HADİSƏ

Göyçayda əhali susuz qalıb

Qəza baş verən magistral su kəmərindən qidalanan və 140 kilometr uzunluğu olan şəhər boru şəbəkəsindən suyun pompalar vasitəsilə çəkilərək boşaldılması təmin edilib.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Göyçayda Əli Kərim küçəsindən keçən və diametri 400 millimetr olan boru xəttində partlayış baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, su borusunun partlaması nəticəsində Göyçay şəhərinin mərkəzindəki Heydər Əliyev prospektinin aşağı hissəsində yerləşən bütün binalarda və həyət evlərində yaşayan sakinlərə, dövlət və özəl obyektlərə verilən içməli su kəsilib.
Azərsu ASC-nin nümayəndəsi Bəxtiyar Yəhyayevin sözlərinə görə borunun partlaması nəticəsində 5000 abonent susuz qalıb.
Gecə saatlarında baş verən qəzanın aradan qaldırılması və əhalinin tez bir zamanda içməli su ilə təmin edilməsi üçün hazırda Göyçay Su Kanal İdarəsinin bütün işçiləri və texnikaları hadisə yerində çalışır.
Qəza baş verən magistral su kəmərindən qidalanan və 140 kilometr uzunluğu olan şəhər boru şəbəkəsindən suyun pompalar vasitəsilə çəkilərək boşaldılması təmin edilib.
Günün ikinci yarısında boruda qaynaq-bərpa işləri görüləcək.Axşam saatlarına qədər təmir işlərinin başa çatdırılması və gecə saatlarında anbardan boru şəbəkəsinə suyun doldurulması prosesi başlanıldıqdan sonra əhali su ilə təmin ediləcək.
Həmçinin oxuyun:
Kəndlilər torpaq sahələrini necə suvarır? Nazirlik su probleminin həllini açıqladı
Əkin sahələri Qarabağdan gələn su İlə suvarılacaq - Foto
Qarabağda iki yeni su anbarı tikiləcək
Suqovuşan azad edildi, heç su görməyən otuz min hektar ərazi suvarıldı
Şuşa şəhərinin su təchizatı təmin edilib