, onu da adətən həb halında qəbul edirlər.
Əhalinin çox hissəsi ət yeməyənləri normal qəbul etmir
Azərbaycanda ət yeməyənlərin bir sıra gözdə görünən çətinliyi var. Əhalinin çox hissəsi onları normal qəbul etmir, yəni cəmiyyət buna hələ tam mənada hazır deyil. Restoranlarda ətsiz menyulara çox az rast gəlinir. Hər hansı bir tədbiri reallaşdıran şirkətlərdə gələn qonağın qida rasionu barədə sual vermək ənənəsi yoxdur. AZAL ilə uçuş edən sərnişinə ya toyuq, ya da ət yeməyi təklif olunur. Amma sərnişin həm veqan, həm də onun hər hansı ət və ya süd yeməyinə allergiyası ola bilər.
Hər halda ət sənayesinin bütün cəhdlərinə baxmayaraq dünyanı ətlə təmin etmək də olmur, bunun üçün resurs kifayət qədər deyil. Nə balıq, nə toyuq, nə də ət yetərli miqdarda yetişdirilmir. Artıq çinlilər süni ət və yumurtanı istehsal etməyə başlayıblar. Neft-qaz ehtiyatlarının tükənməsi fonunda, veqan və vegetarian olmaq ehtiyacının artacağı qaçılmazdır.
Azərbaycanda da ətdən imtina ideyası, sözsüz, genişlənəcək.