Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropanın yağmalanması – amerikalılar öz müttəfiqlərini çapıb-talayırlar

© REUTERS / GLEB GARANICHABŞ bayrağı
ABŞ bayrağı - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Hələlik Ukrayna və Rusiya arasında baş tutmayan müharibənin əsas qurbanı Avropadır.
BAKI, 01 fevral — Sputnik. "Sən məni aldatdın, sən məni atdın", – yəqin ki, Co Bayden Şərqi Avropanın xəritəsinə baxaraq bu mahnını (Ukrayna xalq mahnısı - red. qeydi) oxumalı idi. Yox, Rusiya yenə müharibəyə getmədi. Üstəlik, Ukrayna da onu aldatdı. Vladimir Zelenski tərəddüd etdi, narahat oldu, Baydenlə telefonla danışdı, ondan üstünə gəlməməsini istədi, heç kimin həqiqətən Ukraynanı işğal etmədiyini dedi. Bir sözlə, özünün "Lyonya müharibəyə gedir" adlı köhnə komediyasını ən yüksək səviyyədə oynadı. Bu komediyada çar Leonid, əlbəttə ki, heç müharibəyə-zada getmir, evdə anası ilə qalır.
Amma qəribəsi odur ki, ABŞ təbliğatı bütün bunların fərqinə belə varmadı. Onların çoxdan reallıq hissini itirmiş əsrarəngiz informasiya sahəsində Rusiya haradasa ötən ilin sentyabrından Ukrayna ilə müharibə aparır. Rusiya artıq yarım ilə yaxındır ki, işğalçılıqla məşğuldur. Ukrayna isə elə hey müqavimət göstərir. Bu arada, Amerika birincini cilovlayır, ikincini dəstəkləyir. Və sonsuza kimi beləcə davam edir.
Hətta sovet amerikaşünasları belə ABŞ-ın "militarist təbliğatının azğınlığına" mat qalmışdılar. Çünki tərəfdaşlarımız elə o vaxt isterika yaratmağı yaxşı bacarırdılar, biz bu parametrə görə onlara uduzmağa məhkumuq. Ancaq bugünkü Amerikanın təbliğat azğınlığı alternativsizliyinə görə heyrət doğurur. Bəs bütün bu pasifistlər, sülh uğrunda mübarizə aparan saysız-hesabsız insanlar hara yoxa çıxıblar? Doğrudanmı heç kimin heç nə vecinə deyil?
Deyəsən, bircə "Fox News"-da "təki müharibə olmasın" sayaq ehtiyatlı xəbərdarlıqlar eşidilir. Bununla belə, amerikalı liberallar hamını bir qədər sakitliyə səslədiyi üçün artıq aparıcı Taker Karlsonu linç etməklə hədələyirlər.
Ancaq vəziyyət soyuq müharibə dövründəkindən də təhlükəli hal alıb. Bununla belə, Amerika və Böyük Britaniya mətbuatının qulaqbatırıcı xoru istənilən sağlam düşüncəni, dünyanı uçurumdan uzaqlaşdırmaq cəhdini boğmağa qadirdir. Görəsən bu cür inadkarlıq haradandır belə?
Məsələ burasındadır ki, bu cür təsirli isterika pərdəsi altında böyük pullar qazanılır. Pul isə məlum olduğu kimi sakitlik sevir. Odur ki, ikiüzlü mətbuat Ukrayna ilə bağlı hay-küy saldığı halda, bu mövzudan qazanc əldə edənlərlə bağlı susmağa üstünlük verir.
Müharibə haradasa dünyanın o biri başında gedir – bu amerikalı sahibkarların dövlət büdcəsindən pul qopartmaq üçün ideal üsuludur. Elə təkcə Əfqanıstanı götürək. Yalnız rəsmi rəqəmlərə əsasən, bu məqsədlə trilyon dollar pul xərclənib. Elə amerikalıların öz qiymətləndirməsinə əsasən, həmin pulun ən yaxşı halda, 3-4 faizi cəfakeş əfqan xalqına çatıb. Qalanı Pentaqon podratçıların cibinə gedib.
Ancaq bunun üçün hansısa real hərbi əməliyyatlarda iştirak etməyə ehtiyac yoxdur. Pul əldə etmək bundan çox-çox asan ola bilər. Oliqarxların nəzarətində olan media aqressiv Rusiya ilə bağlı hay-küy salır. Pentaqon büdcəni artırır. Oliqarxlar podratçı kimi büdcədən milyardlar alırlar.
11 sentyabr hadisəsindən sonra ABŞ Müdafiə Nazirliyi özəl podratçılarla biznesini genişləndirdi. Bu gün dövrümüzün ən yüksək səviyyəli şirkətləri hökumətin hərbi sifarişləri üçün mübarizə aparır. Son iyirmi il ərzində onlar 4,5 trilyon dollara yaxın vəsaiti uğurla mənimsəyiblər.
