BAKI, 18 noyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Yerevan Bakıya sülh sazişi imzalamağı təklif edib və edir. O deyib ki, tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır.
Digər bir maraqlı xəbər isə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı, Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradovla bağlıdır. Erməni KİV məlumat yayıb ki, Rüstəm Muradov Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənardakı ərazilərdə vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan arasında silahlı insidentlərin qarşısının alınması mexanizminin hazırlanması istiqamətində danışıqlar aparacaq.
Sputnik Azərbaycan son açıqlamalar və baş verən proseslərlə bağlı Milli Məclisin deputatı Arzu Nağıyevin və "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev hesab edir ki, Ermənistan hakimiyyəti idarəetməni itirib: "Son bir ildə bir neçə müdafiə naziri, baş qərargah rəisi dəyişiblər. Deməli, Paşinyan hökuməti ordu üzərində nəzarəti itirib. Son toqquşmaların və Ermənistan tərəfindən törədilən təxribatın əsas səbəblərindən biri budur. Diqqət edilməli məqam təxribatların delimitasiya və demarkasiya məsələlərinin gündəlikdə olduğu bir vaxtda baş verməsidir. Erməni tərəfi çalışır ki, KTMT-yə üzvlüyünü qabartsın. Amma KTMT-də anlayırlar ki, Azərbaycan hər hansı dövlətin ərazi bütövlüyünü pozmur".
Millət vəkili Qərbin də proseslərlə bağlı mövqeyini şərh edib. Onun sözlərinə görə, Qərb ATƏT-in Minsk qrupu həmsədrlərinin timsalında regiona bir daha qayıtmaq istəyir.
"Onlar göstərmək istəyirlər ki, təkcə Rusiyanın iştirakı ilə bu proseslər başa çatmayacaq. Ona görə də ilk növbədə Ermənistan öz daxilindəki prosesləri nəzarətə götürməlidir. Sülh müqaviləsi üçün ən çox təşəbbüs göstərən Azərbaycandır. Paşinyanın sülhlə bağlı açıqlamalar verməsinə baxmayaraq, onun hansısa siyasi oyunlar oynadığını güman edirəm. Lakin bütün məsələlər Azərbaycanın xeyrinə həll olunacaq".
"Regionda marağı olan qüvvələr buna uyğun çıxışlar sərgiləyirlər", - deyən millət vəkili qeyd edib ki, Rusiya da öz nüfuzunu sərhəddə qorumaq üçün addımlar atmağa çalışır.
"Rüstəm Muradovun da diqqət çəkmək istədiyi məqam bundan qaynaqlanır. Ermənistanın digər ölkələrlə olan sərhədlərində Rusiya hərbçiləri dayanırlar. Buranı da nüfuz dairəsinə salmaq üçün belə bir təşəbbüslə çıxış edilir. Bu Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil. Əsas odur ki, Azərbaycan öz sərhədlərini özü qoruyacaq".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, Paşinyan qulağa xoş gələn sözlər desə də, biz reallıqda bunun tamam əksini görürük: "Rəsmi Moskvanın sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı bu ayın əvvəlində görüş keçirilməsi ilə bağlı təklifini Ermənistan tərəfi qəbul etmədi. Paşinyan bu görüşə getməkdən qorxub çəkindi. Ortada xəritələr var, amma onlar yenə də yayınmağa çalışırlar. Bu baxımdan danışıqlara başlayacaqlarını zənn etmirəm".
Politoloq vurğulayıb ki, Ermənistan tərəfi sülh sazişini də özünəməxsus şəkildə anlayır.
"Azərbaycan üçün Ermənistanla imzalanan sülh sazişi o deməkdir ki, rəsmi Yerevan, nəhayət ki, Azərbaycanın ərazi bütövlüyünü - Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq. Paşinyan buna hazır deyil. Onun nəzərdə tutduğu sülh sazişi Qarabağ məsələsini "mötərizəyə alır", yəni bu məsələ ilə onun fikrincə, Minsk qrupu məşğul olmalıdır. Belə sülh sazişi isə bizə lazım deyil.
Rüstəm Muradovun təklifinə gəldikdə isə onu deyə bilərəm ki, o, problemli məsələlərdə hər zaman vasitəçi kimi çıxış edir və burada da iştirakçı olmağa çalışır. Rusiya Qarabağdakı vəziyyətə nəzarət olunmasında rola malikdir, amma sərhədlərin müəyyən olunmasında rol oynaya bilməz. Ermənistan yalvarır ki, Rusiya hərbçiləri gəlib sərhəddə yerləşsinlər. Hansı sərhəddə?! Azərbaycan-Ermənistan arasında hazırda sərhəd xətti mövcud deyil. Rusiya da bunları nəzərə alır və seçim qarşısında qalmaq istəmir".
Politoloqun sözlərinə görə, Paşinyan Qarabağ klanının simasında radikal müxalifətə işarə edib ki, Rusiyaya olan ümidlər özünü doğrultmur, Ermənistan Azərbaycanla qarşıdurmada təklənib: "Elə bunun nəticəsidir ki, Ermənistan hakimiyyəti sərhəd məsələsində Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dəstək məqsədilə yazılı müraciət etməyi lazım bilmir. Görünür, anlayırlar ki, müraciət nəticəsiz qalacaq."
"Paşinyan iki seçim qarşısında qalıb. Birinci seçim Azərbaycanla dəhlizin açılması, sərhədlərin müəyyənləşməsi və sülh sazişiylə bağlı danışıqlara başlamaqdır. Ancaq bu seçim Ermənistan daxilində ona qarşı müqaviməti artıracaq, müxalifəti daha çox radikallaşdıracaq. İkinci seçim Azərbaycanla həll olunmalı məsələləri uzatmaq yolu ilə qeyri-müəyyənliyi davam etdirməkdir. Ancaq bu seçim də Paşinyana yaxşı heç nə vəd etmir. Azərbaycanla razılaşmaların olmaması Ermənistanın itkilərini artıracaq ki, buna görə də Paşinyan cəmiyyəti qarşısında cavab verməli olacaq", - deyə E.Şahinoğlu bildirib.
Eləcə də oxuyun:
* Ankaradan sərhəddəki gərginliyə münasibət: Ermənistan təxribatı davam etdirsə...
* "Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır” - deputat təkid edir