BAKI, 29 avqust — Sputnik. Əgər "AzNet"in özündə Azərbaycan vətəndaşı fərli-başlı məlumat tapa bilmirsə...
Demək olar, hər gün televiziya efirindən ölkənin informasiya təhlükəsizliyini necə qorumaq barədə verilişə baxırıq. Media ekspertləri, informasiya saytları və agentlik rəhbərləri, jurnalistlər elə hey internetdən gələn təhlükələrdən danışırlar.
Hollivudla rəqabət aparmaq gücümüz yoxdur
Buna bənzər digər verilişlərdə milli-mental dəyərlərin aşılanmasından, tarixi həqiqətlərdən, kino və mədəniyyətdən də danışılır. İnternetdən axınla gələn kino, musiqi, animasiya filmləri özü ilə yeni ideyalar, fikirlər, ideologiyalar, dini baxışlar da gətirir. Azərbaycanın milli kəlağayısı artıq dəbdən düşüb, dindar xanımlar nədənsə daha çox digər islam ölkələrində geyilən baş örtüklərinə üstünlük verirlər. Həm təbliğatın rolu olub, həm də geyməyə başqa bir nəsə yoxdur. Elə geyim də xaricdən gəlir. İndi bizim bir kəlağayının qiymətinə bütöv bir geyim dəsti almaq olar.
Bizim gəncləri artıq London və ya Vaşinqtonun gənclərindən heç cür ayırmaq olmur. Eyni cins şalvar, smartfon, idman ayaqqabısı. Mövzuları da eynidir. “Game of thrones”, yəni “Taxt-tac oyunları” filmini müzakirə edəcəklər. Özü də elə həvəslə danışırlar, elə bil əsil-nəslinin şəcərəsini müzakirə edirlər.
AzTV-də bu yaxınlarda mərhum aktyor Şahmar Ələkbərovu yada salırdılar. Sağ qalsaydı, 76 yaşı tamam olardı. Sözsüz, Şahmar Azərbaycan kinosu tarixində seçilən bir şəxsiyyət olub. Amma nə olsun? Nə qədər filmdə çəkilib? Vur-tut 25-də. Yəni müasir gəncin baxa biləcəyi 1 həftəlik film normasını ortaya qoyub. Rejissor kimi də 3 filmi var. Bu da əlavə bir gün. Bəs sonra nəyə baxmalıyıq? Əlbəttə, Hollivud istehsalına.
Azərbaycan kanallarının hansısa məhsul istehsal etməsi, bizim üçün əhəmiyyətli şəxsiyyətləri yada salması çox yaxşı haldır. Sadəcə, Hollivudla rəqabət aparmaq gücümüz yoxdur. Xarici kontentin qarşısında çox acizik, nə verdilər yeməyə məcburuq. Hamburgeri də yeyirik, donuzdan hazırlanan kolbasanı, pizzanı da. Nə yeyəsən axı? Hər nə gəlirsə, oradan gəlir. Əvvəl televiziya və internetdən ideya halında, sonra isə "McDonald's" restoranı formasında.
Yaxşısı xarici agentlikdən xəbəri götürüb verməkdir
Azərbaycan gənci bu gün informasiya kanalları vasitəsilə bizə ötürülən yad məhsulu “yeməyə” məhkumdur. Media kapitanlarının ekrandan “qəzəbli” çıxışlarının da mənası yoxdur, çünki araşdırsan, həmin informasiya platformasında istehsal olunan xəbərlərin çoxunun “importnı” olduğunu görərik, tərcümə yazılarıdır. Özünün nəsə istehsal etməyə halı yoxdur, elə yaxşısı xarici agentlikdən xəbəri götürüb verməkdir. Kiçik informasiya saytları çox zaman heç işə jurnalist yox, məhz xarici dil bilən birisini götürürlər, o da bütün günü oradan-buradan nəsə tapıb düzəldir.
Dünyanın aparıcı güc mərkəzlərinin istehsal etdiyi kontentlə mübarizə aparmaq, əlbəttə, gülüncdür. Böyük maliyyə və informasiya resursları məhz orada cəmlənib. Amma özünüqoruma instinktini də gərək öldürməyək. Beş dəfə Hollivud filminə baxanda, bir dəfə də “O olmasın, bu olsun”u yada salaq.
Televiziya və radiolar yenə pis-yaxşı efir məkanını doldururlar. Təsadüfü də olsa, kimsə əlində pult ora-bura kanal axtaranda bir dəfə də bizim televiziya kanalına düşə bilər. Radio isə bütün günü yolda olan sürücüləri ən azı bir qədər əyləndirir. Amma internetimiz boşdur. Yəni öz dilimizdə nəsə tapmaq qəliz məsələdir, fundamental bilik, standart məlumat bazası yoxdur.
Hazırda internetdə yüzlərlə yanlış fikir, rəy mövcuddur
Fundamental bilik və ya standart məlumat bazası dedikdə nə nəzərdə tutulur? Yəni “2 vur 2 bərabərdir 4” - bu hamıya məlum olan bir məlumatdır. İnternetdə hansı saytın üstünə getsək, bu eyni olacaq. İndi təsəvvür edək, belə bir etalon yoxdur. Bir yerdə 2x2=5, digər yerdə isə 2x2=3.5 verilib. Nəticə nə olacaq? İnsan bu məlumat sırasında düzgün qərar qəbul edə bilməyəcək. Hazırda internetdə yüzlərlə yanlış fikir, rəy mövcuddur. Biz bu reallığı qəbul etməliyik, amma hər halda doğru qərar qəbul etmək üçün akademik elmi saytlara müraciət etməyə üstünlük veririk.
