05:51 16 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Hercai serialından bir kadr

Peşəkar əlindəki möhtəşəm iş, yaxud məşhur türk serialının uğuru nədədir?

Instagram / hercaidizi
YAZARLAR
Qısa URL
139310

Meydanı istedadsız və savadsız adamlara açanda ortada sənət də məhv olur, istedadlı adamlar da

BAKI, 18 iyun — Sputnik. Yarım əsrə yaxındır ki, bu məzmunu izləyirik. Hind kinoları da, Türkiyə film və serialları da bundan bəhs edir: gözəl qızla yaraşıqlı oğlan bir-birlərini sevirlər. İkisi də əsl atasını tanımır. Ailələri düşməndir və onların qovuşması üçün çoxlu əngəllər var. Bir tərəfdən də aşağı-yuxarı eyni xarakterli rəqib aşiq obrazları canlanır.

Hər filmdən, hər serialdan bir hissəni götürüb "Hercai" adlı ssenari yazıblar. Daha doğrusu, bunu əvvəlcə "Hercai" romanının müəllifi Sümeyye Koç edib. Həmin roman da ssenariləşdirilib və ortaya "Hercai" serialı çıxıb.

Əvvəlini də, ortasını da, axırını da bildiyimiz bu məzmun niyə insanların marağına səbəb olub? Axı eyni mövzunu onlar dəfələrlə izləyiblər. Hətta bundan dörd əsr əvvəl Şekspir də iki düşmən ailənin övladlarının eşqindən bəhs edən "Romeo və Cülyetta" adlı pyes yazıb. Hind filmlərinin finalında qəddar bir kişini öldürmək istəyən gənc oğlana "əl saxla, o sənin atandır" deyən qadınları görməmişikmi? Bütün Türkiyə seriallarında Londonda təhsil alan bir gənc vətəninə qayıdanda ailəsinin adət-ənənəsinə qarşı çıxmırmı, yaxud əri tərəfindən sevilməyən bir qadın onu əldə etmək üçün özünü bıçaqlayıb başqasının üstünə atmırmı?

Bütün bunlara rəğmən, "Hercai" serialı niyə izlənilir? "Hercai" serialının məzmununda bu sadaladıqlarımdan fərqli, qeyri-adi olan nə var?

Burası artıq bir az peşəkar işidir. İşi bilən bir adam baxanda o fərqi dərhal anlayır. Kütlənin böyük qismi maraqla bu serialı izləyir. Kiçik üsyankar bir kəsim ənənəviliyə etiraz naminə bu serialın izləyici kütləsini məsxərə obyektinə çevirir. Onlar da serialın şablonlarla dolu olduğunu, pafosa və bayağılığa vardığını yaxşı bilirlər. Lakin peşəkar olmadıqları üçün ortadakı fərqi görmədən izləyənləri qınayırlar.

Sadə bir misal çəkəcəm: evli bir qadının yad bir kişiyə aşiq olduğunu, ona inanıb, güvənib öz ərinə xəyanət etdiyini, hətta öz ərindən boşanıb o kişiylə evlənmək istədiyini, daha sonra isə aşiq olduğu kişinin evli olduğunu və bu qadınla sadəcə müvəqqəti əyləndiyini öyrənib intihar etdiyini çox izləmisiniz. Filmlərdə, seriallarda, romanlarda kiçik bir epizoddur bu məzmun.

Lakin Gənc Tamaşaçılar Teatrında rejissor Mehriban Ələkbərzadə yazıçı Tamara Vəliyevanın "Cəza" adlı eyni məzmunlu monopyesini elə səhnələşdirir və aktrisa Kəmalə Müzəffər o qəhrəmanı elə canlandırır ki, həyatında heç vaxt görmədiyin, heç vaxt izləmədiyin, yeni və çox maraqlı bir hadisə kimi həyəcanla, maraqla izləyirsən, təsirinə düşürsən. Bəs Mehriban Ələkbərzadə bunu necə bacarır? Çünki adam öz işini bilir. Sənətinin ustasıdır. Təqdimat bacarığı var. Ona çox kiçik, mahiyyətsiz-maraqsız bir hadisə danış, ondan fövqəladə bir tamaşa düzəltsin.

Kevin Hart
© AFP 2019 / FREDERIC J. BROWN

"Hercai" serialının uğuru da oxşar yoldan keçir. Adamlar təqdimatı bacarırlar. Ənənəvi məzmuna elə dinamik səhnələr, elə dialoqlar salırlar ki, tamaşaçını ekrana kilidləyirlər. Rejissor işi, operator işi, aktyor oyunu, səs effektləri – hamısı ustalıqla qurulur. Adi bir ayaq tappıltısından ürək döyüntüsünün ritmini çıxarırlar. Bir at baxışında taleyin hüznünü simvolizə edirlər. Bir daş parçasına dünyanın milyon illik tarixinin şahidi kimi yanaşırlar. Bir qara yaylığı 27 illik yasın bayrağı kimi göstərirlər. Obrazlara xarakter, özünəməxsusluq verirlər. Məsumiyyəti ürkək həyəcanlarda, qəddarlığı susqun və hiyləgər baxışlarda düyünləyirlər.

Bütün bunların yanına biraz da montaj qoyurlar və ortaya "Hercai" çıxır. Tamaşaçı da onu rahatlıqla qəbul edir. İnanır və təsirlənir. Çünki iş peşəkarın əlindədir, hər yerindən duranın yox.

Türkiyə istehsalı Diriliş Ərtoğrul serialından kadr
© Photo : © MNS studio 2014 / "Diriliş Ərtoğrul" serialından kadr

Söhbət bizə gələrsə, Azərbaycanda ədəbi əhəmiyyəti baxımından "Hercai"nin mövzu və məzmununa silgi çəkə bilən əsərlər var. Niyə bu əsərlər "Hercai" kimi rekord qırmır? Çünki o əsərləri xalqa təqdim edə biləcək peşəkarları məhv edirlər. Qeyri-peşəkarlara isə meydan veriblər, onlar da özləri üçün bir cızma-qara ssenari yazıb, kamera götürüb serial çəkirlər.

İş peşəkarın əlində olanda yüz ilin çeynənmiş məzmunundan "Heraci" kimi rekord qıran ekran işi çıxarır. Amma meydanı istedadsız və savadsız adamlara açanda ortada sənət də məhv olur, istedadlı adamlar da. Xalq da baxıb deyir ki, sonuncu aktyorumuz Həsən Məmmədovla, sonuncu aktrisamız Nəsibə Zeynalova ilə, sonuncu rejissorumuz Rasim Ocaqovla getdi. İndi olanları görmürlər, çünki səlahiyyətli şəxslər və qurumlar indi olanları xalqa göstərmək istəmir.

Əsas mövzular