Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

AMEA ləğv edilsinmi? - Sualın birmənalı cavabı yoxdur

© Sputnik / Murad OrujovAMEA-nın binası
AMEA-nın binası - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
Belə prosesdə doğru olmayan qərar da olur, onlarla səhv də buraxılır, amma yenə də işıq olan tərəfə bir yol aparır.
BAKI, 16 fevral — Sputnik. Son günlər Azərbaycan Milli Elmlər Akademiyası ətrafında gedən qızğın polemikada dəfələrlə bu qurumun ləğv edilməsi və elmi fəaliyyət missiyasının universitetlərə yönəldilməsi tələbi səslənir. AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin öz vəzifəsindən istefa verməsindən sonra bu söhbətlər daha da intensivləşib. Cəmiyyət ikiyə parçalanıb: AMEA-nın ləğvini tələb edənlərə və bu təşkilatın qorunmasının vacibliyini vurğulayanlara.
AMEA ləğv olunmalıdır?
AMEA-nın ləğvini tələb edənlər bu məkanda heç bir elmi fəaliyyətin olmadığını, akademiyanın formal xarakterdə fəaliyyət göstərdiyini əsas gətirirlər. Kimi deyir, bu qədər binanı yalançı alimlərə ayırmağın nə mənası var? İşə gedən belə yoxdur. Kimsə də büdcədən bu qədər vəsaitin quruma yönəldilməsini təəssüflə qeyd edir.
Elmlər Akademiyasını müdafiə edən də az deyil. Cəmiyyətin bir hissəsi “AMEA ləğv olunmalıdır” çağırışını narahatlıqla qarşılayır. Çünki ölkənin olan qalan cəmi bir Elmlər Akademiyası var. Bu təşkilatın qorunmasını dəstəkləyənlər AMEA-nın qiymətli sərvət olduğunu bildirir, burada ciddi islahat aparmağın vacibliyini bildirirlər.
Ləğv tərəfdarları dünya praktikasını əsas gətirərək elmi fəaliyyətin məhz universitetlərə ötürülməsini təklif edirlər. Dünyanın bir çox ali təhsil ocağı həm də elmi fəaliyyətlə məşğul olaraq ad-san qazanıb.
Məsələn, ABŞ universitetləri adətən elmi reytinqlərdə həmişə yüksək pillədə qərarlaşır. Bir sıra aparıcı elmi kəşflər elə adi universitet divarları arasında baş verir, həm təhsil ocağı qazanır, həm də tələbə ideyasını reallaşdırmaq üçün şans qazanır. Tək ABŞ-da yox, bir sıra özündən deyən ali təhsil ocağında elmlə məşğul olmaq adi haldır.
© AP Photo / Lynne SladkyMasa üzərində sənədlər
Документы на столе, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Masa üzərində sənədlər
Hansı ölkədə bir balaca elm-təhsil varsa, Elmlər Akademiyası da var
Bununla yanaşı ABŞ-ın 1863-cü ildə prezident Avraam Linkolnun fərmanı ilə yaradılmış Milli Elmlər Akademiyası da var. 2021-ci ildə buranın 2461 üzvü, onlardan 511 xarici vətəndaşın olduğu barədə məlumat var. Akademiyanın 190 Nobel mükafatı alan üzvü olub. Bir sözlə, onlarla aparıcı universiteti ola-ola bu ölkənin Milli Elmlər Akademiyası var, üzvlük daimidir, həm də bu, elmdə qazandığın nailiyyətin ən şərəfli simvolu sayılır.
Milli Elmlər Akademiyaları Fransa, Böyük Britaniya, İsveç, İspaniya, İtaliya kimi ölkələrdə də var. Almaniyada isə Alman Elmlər Akademiyaları Birliyi yaradılıb. Yəni ölkənin 8 ən böyük Elmlər akademiyasını özündə birləşdirən bir qurumdur. Yəqin axtarsaq, dünyanın istənilən aparıcı ölkəsində Elmlər Akademiyası olacaq. Hətta xüsusi bir elmi kəşfin sahibi olmayan Monqolustan və ya Vyetnamda da belə qurum var.
Axtarış sistemi Keniya və ya Anqola kimi ölkələrin elmlər akademiyaları barədə məlumat vermir. Ola bilər, yoxdur. Amma Banqladeş kimi bir kasıb ölkədə Milli Elmlər Akademiyası 1973-cü ildə yaradılıb, hələ də mövcuddur. Hansı ölkədə bir balaca elm-təhsil varsa, Elmlər Akademiyası da var.
Cəmiyyət AMEA ilə bağlı məlumatı qırıq-qırıq əldə edir
AMEA-nı ləğv edib etməmək sualının gündəmə gəlməsi anlaşılandır. Kifayət qədər böyük bir büdcəsi olan bu qurumun nə işlə məşğul olduğu Azərbaycan cəmiyyəti üçün bir qədər qaranlıqdır. Cəmiyyət AMEA ilə bağlı məlumatı qırıq-qırıq əldə edir, deyək, birinin qohumu burada çalışır, nəsə məlumat sızır. Gənclər tez-tez yaşlı alimlərdən, maaşın azlığından, elmi karyera qurmağın çətinliyindən şikayətlənirlər. Ştata baxırsan, hər bir institutunda yüzlərlə əməkdaş çalışır, amma Azərbaycan elmində hər hansı bir irəliləyiş duyulmur.
