01:05 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Ziya Bünyadov prospektində avtobus dayanacağı

Qaydanı bilərəkdən pozan vətəndaşın mesajı: bir tədbir görsünlər

© Sputnik / Irade JELIL
YAZARLAR
Qısa URL
İsmayıl Rafiqoğlu
51630

"Öz gücünüzdə deyil, şəxsi marşrut sahiblərinə icazə verin, qoy camaatı daşısınlar. Əldən iti azərbaycanlılar bu işi tez yoluna qoyarlar"

BAKI, 5 sentyabr — Sputnik. Dərs ilinin başlanması insanların narahatlığını bir daha artırır. Hər gün çətinliklə avtobusa minib işdən sonra evinə hər hansı yolla çatmağı arzulayan sərnişinlərin nəqliyyatda ifadə etdiyi qorxular sırasında tezliklə rayonlardan Bakıya yönələcək tələbə axını problemi xüsusi yer tutur. “Günün bu vaxtı nə işə, nə də evə vaxtında çata bilirik, bu tələbələr gələndən sonra nə edəcəyik” kimi ifadələri nəqliyyatda hər gün eşidirik.

Hər gün bu dayanacaqda saatlarla gözləməkdən bezmişəm

Bakıətrafı kəndlərə işləyən köhnə-kültə avtobuslar bir yana qalsın, yüklənmə saatlarında hətta “Bakubus” şirkətinin parıltılı avtobuslarında yaranan vəziyyəti sözlə ifadə etmək belə çətindir. Gərək gedəsən, biləsən.

Olan hadisədir. Bu günlərdə bir sərnişin Heydər Əliyev prospektinin Xocalı prospekti ilə kəsişən nöqtəsinə yaxın dayanacaqda 1 saylı marşruta orta qapıdan mindi. Sürücü nə qədər dedisə, o, yerindən tərpənmədi. Deyir, 3 marşrut buraxmışam, burada səhərəcən qalası deyiləm ki. Lazımdır, ötürüm kartı, qoy ödəsinlər, amma düşən deyiləm. Sürücü ha xəbərdarlıq elədi, ha gözlədi, sərnişin düşmədi. Digər insanların da dediyinin xeyri olmadı. Bu orta qapıdan minən sərnişin belə bir ifadə işlətdi:

"Qoy bir yarım saat dayanaq, bəlkə, bunun bir xeyri olar, şirkətin rəhbərliyi, Bakı Nəqliyyat Agentliyinin nümayəndələri bir tədbir görərlər, hər gün bu dayanacaqda saatlarla gözləməkdən bezmişəm".

Maraqlı yanaşmadır. Vətəndaş bilərəkdən qaydanı pozur, qadağan olunan yerdən marşruta daxil olur, özü də bunu bilərəkdən edir, harasa öz mesajının çatdırılmasını istəyir. Bir tədbir görün, imkan yaradın, gedim ailəmə, evimə qovuşum.

Minən minir, minməyən də avtobusa “daş” atır

Bir neçə gün öncə hətta naməlum şəxslər  “BakuBus” avtobusunun pəncərəsini də sındırıblar. Hadisə saat 20 radələrində Gəncə prospektində qeydə alınıb.

21 saylı marşrut xətti üzrə metronun “28 May” stansiyasının qarşısından “Əhmədli” stansiyası istiqamətində hərəkət edən avtobusa yolun kənarındakı ağacların arasından ağır əşya atılıb. Həmin əşya avtobusun pəncərəsinə dəyib və zərbənin gücündən şüşə sınıb.

Avtobusa minə bilməyib küçədə qalan qəzəbli vətəndaşın reaksiyasıdır, bəlkə. İmkanın varsa, saat 17.30-21.00 arası Bakıda avtobusa minmə, heç gözləmə də. Bəzən istəsən də, minə bilməzsən.

Pik saatlarda paytaxtın ən gözəl prospektində ölkənin ən möhtəşəm marşrutunda hərəkət etmək üçün əməlli-başlı mübarizə gedir. Bu “xoşbəxtlik” hamıya qismət olmur, minən minir, minməyən də avtobusa “daş” atır, kimi sözlə, kimisi də kol dalından.

Nəqliyyata cavabdeh olan BNA və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nə kimi tədbir gördüyünü anlamaq çətindir. NRYT nazirliyinin konstruktiv fəaliyyətindən danışmaq çətindir, çünki Nəqliyyat nazirliyinin Rabitə və Texnologiyalar nazirliyinə birləşməsi elə də "qansız" ötüşməyib. İki nazirlik bir struktur daxilində ayrı-ayrılıqda fəaliyyət göstərir elə bil. Rabitə və Texnologiyalar nazirliyi heç ölkənin internet problemini həll edə bilmir, bu boyda nəqliyyat infrastrukturunun işini necə boynuna götürsün? Hərə öz işindədir.

