Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Maştağa bazarlığı: daş əhəng, ağ neft, at nalı, diş çöpü, vayfay...

© Sputnik / Murad OrujovYarmarka: “Kənddən Şəhərə”
Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan, 1920, 24.06.2021
Abunə olmaq
Abşeronun qədim bazarlarından olan Maştağa bazarı qədim Şərq bazarlarını xatırladır. Burada hər şey tapmaq olar.

BAKI, 24 iyun — Sputnik. Azərbaycan xalqı bazarlıq etməyi sevir. Özü də alış-veriş etmək üçün biz hər bir çətinliyə dözməyə hazırıq. Evimizdən lap 50 kilometr uzaqda yerləşən bir məkana gedib istədiyimizi almaq həvəsi olduqca güclüdür. Bakıda bazarlıq etmək üçün hər cür şərait var, müasir supermarketlərdən tutmuş Şərq bazarlarına kimi hər bir obyekt alıcıya gəl-gəl deyir.

Bəzi Bakıətrafı kəndlərdə elə də bazarlıq etmək imkanı yoxdur, dükan-bazar var, amma bir növ möhtəşəmliyi yoxdur. Amma Maştağa kəndi başqa aləmdir. Bilgəh, Nardaran, Buzovna, Albalılıq istiqamətində hərəkət edən marşrutlar istər-istəməz Maştağadan keçir. Üstəlik, yaxınlıqda yerləşən Sabunçu, Ramana, Zabrat, Məmmədli kəndlərinin də əhalisi bazarlıq etmək üçün Maştağaya üz tutur. Kəndin mərkəzi hissəsində hər addımbaşı bir dükan məskunlaşıb.

Maştağada nələr yoxdur? Xlorid turşusu, xlor, əsil daş əhəng, ağ neft, at nalı, paslanmayan poladdan hazırlanan müxtəlif məişət əşyaları, şəhərdə tapılmayan alətlər Maştağada cəmlənib. Burada market də var, bazar da. Tikinti malı da satılır, həyətə əkmək üçün şitil də. Şitilləri çox yetərli olur, al, ək və məhsulu yığmaq üçün vedrəni indidən hazırla.

Yay boyu Maştağada alver səngimək bilmir. Bəzən isti aylarda əldə edilən qazanc burada yaşayan insanların o biri dövrə kimi rahat yaşamasına imkan verir. Mövsüm bitdikdən sonra alverin səviyyəsi xeyli azalır. Maştağada meyvə-tərəvəzdən savayı həm geyim, həm qab-qacaq, həm də digər təsərrüfat malları almaq olar.

Bu kənddəki imkanları nə qədər tərifləsək də, bəzən qəribə hallarla da rastlaşırıq. Mənzərəni dəqiq təsəvvür etmək üçün gərək bazarlıq edib hər bir şeyi öz gözünlə görəsən.

***

"Maştağa Mall"da:

- Salam xanım. Sizdə kartla ödəniş var?

- Var.

Satıcı kartı götürmək üçün əlini uzadır, kartı geri çəkirəm:

- Sizdə bəyəm vayfay işləmir?

- İşləyir.

Ödəyib qapıya tərəf gedirəm. Satıcı başqa satıcıya:

- Gərək Əsgərə deyim bu vayfayı bağlasın, görüm onda nə edəcəklər?

Satıcı xanım, yəqin, televizora baxmır, çünki kanallarda tez-tez koronavirus təhlükəsi ilə bağlı nağdsız əməliyyatı məhz bu yolla reallaşdırmaq məsləhət edilir. Əlimi geriyə çəkdiyimə görə məndən incidi.

***

Marketin başqa mərtəbəsində diş çöpləri olan 3 qutu götürüb səbətə qoyuram. Bir müddət sonra kimsə:

- Dayı, sizin səbətdən nəsə tökülür.

Diş çöpü yaxşı qablaşdırılmayıb, səbətə qoyduğum halda açılıb tökülüb. Deyinə-deyinə bu çöpləri toparlayıb bir kənara qoyuram. Bir müddət sonra satıcı peyda olur:

- Bunları bura niyə qoydunuz?

- Nə edim? Özümlə evə aparım?

- Axı, vitrində bağlı idi?!

- Zay-zay şeyləri düzürsüzünüz, sonra da bilmirsizin nə edəsiniz. Mən bu çöpləri sökmədim ki, elə səbətə qoymuşdum, özü də tökülüb.

Satıcı xanım mənim kimi deyinə-deyinə çöpləri qaba toparlayır. Elə hey donquldanır. Əsəbim dözmür:

- Yəqin bunları yenə də vitrinə düzərsiniz ki, başqası götürüb işlətsin…

***

Bir qədər qabağa gedirəm. Ucuz qiymətə şirə üçün stəkan dəsti görürəm. Yaxınlaşıb götürmək istəyəndə, baxıram vitrinə qoyduqları 3 stəkanın üçü də kənardan qırıqdır. Görəsən nə məntiqlə qırıq qabı vitrinə qoyublar, göz qabağına? Adətən yaxşı alver bacaran insanlar malın yaxşısını vitrinə düzər, bir az zəif malı gizlədər. Burada əksinədir. Dəsti almaq fikrindən vaz keçirəm.

***

"Xəyal" adlanan bazarda velosiped satıcısından soruşuram:

- Velosiped neçəyədir?

- Alansan ya qiymət öyrənirsən?

- Birini ötən il almışam, yaxşı çıxmayıb. Sürə bilmirik, ağırdır bir az. İndi istəyirəm sürətlisindən alım.

- Hə (dönüb gedir içəri)

Ardınca gedirəm. Bir-iki xırda təsərrüfat malı alıb çıxıram. Sonda:

- Bu velosipedin qiyməti nə oldu?

- Bu sürətli dediyin 230 manatadır.

Nə əcəb cavab verdi.

***

Şitil satan yerdə:

- Şitil neçəyədir?

- Biri on qəpik.

- Həəəə

- Gəl bu şitildən verim. Bunun bir bağlaması 1 manatdır, 20 dənədən də çoxdur burada.

- Öz torpağı yoxdursa, batacaq yarısı.

- Yox, indi batmaz. Gör, nə şitildir.

- Badımcan, acı və şirin bibər ver.

- Bax, qardaş, üstündə də yazılıb. A hərfi olan acı deməkdir.

***

Marketdə:

- O çaydan neçəyədir?

- Dayı, 14 manata. Böyüklər 15-16 manata.

- Nə yaxşı? Qiyməti münasibdir. Balacadan alacağam, ver bir baxım. Bəs sonra istəsəm, buna dəst olan böyük çaydan olacaq?

- Hazırda yoxdur, bəlkə o vaxta gələr.

***

Asta-asta köhnə bazar tərəfə gedirəm. Səki bitir, yola çıxmalı oluram. Kimsə evindən küçəyə çıxış edib, dükan yaradıb, səkini bağlayıb. Bu da bir metoddur, yolu bağlamaq, alıcını istər-istəməz öz obyektinə gətirmək metodu.

***

Meyvə-tərəvəzdən alıb satıcının yanında toplayıram. Çəkir, yığır. Kalkulyatoru yoxdur, elə beynində hesablayır.

- Maşallah, yaman sayırsan. Kalkulyator yoxdur?

- Elə özüm kalkulyatoram da…

***

Bazarlığı bitirib bir taksi çağırıram. Səhərdən müştəri gözləyən sürücülərdən birini sevindirirəm. Maştağanı arxada qoyub evimə dönürəm.

Xəbər lenti
0