İyulun 23-də Tokioda Yay Olimpiya Oyunlarına start veriləcək. Əsas idman forumunun hələ 2020-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası üzündən tədbir məcburən təxirə salındı. Qarşıdakı Olimpiadada dünyanın 206 ölkəsindən 12,5 min idmançı iştirak edəcək. Yarış proqramına 33 idman növü daxil edilib və idmançılar 339 Olimpiya medalı uğrunda mübarizə aparacaqlar.
Tokioda keçirilməli olan ilk Olimpiadaya müharibə mane olub
İlk dəfə əsas idman forumunu Yaponiya 1940-cı ildə keçirmək niyyətində olub. Həmin il ölkənin 2600 illiyi qeyd olunurdu və bu, xüsusi bir simvolizm kimi nəzərdən keçirilirdi. Bundan əlavə, oyunların bu ölkədə keçirilməsi üçün yapon idmançılarının inkişafı da əsas idi, 1932-ci ildə yaponiyalılar ümumi hesabda medalların sayına görə beşinci yerə yüksəlmişdilər.
Yaponiyanın təşkilat komitəsi aqressiv və işgüzar fəaliyyət göstərirdi: idmançıların və nümayəndə heyətlərinin ölkə ilə tanışlıq səyahətlərinin təşkili üçün yarım milyon dollar vəsait ayrılmışdı. Təşkilat komitəsi Avropa ölkələri liderlərinin əksəriyyətini bu Asiya ölkəsinə səs verməyə razı salmışdı. Hətta Benito Mussolinini də növbəti oyunlarda Romanın namizəd kimi irəli sürülməsi müqabilində Yaponiyaya səs verməyə razı sala bilmişdilər.
Nəticədə, 1936-cı ilin yayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiadanın Yaponiyada keçirilməsi barədə qərar vermişdi. Yay Olimpiya Oyunları Tokioda, Qış Olimpiya oyunları isə Sapporoda keçirilməli idi. Lakin bununla bağlı problemlər, demək olar ki, elə dərhal başlanmışdı. Yaponlar Olimpiya məşəli marşrutunun Çin ərazisindən keçməsinin əleyhinə idilər və kompromis variant kimi məşəli hərbi təyyarədə və ya gəmidə gətirməyi təklif etmişdilər. Ardınca infrastrukturun yerləşdirilməsi ilə bağlı problemlər başlandı. Tokioda bütün qonaqların yerləşdirilməsi üçün mehmanxanalar çatmırdı. Mərkəzi arenanın yerləşdirilməsi üçün də yer tapılmırdı. Bu və digər kiçik problemlər idman yarışlarının Yaponiyada keçirilməsinə mane olurdu. Lakin Olimpiya Oyunlarından imtina üçün əsas səbəb Çin-yapon müharibəsi və turnirin maliyyələşməsinin kəsilməsi oldu. Beləliklə, Olimpiada təcili olaraq Helsinkiyə keçirildi.
1964-cü il Olimpiadasından sonra yaponlar daha heç vaxt bu oyunları keçirmək istəməyiblər
Yaponiya müharibənin nəticələrini tezliklə aradan qaldırdı və yenidən 1964-cü ildə Olimpiya Oyunlarının keçirilməsi ideyasına qayıtdı. Ölkədə obyektlərin inşası sürətləndirildi və bir neçə il ərzində bir çox gecəqondu rayonları idman şəhərciklərinə çevrildi, yüksək sürətlə hərəkət üçün örtüyə malik yollar, dəmir yolları, yeni metro stansiyaları inşa edildi, idman oyunlarının yayımı isə ilk dəfə peyk vasitəsilə həyata keçirildi.
Yaponiyada keçiriləcək oyunların qeyri-rəsmi şüarının "minimum militarizm və maksimum innovasiyalar" olmasına rəğmən, Olimpiya məşəlini yandırmaq şərəfi, ənənəvi olaraq məşhur idmançı əvəzinə, tələbə İosinari Sakaiyə nəsib oldu. Məsələ bundadır ki, həmin gənc 1945-ci ilin avqustun 6-da, Xirosima yaxınlığında, elə amerikalılar tərəfindən atom bombasının atıldığı gün dünyaya gəlmişdi. Bu jest müharibədən sonrakı intibahı simvolizə edirdi.
1964-cü il Olimpiadası çox yüksək səviyyədə keçirildi və yəqin ki, yaponların özlərindən savayı hamını sevindirdi. Məsələ bundadır ki, qonaqlara xoş gəlmək üçün Yaponiya hökuməti yaşayış binalarını sökür və onların yerində idman obyektləri inşa edirdi. Həmin oyunların keçirilməsinə çəkilən məsrəflər əvvəlcədən müəyyən olunmuş büdcəni üç dəfə üstələdi. İnsanlar işlərini itirdilər, çoxsaylı tullantılar üzündən ekologiyaya ciddi zərbə dəydi, bir çox su hövzələrində isə üzmək və balıq tutmaq qadağan olundu. Şəhərin küçələrində 200 min it və pişik tutularaq öldürüldü.