Köhnəlmiş, bəzən uzun müddət təmir üzü görməmiş binalarda, illərlə heç nə dəyişməyən, köhnə kompüteri belə olmayan otaqlarda elmi fəaliyyətin izi-tozu duyulmur. Kimsə bir nəfər çalışır, qalan şöbə isə imitasiya ilə məşğuldur. Bu reallığın üstünü ört-basdır etmək üçün AMEA-da tez-tez tədbirlər, elmi konfranslar, görüşlər keçirilir. Bu qurumun mətbuat xidməti dayanmadan KİV-ə press-reliz yollayır, on xəbərdən bəlkə biri ya verilər, ya verilməz. Hansı elmi uğuru əldə etdiyimiz barədə məlumatsızıq.
© Sputnik / Виталий Тимкив / Mediabanka keçidLaboratoriya
Лаборантка проводит исследования качества и безопасности сельхозпродукции - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Laboratoriya
Digər elm sahələrində nə baş verir?
Azərbaycanda adətən AMEA-nın Nəsimi adına Dilçilik Institutunun adı daha çox hallanır. Dil məsələsi cəmiyyətin və mətbuatın diqqətində olduğu üçün ara-sıra problemli sahələr qalmaqala çevrilir. Elə bu yaxınlarda “hörümçək” sözünün orfoqrafiya lüğətindən çıxarılması ilə bağlı olduqca ciddi polemikanın şahidi olduq. Bir qədər öncə “Xankəndi” sözünün hallanması da olduqca qızğın müzakirə predmetinə çevrilmişdi.
Bəs fizika, riyaziyyat, kimya, biologiya, coğrafiya, geologiya kimi digər elm sahələrində nə baş verir? Bu barədə məlumatsızıq. Ən ciddi səs-küyə səbəb olmuş xəbərlərdən biri 2013-cü ildə AMEA-nın Botanika İnstitutunun institutun biomühəndislik və biotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri namizədi Tofiq Qaragözovun zəfəranla bağlı tədqiqatı ilə əlaqəli olub. Demək olar, bütün aparıcı mətbuat orqanı bununla bağlı material hazırladı. Teleefirə neçə süjet getdi. Alimin dediyinə görə, laboratoriya şəraitində süni yolla zəfəran soğanağını artırmaq mümkün olmuşdu. Əgər bunu kütləvi olaraq tətbiq etmək olsa idi, bu gün ölkə zəfəran soğanağından böyük miqdarda gəlir əldə etməli idi. Bu xəbər elə bir dəfə yayıldı, amma nəticəsi bəlli olmadı.
Bəlkə də haradasa, nəsə elmi iş gedir, sadəcə, cəmiyyətin bundan məlumatı yoxdur. Tənqid edilən Dilçilik İnstitutudur, çünki hamının marağında olan məsələdir.
© Depositphotos.com / IrochkaKitablar
Лежащие на книжной полке открытые книги - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Kitablar
Kitabını güvə yeyir, rütubət məhv edir
“AMEA ləğv edilsin ya edilməsin” sualının birmənalı cavabı da yoxdur. Onun tərkibində Şamaxı Astrofizika Rəsədxanasından tutmuş Hüquq və İnsan Haqları İnstitutuna kimi fərqli qurumlar var. Birini ləğv etsək, digərini istəsək də, ləğv edə bilmərik. Dilçilik Institutu nə qədər tənqid etsək də, orfoqrafiya, sinonimlər, antonimlər, omonimlər, izahlı, ərəb-fars sözlərinin izahlı lüğətlərindən hər gün yararlanırıq. Dialektoloji lüğəti də var, frazeoloji da. AMEA-nın fondunda olan elmi monoqrafiyaları, dərc olunmuş tədqiqatları hara ötürək? Ölkədə elə üzümçülük üzrə bəlkə də mindən çox elmi əsər dərc olunub, sadəcə qurumun bir sistemi yoxdur, qayda-qanunu. Kitabını güvə yeyir, rütubət məhv edir, baxan tapılmır.
AMEA-nın ciddi islahata, texniki yenilənməyə ehtiyacı var. Pensiya yaşı çatan pensiyaya getməli, 5 ştata verilən məbləğ bir istedadlı, perspektivlisinə verilməlidir. Gəlir gətirə biləcək alimlərə pul ayrılmalı, lazımsız layihələrin bir çoxu isə ortadan yığışdırılmalıdır. Olduqca ağır və çətin bir işdir. Özü də universitetlərin daxilində elmi fəaliyyəti gücləndirmək ideyası mahiyyətcə yaxşıdır. Kim mane olur bunu reallaşdırmağa? AMEA-nın öz işi, istiqaməti var. Bəyəm bu qurum ali təhsil ocaqlarının qarşısına bir sipər çəkir?
Burada qərar qəbul etmək, AMEA-nın tərkibini gənc kadrlarla yeniləmək elə də asan iş deyil, amma bu işi kimsə başlayıb irəli aparmalıdır. Belə prosesdə doğru olmayan qərar da olur, onlarla səhv də buraxılır, amma yenə də işıq olan tərəfə bir yol aparır. O yolu tapıb getməliyik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Sosial şəbəkələrin "ölü canları": qəribə düzənə adekvat cavab
Maştağa bazarlığı: daş əhəng, ağ neft, at nalı, diş çöpü, vayfay...
Xəbər lenti
0