Bizim Azərbaycan internetinin əsas dərdi bu tip baza biliklərinin toplandığı məkanların olmaması, və ya az olmasıdır. Dünyanın aparıcı dillərində insanı qane edəcək hər bilik forması var. "AzNet"də isə hər hansı bir ciddi məlumatı tapmaq müşkül məsələdir. Deyək, “Amerikalılar Ayda olub, ya olmayıb” sualını özünə verən azərbaycanlı bu barədə ana dilində heç bir əsaslı informasiya tapa bilməz. Amma axtarışı ingilis və ya rus dilinə keçirsə, hər məqam dəqiqliyi ilə aydınlaşar. Çünki belə bir müzakirələr internetdə var, amma amerikalı astronavt Armstronqun Aya uçuşu hər detalı ilə qeydə alınıb, internetdə də yerləşdirilib. SSRİ DTK-sının ciddi nəzarətində olan bir məsələdə Aya uçuşun imitasiya olması barədə iddialar ən azı gülməlidir.
Sonra da deyirik, insanlarda vətənpərvərlik hissi azalıb
Amma Azərbaycan istifadəçisi bu məsələni yalnız xarici dil bilməklə araşdıra bilər. Armstronq bir yana qalsın, ən azı 2019-cu il Nəsimi ili elan olunub. Hər gün bununla bağlı bir tədbir reallaşır, amma internet axtarışında ilk yerdə Nəsimi haqqında məlumat məhz Vikipediyada var.
Kimya, fizika, riyaziyyat, tarix kimi sahələrdə də eyni vəziyyətdir. Bəzi maraqlı resurslar məhz ayrı-ayrı fərdlərin, ya ictimai təşkilatların fəaliyyəti sayəsində var. Məsələn, Mirzə Ələkbər Sabirin barəsində məlumat xeyli çoxdur, çünki ev muzeyi var, onun da saytında Sabirin həyat və yaradıcılığı ətraflı əks olunub. Həmçinin də Səməd Vurğunun ev muzeyinin saytı olduğuna görə orada kifayət qədər dolğun məlumat var.
Əgər "AzNet"in özündə Azərbaycan vətəndaşı fərli-başlı məlumat tapa bilmirsə, o məlumatı xarici mənbələrdə axtarır. Sonra da deyirik, insanlarda vətənpərvərlik hissi azalıb.
Strateji kontenti itirmək təhlükəsi var
Bu problem dünyanın hər yerində internetdə reallaşan irimiqyaslı layihələrin hesabına həll edilir. Hansısa fərd Nizami adında sayt yarada bilər, amma bu resursu ilbəil saxlamaq iqtidarında olmaz. Yəni resurs 3-5 il işləyər, sonra qlobal şəbəkədə yox olar.
Azərbaycan internetinə dövlət büdcəsindən maliyyələşən bir neçə irimiqyaslı layihə lazımdır. İntensiv işləsək, hər sahə üzrə tələb olunan kontenti 3-4 ilə yerləşdirərik. Özü də bura yerləşən məlumat bazasının vətəni də elə Azərbaycan olmalıdır. Yoxsa, öz məlumatını başqa serverdə saxlamaqla strateji kontenti həmişə itirmək təhlükəsi var.
Birinci növbədə İnternet komissiyası təşkil etməli, hansı əhəmiyyətli informasiyanı yerləşdirəcəyimizi bilməliyik. Qonşu Rusiyada hətta ötən əsrin ortalarında dərc olunan “Oqonyok” jurnalının bütün sayları internetdə var. Hətta sovet liderlərinin bütün çıxışlarını da tapmaq olar. Bəlkə kiməsə lazımsız görünər. Bəlkə də. Amma var.
"AzNet"in kontentlə doldurulması təkcə dövlətin işi deyil
Rusiyada efirdə getmiş tele və radiotamaşalar da internetdə var. Rusiya vətəndaşı öz tarixi ilə bağlı istənilən məlumatı internetdə tapa bilər. Bəyəm bizim radionun arxivi yoxdur? Niyə bəzi əhəmiyyətli tamaşaları yerləşdirməyək? Ya verilişləri? Axı, dilin ən gözəl daşıyıcıları olan aparıcılar məhz Azərbaycan radiosunda olub. Deyirik, nitqimiz pozulub. Pozular! Onun-bunun yararsız danışığını eşitməkdən uşaqların nitqi də itir.
"AzNet"in kontentlə doldurulması təkcə dövlətin işi deyil. Hər bir vətəndaşdan tutmuş böyük şirkətlərə kimi bu məsələdə aktiv olmalıyıq. Zəfəran, nar, iydə, zeytun, şanı kimi Azərbaycanda tanınan bitkiləri öz brendinə çevirən şirkət az deyil. Amma ölkə florasının internetdə layiqli təmsil olunması üçün resurs yaradan çoxmu şirkət var? Hərə bir istiqamətə sponsorluq etsə, bir neçə ilə "AzNet"in siması kökündən dəyişər. Hər bir görülən işdə həm ictimai maraq baxımından, həm də şirkətin özünün adının yaxşı mənada hallanması nəzərindən xeyir var. Hər Azərbaycan vətəndaşı bir kitabı elektron formada yığıb internetə yerləşdirsə, bütün ədəbiyyatımız orada təmsil olunar.
Bir çox ölkədə kitabları səsləndirən minlərlə könüllü var. Həm rahatdır, həm də görmə problemi olan insanların işinə yarayır. İş başında olan evdar qadınlar da lazımsız serial əvəzinə maraqlı bir kitaba qulaq asarlar.
28 ildir müstəqilliyi bərpa etmişik, Bakının hər tinində ucu-bucağı bilinməyən supermarket tikmişik, amma ortaya qoyulası bir neçə sanballı elektron kitabxanamız yoxdur.
Daş dövründən yaxa qurtarmağın zamanı yetişib.