Ağlasığmaz məsrəflər, korrupsiya, etirazlar və pandemiya
Günümüzdə Olimpiadanın təşkilində əsas problem bahalıqdır. Yaxın perspektivdə bu cür irimiqyaslı tədbirlərin keçirilməsini yalnız bəzi ölkələr istəyəcəklər. Yaponlar 1964-cü il Olimpiadasının irsindən savadlı şəkildə yararlanaraq məsrəfləri aşağı salıblar. Əvvəlcədən nəzərdə tutulmuş 42 obyektdən yalnız 8-i yenidir. 10 obyekt isə ümumiyyətlə müvəqqəti inşa olunub. Tokionun Olimpiya Oyunlarının keçirilməsinə çəkdiyi məsrəflərin ümumi həcmi 15,4 milyard dollar təşkil edib. Turnirin keçirilməsi üçün təhlükəsiz mühitin yaradılmasına əlavə olaraq 900 milyon dollar xərclənib.
Fransız polisi yüngül atletikada korrupsiya əleyhinə işi araşdırarkən Yaponiya Olimpiya Komitəsinin rəhbəri Tsunekadzu Takeda ilə bağlı rüşvət faktını aşkara çıxardı. Beləliklə, Tokionun səsvermədə qalib gəlməsi üçün Takedanın rüşvət (ehtimal olunur ki, 2 milyon dollar) verməsi ilə bağlı ittihamdan sonra daha bir gözlənilməz problem meydana çıxdı. BOK bununla bağlı araşdırmalara başladı və bundan üç ay sonra Tokeda istefa verdi.
Digər bir problem – işçi qüvvəsinin çatışmamasıdır. Olimpiada obyektlərinin hazırlığı dövründə həddən artıq işləməkdən rəsmən iki ölüm halı qeydə alınıb. Bəzi proqnozlara görə, 2025-ci ildə Yaponiya işçi qüvvəsi defisiti ilə üzləşə bilər. Lakin eyni zamanda işlərin aparılması ilə bağlı rəsmən heç bir pozuntu qeydə alınmayıb.
Və ən aşkar problem pandemiyadır. Aparılmış sorğunun nəticələrinə görə, Yaponiya əhalisinin 80%-ə qədəri Olimpiadanın keçirilməsinin əleyhinədir. İnsanlar etiraz edir, aksiyalar keçirirlər, lakin onların rəyi təşkilatçıları qətiyyən maraqlandırmır. Pandemiya ilə əlaqədar olaraq hazırkı Olimpiada məxsusi olacaq. Mükafatlandırma mərasimində iştirakçıların sayı xeyli azaldılacaq. İdmançılar daim maska taxmağa məcburdurlar, azarkeşlərə ucadan qışqırmamaq və alqışlarla kifayətlənmək təklif olunur.
MDB-də kimə azarkeşlik edəcəklər
Bütün bunlara baxmayaraq Olimpiada bir idman təntənəsidir və bu oyunlar zamanı öz həmvətənlərini dəstəkləmək lazımdır. Qazaxıstanda döyüş idman növlərinə xüsusilə ümid bəsləyirlər. Medalları boksçular Saken Bibosınov və Ablayxan Jusupov, cüdoçu Eldos Smetov, karateçi Darxan Asadilov və sərbəst güləşçilər Nurislam Sanayev, Daniyar Kaysanov və Əlişer Yerqalıdan gözləyirlər.
Azərbaycan komandasının da öz favoriti var, cüdoçu İrina Kindzerskayanın parlaq çıxış edəcəyi gözlənilir.
Belaruslu yüngül atlet Elvira German ilk Olimpiadasında çıxış edəcək. O, Tokiodakı oyuna 2018-ci ilin Avropa çempionu statusunda qatılır. Qırğızıstanlı azarkeşlər güləş üzrə dördqat Asiya çempionu Aysıluu Tanıbekovaya çox ümid bəsləyirlər.
Azərbaycan Tokio-2020-də
Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.
Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.
2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.
Eləcə də oxuyun:
Azərbaycanlı idmançılar üçün Tokiodakı Olimpiya kəndində maraqlı yer seçilib
Hakim və həkimimiz Tokio-2020-yə çağırıldı
On bir il sonra Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhər açıqlandı
Tokio-2020 Olimpiya Oyunları start götürüb
Tokio Olimpiadasının ən bahalı oyunçuları bəlli oldu