“Koroğlu”dan marşruta pik saatda minmək bir qəhrəmanlıq aktıdır

Bəzi proseslər elə kortəbii bir axınla davam edir. İctimai nəqliyyat sərnişinləri vaxtı-vaxtında tələb olunan məkana çatdıra bilmir, bu işin düz yarısı insanları yolüstü, benzin pulunu çıxartmaq üçün daşıyan şəxsi maşın sahiblərinin üzərinə düşür. Nə yaxşı bu, baş verir? Hər gün müşahidə etdiyimiz kiçik kollaps böyüyünə çevrilərdi. İflic vəziyyətindən yaxa qurtara bilməzdik.

BNA vəziyyəti xilas etmək üçün gərgin nöqtələrə xeyli işçi qüvvəsi yerləşdirir. Məsələn, “Koroğlu” metro stansiyasında tənzimləyici rolunu daşıyan 4-5 əməkdaş taksi və şəxsi sürücüləri avtobus dayanacağından qovmaq, marşrutları qəbul etmək, çığırıb-bağırmaqla nəyəsə nail olmaq kimi işləri reallaşdırır. Əlbəttə, onların gücü ilə nəyisə yoluna qoymaq qəliz məsələdir deyə, bu meydançada 4-5 polis də hərəkəti tənzimləməklə məşğuldur.

Bu paz o PAZ-la çıxmır və ya Daha "kartof" olmaq istəmirik>>

Məsələ var, onu həll etmək heç bir dövlət qurumunun gücündə deyil. “Koroğlu”dan Bakıətrafı kəndlərə üz tutan marşruta pik saatda minmək bir qəhrəmanlıq aktıdır, çünki avtobus son dayanacağa artıq yarıdolmuş vəziyyətdə gəlir. Evinə getməyə ümidini itirən bir çox insan hələ kənddən şəhərə “Qara Qarayev” metro stansiyası tərəfdən gələn avtobusa minib özünə yer düzəldir. Məhəmmədi kəndinə gedən 217 saylı marşrut isə çox vaxt tam dolu gəlir, avtobus kiçik, getmək istəyən isə çoxdur. Sərnişinlərin yarısı elə 1-2 saat dayanacaqda gözləməli olurlar.

BNA-nın bir neçə əldən düşmüş işçisi ilə vəziyyətin dəyişəcəyinə inanmaq çətindir

Nəqliyyatın intellektual idarə olunma sisteminə sərf edilən təqribən 150 milyon manata ölkənin bütün avtoparkını təzələmək, hər sürücüyə bir neçə ağ köynək, qalstuk, kostyum almaq olardı. Hətta siqaret çəkənləri reabilitasiya kurslarına yönləndirib sərnişinlərin canını siqaretin pis qoxusundan qurtarmaq da olardı.

Bu işlərin heç biri görülmədi. Hələ də köhnə avtobuslarda elə köhnə qaydalarla hərəkət etməyə məcburuq. Açığı, BNA-nın bir neçə əldən düşmüş işçisi ilə vəziyyətin əsaslı formada dəyişəcəyinə inanmaq çox çətindir. Bu qədər maşın və insan axınının qabağında bir-iki adam nə edə bilər?

Bəs, birdən sərnişinlər “Bakubus” şirkətinin qoyduğu qaydaları tam pozmaq qərarına gəlib, avtobusa elə haradan gəldi minməyə başlasalar, BNA vəziyyəti idarə edə biləcəkmi?

Ya sürücü maşını atıb getməlidir?

Bəzən çətin görünən işlərin həlli çox zaman sadə qərarlardan asılıdır. Əgər nəqliyyatın gücü çatmırsa, yüklənmə dövrü xəttə çoxlu kiçik marşrut buraxmaq gərəkdir. Doldu, çıxdı getdi. Öz gücündə deyil, şəxsi marşrut sahiblərinə icazə verin, qoy camaatı daşısınlar. Bir xüsusi icazə ilə düzələn məsələdir. Əldən iti azərbaycanlılar bu işi tez yoluna qoyarlar.

Əgər bir marşrut sərnişin yükünü tam üzərinə götürə bilmirsə, deməli, başqa variantları düşünmək, alternativ yollar aramaq gərəkdir.

Bir nazirliklə bir agentlik birləşib nəsə düşünə bilərlər, yəqin…

Əlaqədar

Paytaxtda reyd: "Avtoş"lar, sərxoş sürücülər saxlanıldı
Qadağanı bilirik, dayanmaya bilmirik - Sürücülər dərdlərinə çarə axtarırlar
"BakuBus"un avtobusu qəzaya uğradı - VİDEO
Bakıya yeni avtobuslar gətirilir
Bakıda iki marşrut xətti ilə bağlı qərar verildi – Müqavilə ləğv edildi

Əsas mövzular