03:11 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
137942

Bığını qırxdığı üçün daşa basırlar, qadın rolu oynadığı üçün evini güllələyirlər, yeməkxanalardan qovurlar, ac-susuz qalır, nəm və uçuq daxmasında vərəmə yoluxur, amma ömrünün sonuna qədər sənətini, səhnəni atmır, yorulmur, usanmır!

(Tarixi araşdırma — birinci yazı)

BAKI, 3 may — Sputnik. O, 1881-ci ildə kasıb dənizçi ailəsində doğulub. Atası bir dəniz fırtınasında həlak olub. Anası iki azyaşlı uşağını böyütmək üçün varlı evlərində xidmətçilik edib. Əvvəlcə, mollaxanada oxumaq-yazmaq öyrənib. 12 yaşı olanda "ruski-tatarski" məktəbə daxil olub. Burada Soltanməcid Qənizadədən dərs alıb. Bu məktəbdə müəllimləri ara-sıra səhnələşdirilən tamaşalarda ona kiçik rollar verirlər.

1897-ci ildə elə Soltanməcid Qənizadənin rejissorluğu ilə səhnələşdirilən Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasında Kərim rolu ona verilir. Bu, onun ilk böyük rolu olur. 1905-ci ilə qədər o, bir sıra tamaşalarda müxtəlif rollar oynasa da, öz müəllimlərinin, yoldaşlarının, tamaşaçıların, mətbuatın diqqətini çəkə bilmir. Ta ki, 1905-ci ildə Azərbaycan teatrı tarixində bir ilk olan Lənkəran qastrolunda Nəcəfbəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindəki Rüstəm bəy obrazını ifa edənə qədər…

Bu qədər çətin yollardan keçmiş, 1905-ci ilə qədər heç kəs tərəfindən tanınmayan, bir aktyor kimi qəbul edilməyən adam bu tarixdən sonra bütün Qafqazın məşhur tragik artisti, Azərbaycanda professional aktyor və rejissor sənətinin banisi, teatr tarixinin ilk qastrollarının iştirakçısı, Avropa və rus əsərlərini Azərbaycan teatrı səhnəsində ilk dəfə səhnələşdirən Hüseyn Xələfov (Ərəblinski) olur. Hansı ki, ondan sonra bu günəcən teatr sənətinə qədəm qoyan hər kəs üçün bir ideala, bir qəhrəmana çevrilir.

O, Üzeyirbəy Hacıbəyovun opera və operettalarını ilk dəfə səhnələşdirir. 1916-cı ildə çəkilən və Azərbaycan filminin təməli hesab olunan "Neft və milyonlar səltənətində" filmində baş rolu ifa edir. O, öz sənətini, səhnəni hər şeydən üstün tutub ona qarşı çıxanlara üsyan edir. Bığını qırxdığı üçün daşa basırlar, qadın rolu oynadığı üçün evini güllələyirlər, yeməkxanalardan, dükanlardan qovurlar, ac qalır, susuz qalır, nəm və uçuq daxmasında vərəmə yoluxur, amma ömrünün sonuna qədər sənətini, səhnəni atmır, yorulmur, usanmır! Var qüvvəsi ilə Azərbaycan teatrını dünya teatrı səviyyəsinə çatdırmaq, Azərbaycan səhnəsinə aktrisa çıxarmaq, teatr binalarının tikilməsi, xalqın mədəniyyətə maraq göstərməsi üçün mübarizə aparır.

1905-ci ildə Lənkəran qastrolunda tamaşalar oynayan truppanın aktyoru olan Hüseyn Xələfov, 1906-cı ildə Dərbənd qastrolu zamanı həmin truppanın rejissoru olur. Nə baş verirsə, elə bu qastrol zamanı baş verir ki, Hüseyn Xələfov qəfildən Hüseyn Ərəblinskiyə çevrilir və bu günəcən onu tanıyanların düşüncəsində düyünlənən, müəmmaya çevrilən sirr də elə həmin qastroldadır. Əbəs deyil ki, Mehdi Məmmədovdan Hüseyn Ərəblinski haqqında soruşanda "Qadını tapın!" deyərmiş və susarmış.

Hüseyn Xələfovun Ərəblinski ləqəbini götürməsi ilə bağlı bir sıra mənbələrdə biri-birindən tam fərqli məlumatlara rast gəlirik. Hüseynqulu Sarabski bu barədə belə yazır: "1905-ci ilin iyulunda biz birinci dəfə olaraq Lənkərana qastrola getdik… Hüseyn bizə utanaraq dedi ki, xahiş edirəm, afişada mənim adımı yazanda Xələfov yox, Ərəblinski yazın". (Hüseynqulu Sarabski — "Hüseyn Ərəblinskinin tərcümeyi-halı")

Amma Hüseynqulu Sarabskinin yazısından başqa bütün mənbələr Hüseyn Xələfovun Ərəblinski ləqəbini 1906-cı ildəki Dərbənd qastrolundan sonra götürdüyünü deyir. Murad Muradov öz xatirələrində yazır ki, Hüseyn Xələfov Ərəblinski ləqəbini Dərbənddə onun tamaşalarına həvəslə baxan və ona rəğbət bəslədiyini bildirən Ərəblinskaya soyadlı bir qızın xatirinə götürmüşdür. (Dövlət Teatr Muzeyində saxlanılan "Hüseyn Ərəblinski haqqında xatirələrim" adlı əlyazma)

Bu faktı Mehdi Məmmədov da təsdiqləyir. Hacıağa Abbasov öz xatirələrində yazır: "Bir dəfə Dərbənd qastrolu zamanı orada yaşayan general Ərəblinski bizi öz malikanəsinə qonaq çağırdı. Qonaqlıq zamanı Hüseyn "Ərəblinski"ni səhnə təxəllüsü kimi qəbul etdi". (Qobustan incəsənət toplusu, 1971)

Murad Muradovun haqqında danışdığı qız general Ərəblinskinin qızı idi. Hacıağa Abbasovun xatirələrindən görürük ki, Hüseyn Xələfov Dərbənddə bu ailənin evində olub. Deməli, kifayət qədər isti münasibətləri var idi. Amma aşkar, yaxud gizli olan bütün həqiqətlərə söykənib əminliklə demək olar ki. Hüseyn Ərəblinski ilə o xanım arasında aktyor-pərəstişkar münasibətindən qeyri heç nə olmayıb. Bəlkə də xanım Ərəblinskayanın daha səmimi münasibəti varmış, amma Hüseyn Xələfovun səhnədən başqa sevdiyi heç nə və heç kəs yox idi.

Bəs general Ərəblinskinin qızı xanım Ərəblinskaya kim idi? Niyə bu soyad Azərbaycan teatrının gəlmiş-keçmiş ən nəhəng simasının müəammalı ölümünə səbəb oldu? Niyə Bakının bütün milyonçuları Hüseyn Ərəblinskiyə nifrət edirdilər? Bu və başqa sualların cavabı növbəti yazıda…

Əlaqədar

Seks-simvol olmaq istədilər, amma...
Müharibə mədəniyyəti
Sənət rüşvətə yoluxanda...
Bizim sənət fədailərimiz kimlərdir?
Teqlər:
Hüseyn Xələfov, Üzeyirbəy Hacıbəyov, Hüseyn Ərəblinski, Nəcəfbəy Vəzirov, Mirzə Fətəli Axundov, Soltanməcid Qənizadə, mədəniyyət, teatr

Əsas mövzular