BAKI, 6 yanvar — Sputnik. Türkiyəli aktyor Erdal Özyağcılar koronavirusun "Omicron" ştammına yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyor "Instagram" hesabında yazıb.
E.Özyağcılar 4 dəfə vaksin vurdurduğunu, buna rəğmən xəstəlikdən qaça bilmədiyini qeyd edib: "İki "Sinovac", iki "BioNTec" vaksin vurdurdum, amma yenə də virusdan qaça bilmədim. Qrip kimi bir şeydir, amma siz yenə də diqqətli olun. Pəyvəndlərinizi vurdurun. Əyləncələrə görə qapalı yerlərdən uzaq durun. 1 həftə, 10 gün sonra yenidən səhnədə olacağam".
Məlumat üçün bildirək ki, daha çox Türkiyənin məşhur teatrlarında rol alan 74 yaşlı aktyor "Postacı", "Şabaniye", "Abdülhamit Düşerken", "Yabancı Damat", "Çöpçüler Kralı", "Koltuk belası", "Bizimkiler", "Gülümse yeter" kimi onlarla film və seriallarda rol alıb. Qeyd edək ki, usta aktyor sonuncu dəfə "Yasak elma" serialında rol alıb.
Epidemioloqlar “omikron“ ştammının yayılma sürətindən narahatlıq ifadə ediblər. Bildirilib ki, Avstriyada “omikron“ ştammına ilk yoluxma halı 47-ci təqvim həftəsində (22-28 noyabr) aşkarlanıb və həmin vaxt yoluxanların sayı 10 nəfər olub. 51-ci təqvim həftəsində (20-26 dekabr) bu göstərici 1905-ə, ilin sonuncu həftəsində isə 4360-a yüksəlib.
İndiyədək əldə olunmuş tibbi biliklər əsasında “omikron“ ştammı ilə yoluxanların xəstəliyi ağır keçirmədikləri qeyd edilir və virusun endemik xəstəliyə çevrilməsini sürətləndirəcəyi ehtimal olunur.
Həmçinin oxuyun:
Koronavirusun yeni növü peyda oldu: Omikronun "qardaşı" İHU dünyaya gəlib