DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Koçaryan Paşinyanı küncə sıxdı - Danışıqlar prosesi üçün təhlükə varmı?

Paşinyan reallıqları dərk etsə də, Ermənistan daxilindəki revanşist qüvvələr proseslərin bu cür davam etməsinin onların şəxsi maraqları üçün faciəvi olacağını başa düşürlər.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Ermənistanın ikinci prezidenti Robert Koçaryan Ermənistanın Baş naziri Nikol Paşinyanın yürütdüyü siyasəti kəskin tənqid edib. O, Paşinyan hakimiyyətinin təhlükəsizlikdən tutmuş xarici siyasət, təbliğat, iqtisadiyyat və sosial məsələlərədək Qarabağ tənzimləməsinin bütün sferalarında iflasa uğradığını bildirib. Koçaryan qeyd edib ki, Ermənistan Qarabağ məsələsindən əlini üzüb.
Sputnik Azərbaycan Ermənistanda hökm sürən siyasi gərginliyin Azərbaycanla danışıqlar prosesinə təsirlərini araşdırıb. Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Əhməd Əlili fikirlərini bölüşüb.
Millət vəkili Arzu Nağıyev deyib ki, son görüşlərdən sonra Paşinyanın çıxışları müsbət addım kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Paşinyanın bəyanatları da Ermənistanı sülhdən başqa çıxış yolu olmaması ilə barışdırıb:

"Bu gün Azərbaycanla sülh müqaviləsi imzalanmasa, keçmiş münaqişə bölgəsində separatçıların status sərsəmləmələri ortadan qalxmasa, Ermənistan bundan ağır ziyan çəkəcək. Onlar da yaxşı başa düşürlər ki, Azərbaycan bütün məqsədlərinə nəyin bahasına olursa-olsun nail olacaq".

Millət vəkili qeyd edib ki, görüşlərin heç birində status məsələsindən danışılmır:
"Müzakirə mövzuları aydındır: sərhədlərin müəyyən edilməsi, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə salınması. Bütün proseslər qalib tərəfin - Azərbaycanın gözləntilərinə uyğun olaraq cərəyan edir".
Arzu Nağıyev bildirib ki, Paşinyan reallıqları dərk etsə də, Ermənistan daxilindəki revanşist qüvvələr proseslərin bu cür davam etməsinin onların şəxsi maraqları üçün faciəvi olacağını başa düşürlər:

"Həmin qüvvələri sonda həbs olunmaq təhlükəsi gözləyir. Proseslərin bu yerə gəlib çıxmasında Sarkisyan, Koçaryan və quldurbaşı Araikin rolu var. Onların azğın niyyətlərinin cəzasını da erməni xalqı çəkir".

Arzu Nağıyevin fikrincə, proseslərə Rusiyanın və Qərbin də təsiri özünü göstərməkdədir:
"Birmənalı şəkildə deyə bilərik ki, Koçaryan və Sarkisyan cütlüyü özlərini sığortalamaq üçün Paşinyana təzyiq edirlər, onun üzərinə gedirlər. Koçaryan hər vəchlə düşdüyü vəziyyətdən çıxmağa çalışır".
Politoloq Əhməd Əlili isə hesab edir ki, 44 günlük müharibədəki məğlubiyyət Ermənistandakı böhranı gərginləşdirdi:

"Biz görürük ki, bu böhran təkcə siyasi sfera ilə məhdudlaşmır. Ona həm iqtisadi, həm sosial, həm mədəni komponentlər daxildir. Biz gözləyirik ki, bu böhran hələ uzun müddət davam edəcək. Düşünürəm ki, böhranın ilkin fazası Nikol Paşinyanın hakimiyyətdən getməsi və konsensus əsasında yeni liderlərin tapılması ilə başa çata bilər".

Əhməd Əlili qeyd edir ki, son müharibədə Qarabağın itirilməsi ilə nəticələnən məğlubiyyət Ermənistan siyasi mühitində uzunmüddətli problemlərə gətirib çıxaracaq:
"Biz Nikol Paşinyanın yaxın ətrafında da maraqlı proseslərin getdiyini görürük. Ermənistan siyasi landşaftı çox sürətlə siyasi qütbləşməyə məruz qalır".
"Paşinyanın rəhbərlik etdiyi fraksiya parçalanmaya məruz qalıb. Araik Harutyunyanın da son verdiyi bəyanatlar bunu göstərir. Paşinyan bir vaxtlar demokratik hesab etdiyi yoldan tamamilə uzaqlaşmaqdadır və çalışır ki, hakimiyyətini uzatsın. Bu istiqamətdə nə qədər qeyri-demokratik addımlar atmaq lazımdırsa, ona getməyə hazırdır", – deyə politoloq vurğulayıb.
Ə.Əlilinin sözlərinə görə, Paşinyanın nə etməsindən asılı olmayaraq Ermənistan öz subyektivliyini itirib:
"Regionun gələcəyi ilə bağlı məsələlər Azərbaycan-Türkiyə-Rusiya üçbucağında müəyyən olunacaq. Ermənistan daxilində baş verənlər bu proseslərin sadəcə legitimləşməsini gecikdirə bilər. Real siyasi qərarların verilməsində Ermənistan siyasi isteblişmentinin təsiri yoxdur".
Həmçinin oxuyun:
Paşinyanın çıxışları ilə bağlı tam optimist olmaq olmaz - Şəfiyev
Paşinyan, gözlənilməz gedişlər və o, niyə Qarabağdan təcili can qurtarmağa çalışır?
Paşinyan Qarabağın niyə Azərbaycanın tərkibində olmalı olduğunu izah edib
Paşinyandan Azərbaycana Avropa İqtisadi İttifaqı və sülh müqaviləsi ilə bağlı jest
Nazarbayev Azərbaycanı da görmək istəyir
Paşinyan regionda böyük sülhün anonsunu verdi