Pentaqonun pulu ilə yaradılan Silikon Vadisi hələ də oradan milyardlarla dollar maliyyə vəsaiti alır. Dünyanın qalan hissəsi üçün Silikon Vadisindəki İT şirkətləri maraqsız elmi araşdırmaların, müstəqilliyin və tərəqqinin simvoludur. Əslində isə onlar Amerika hərbi-sənaye kompleksinə və kəşfiyyatına səylə xidmət edirlər, bu, onların əsas gəlir mənbələrindən biridir.
"Google"-un sahibi Erik Şmidt on ildən çoxdur ki, ABŞ ordusuna müxtəlif süni intellekt möcüzələri satır. "Palantir" ABŞ ordusu üçün kəşfiyyat məlumatlarının toplanması, işlənməsi və yayılması üçün avtomatlaşdırılmış sistem hazırlayır. "Microsoft" orduya əlavə reallıq qurğuları verir.
İT nəhəngləri bulud məlumatlarını saxlamaq üçün Pentaqondan çox milyard dollarlıq müqavilə əldə etmək uğrunda mübarizədə qarşı-qarşıya gəldilər. "Microsoft" qalib gəldi, amma "Amazon"-un sahibi Ceff Bezos bununla razılaşmadı və məhkəməyə müraciət etdi. Heç də təəccüblü deyil – söhbət on milyard dollardan gedir axı.
O da təəccüblü deyil ki, İT oliqarxlarına məxsus bütün sosial şəbəkələr, media və platformalar daim kiminsə üstünə hücuma keçən aqressiv Rusiya ideyasını yorulmadan sadə insanların beyninə yeridirlər. Axı bu hay-küy səngisə, oliqarxlar vəsaitdən məhrum olacaqlar.
"Çin və Rusiya ilə münaqişəmizi necə adlandırdığınızı bilmirəm... Mən deyərdim ki, biz onlarla müharibə edirik", – deyə Silikon Vadisinin keçmiş ulduzu və ABŞ Departamentinin Müdafiə İnnovasiyaları Departamentinin hazırkı direktoru Maykl Braun razılıqla vurğulayır.
Rusiya ilə Ukrayna arasında virtual "müharibə" Amerika iqtisadiyyatını xilas etmək üçün ən təbii vasitədir. Yanvar ayında Amerika sıxlaşdırılmış təbii qazının sakitcə dönüşünün şahidi olduq. Əvvəlcə təbii qazı Asiyaya daşıdılar, sonra Avropaya üz tutdular. Bu gün Aİ sularında bir il əvvəl olduğundan təxminən üç dəfə çox sıxlaşdırılmış təbi qaz daşıyıcısı var. ABŞ dövlət katibi Entoni Blinken bunu avropalıları enerji böhranından xilas etmək kimi xarakterizə edir.
Amma avropalılar bu qaza görə tamamilə böyük məbləğlər ödəməli olacaqlar. Amerikalılar həmin pulları uğurla "təmizləyirlər". ABŞ-ın ən yaxşı sıxlaşdırılmış təbii qaz tədarükçüsü "Cheniere"-nin gəlirlərinin möcüzəli şəkildə necə artdığına, 2021-ci ildə 2020-ci ildən iki dəfə çox olduğuna diqqət yetirin.
Neft və qaz qiymətlərinin birdən-birə kəskin artması ABŞ üçün nə qədər faydalıdır! Bir neçə ay əvvəl Bayden administrasiyası yaşıl enerji ilə bağlı fikirlərə tüpürərək, Meksika körfəzində yeni quyuların qazılması üçün ən böyük hərracı təsdiqlədi. Orada neft hasilatı heç vaxt belə böyük miqyasda artmamışdı. Bu arada, amerikalılar qlobal istiləşmə ilə bağlı Avropa ziyalılarının başına corab hörür və onları yel dəyirmanlarına keçməyə məcbur edirdilər. Axı kimsə Amerikanın karbohidrogenlərini almalıdır - dünyanın ən təmiz və ən demokratik yanacağını.
Amma məsələ bununla da bitmir. İndi də Avropa şirkətləri çılğın enerji qiymətlərinə tab gətirə bilməyib iflas edir və müflis olurlar. Onların ən perspektivli olanlarını isə məhz amerikalılar alacaq - onlar artıq Böyük Britaniyada bunu etməyə başlayıblar. Həmin ölkədə elektrik tədarük edən şirkətləri və gübrə zavodlarını alıblar.
Məsələn, Amerikanın aparıcı korporasiyası "CF Industries" İngiltərədə eyni vaxtda iki gübrə zavodu alıb. Birini dərhal bağlayıb - rəqib olmasın deyə. İkincisini isə açıq saxlayıb, amma Böyük Britaniya hökuməti ona çoxlu pul vəd etdikdən sonra.
Bütün bunlar çox sərfəli sövdələşmələrdir. Elektrik artıq qızıl qədər dəyərlənib. Gübrə qiymətləri durmadan artır. Analitiklər ərzaq mallarının qiymətində böyük artımın olacağını proqnozlaşdırırlar.
Ruslar və ukraynalılar müharibəyə sürükləndiklərini düşünürlər. Ancaq əsl döyüş artıq başlayıb və onlara yalnız dolayısı ilə təsir edir. Bu, Amerikanın öz yaxın dostları - Avropa müttəfiqləri ilə iqtisadi müharibəsidir. ABŞ Avropa sənayesini amansızcasına məhv edir və Aİ vətəndaşlarını aclıq həddinə salmaqla hədələyir. Bütün bunlar isə onların yaratdığı enerji qıtlığından irəli gəlir.
Avropa hələlik Ukrayna və Rusiya arasında baş tutmayan müharibənin əsas qurbanıdır. Amerikalıların öz vassallarını sərt şəkildə cəzalandırdığını bu günlərdə Donald Tramp açıq şəkildə dilə gətirdi. Texasın Korno şəhərciyində keçirilən mitinqdə o, Avropanı ABŞ-dan "istifadə etməkdə", onun hesablarını ödəməməkdə və "qoy bizim üçün axmaq amerikalılar işlətsin" üslubunda dəymədüşərlik etməkdə ittiham edib. Bəs amerikalılar niyə Rusiya qazını kəsmək və avropalı dostlarına cavab vermək üçün Ukraynada münaqişəni qızışdırırlar? Bəli, aralarında çox-çox yüksək münasibət var!
Amma məsələn, Almaniya vətəndaşlarına, Bundestaqın qarşısındakı meydana çıxıb öz hökumətinə üz tutaraq bunları deməsinə heç nə mane olmur:
"Mayne damen und herren, gəlin axır ki, amerikalılara qulaq asmaqdan vaz keçək. Biz üşüyürük və acıq. Bəlkə, artıq "Şimal Axını 2"-ni işə salasınız?"
Amma rusların "işğal"ı ilə bağlı vəhşi hayqırtılar kəsilmək bilmir. Bu, "Şimal axını 2"-nin sertifikatlaşdırılmasına imkan verməyən yeganə bəhanədir. Çünki münasib qiymətlərlə alacağı təbii qaz Aİ-ni ABŞ-ın güclü rəqibinə çevirə bilər. Amerikalılara isə bu lazım deyil, onlar ədalətli rəqabətə tab gətirə bilməyəcəklər. Onlar Avropanı elə bir yoxsulluğa sürükləmək istəyirlər ki, soyuqdan və aclıqdan yeganə qurtuluş yalnız "dranq nah osten" olsun. Aclıqdan əziyyət çəkən avropalıları müharibəyə sövq edəcəklər – başqa yol varmı? "Status Quo"nun çox-çox əvvəllər oxuduğu kimi "You are in the army now".
Və "işğal" haqqında bütün bu isteriya ilə bağlı daha bir sətiraltı. İki il bundan əvvəl, 9, 12 mart 2020-ci il tarixlərində fond birjalarında ən böyük çöküş baş verdi. Bu, böyük fəlakət idi, 1987-ci ildən bəri birjalarda belə bir şey olmamışdı. Ancaq ictimaiyyət bunu hiss etmədi - əlbəttə ki, əmanətlərini səhmlərə yatıran "kasıblardan" başqa. Daha sonra, 2020-ci ilin mart ayında bütün media koronavirusla bağlı xəbərlərlə dolub-daşdı. Onda hələ xəstələrin sayı bir o qədər də çox deyildi, məhdudiyyətlər yenicə başlayırdı, iqtisadiyyat yavaşlamamışdı. Bununla belə, amerikalı oliqarxlar məsələni elə izah etdilər ki, guya birjanın çökməsinə məhz pandemiya səbəb olub.
Maraqlıdır ki, ən böyük səhmdarlar, ABŞ-ın əsas bankları, çoxmilyardlıq sərvət sahibləri bu fəlakətdən təsirlənmədilər. Hər kəs birtəhər vəziyyətdən çıxa bildi.
Özəl investorlar və kiçik biznes sahiblərinin kütləvi halda iflasa uğradığı bir vaxtda Amerikanın ən böyük bankları möcüzəli şəkildə dayanıqlılıq göstərdilər və gəlirləri artdı. Pandemiya illəri - milyardlarla insan üçün kədər və ümidsizlik – "Goldman Sachs", "SP Morgan", "NY Mellon" üçünsə sadəcə, çiçəklənmə dövrü oldu.
İndi aksiyalar bazarında vəziyyət bir az da gərginləşib. Ola bilsin ki, birjanın növbəti çöküşü "Rusiya işğalı"na planlaşdırılıb. Bəli, bu təkcə avropalıları deyil, amerikalıları da vura bilər – çünki onlar 2020-ci ildə kütləvi şəkildə səhmlər əldə ediblər. Amerika elitasının öz vətəndaşlarına nə vaxt yazığı gəlib ki? Burada yeni bir şey yoxdur – özününkünü daha möhkəm vur ki, yadlar da qorxsun. Amerika rejimi Rusiyanın "işğalını" bəhanə edərək, əlinə keçən hər kəsi soyub-talayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiya ilə müharibə Boris Consonun nəyinə lazımdır?
Lavrov Rusiyanın NATO və ABŞ-dan tələblərini açıqladı
Rusiya müharibə istəmir - Patruşev
Rusiya-Ukrayna görüşü Bakıda keçirilə bilər
Xəbər lenti
0