BAKI, 7 yanvar — Sputnik. Almaatı şəhərində inzibati binalara hücum edən 70-dən çox şəxs saxlanılıb. Bu barədə Sputnik Qazaxıstan şəhər polisinə istinadən xəbər verir.
“Almatıda inzibati binalara hücum edən 70-dən çox yaraqlı, 30-dan çox talançı saxlanılıb”, - deyə məlumatda bildirilir.
***
Qazaxıstanın bütün regionlarında asayiş bərpa olunub. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezident Administrasiyasının rəhbərinin müavini Dauren Abayev bildirib.
"Hazırda quldurların qalanlarının axtarışı həyata keçirilir. Hazırda ölkənin bütün regionlarında asayiş bərpa olunub", - deyə Abayev qeyd edib.
O, bildirib ki, xeyli sayda yaraqlı zərərsizləşdirilib və saxlanılıb. O, əlavə edib ki, onların şəxsiyyəti müəyyənləşdirilib.
Abayev vurğulayıb ki, Qazaxıstandakı "işğalçılar" peşəkarcasına hərəkət edib, öz kommunikasiyalarından istifadə ediblər, canlı yayıma keçmək cəhdləri olub, snayperlər işləyib.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib. Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir. Qazaxıstanda KTMT sülhməramlıları dövlət və hərbi obyektləri mühafizə edəcək, yerli hüquq-mühafizə orqanlarına vəziyyətin sabitləşdirilməsində kömək edəcəklər.
Eləcə də oxuyun:
* Tokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlama
* Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar