"Şuşanı həm də şəhid yoldaşlarımın adından ziyarət etdim" - FOTO
© Sputnik / Emin AlisahibŞuşaya səfər
© Sputnik / Emin Alisahib
Abunə olmaq
Bakı-Şuşa avtobusunun sərnişinləri Şuşadan yüksək təəssüratla ayrılıblar. Bu dəfə onlar arasında Vətən müharibəsinin iştirakçıları da vardı.
ŞUŞA, 29 yanvar — Sputnik. Saat 13 radələrində Şuşaya daxil olan və 45 sərnişin gətirən avtobus şəhərin mərkəzi meydanında, Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Şuşa Şəhəri Polis Şöbəsinin əməkdaşları tərəfindən qarşılandı. Onlar arasında Vətən müharibəsinin iştirakçıları da vardı.
“İkinci dəfədir ki, qürur hissini yaşayıram. Birinci dəfə döyüşçü kimi gəlmişdim. İndi isə turist olaraq Şuşaya ayaq basıram. Çox qürurluyam”.
Bunu Sputnik Azərbaycan-a müsahibəsində Telman Abbasov dedi. Əslən Qərbi Azərbaycandan olan müsahibimiz Şuşaya ikinci dəfə gəlişininin birincidən tamamilə fərqləndiyini dilə gətirir. Belə ki, o birinci dəfə Şuşanın işğaldan azad ediməsi zamanı buraya döyüşçü kimi ayaq basıb. 44 günlük Vətən müharibəsinin iştirakçısı indi tamamilə fərqli hisslər keçirdiyini söyləyir.
© Sputnik / Emin AlisahibTelman Abbasov
Telman Abbasov
© Sputnik / Emin Alisahib
“İkinci dəfədir Şuşaya gəlirəm. Çox böyük qürur hissi keçirirəm. Birinci gəlişim ağrılı-acılı oldu. Çünki döyüşlər zamanı şəhid qardaşlarımız oldu. Şuşa işğaldan azad ediləndə mən bura məğrur döyüşçütək gəldim. İndi isə tamamilə fərqlidir. Bura azərbaycanlı turist olaraq ayaq basıram. Düşünəndə ki Şuşanın işğaldan azad edilməsində mənim də payım var, qürurumun həddi-hüdudu olmur.
Çox xoşbəxtəm ki, iştirak etdiyim Vətən müharibəsi tarixə qələbə, zəfər döyüşü kimi düşdü və 30 ilə yaxın bir müddətdə işğalda qalan torpaqlarımızı cəmi 44 gün müddətində azad edə bildik. Bilirsinizmi, bu, böyük qələbə, şanlı tarixdir. Dünyanın hərb tarixinə nəzər salsanız, görərsiniz ki, bizim Vətən müharibəmiz dünyanın hərb siyasətini dəyişməyi bacardı və ölkəmizə, xalqımıza başucalığı gətirdi. Qələbə tarixində sevinirəm ki, mənim də adım keçir”.
© Sputnik / Emin AlisahibŞuşaya səfər
Şuşaya səfər
© Sputnik / Emin Alisahib
Müsahibimiz deyir ki, indi Şuşaya turist səfərinə gəlməyi onu sevindirib, qürurlandırmaqla yanaşı, həm də onun qəlbində kövrək hisslər yaradır. Öz yoldaşlarını Şuşa istiqamətində gedən döyüşlərdə itirən həmsöhbətimiz həmin anların xatirələrini də bizimlə bölüşür.
“Bu torpağın hər addımında, hər qarışında mənim döyüşçü yoldaşlarımın qanı var. O qan ki Vətən, torpaq, yurd üçün axıb. O qan ki qələbə, zəfər tariximizin yazılmasına səbəb olub. Bu torpaqlar təkcə Qarabağ olduğu üçün yox, həm də şəhid qanı axdığı üçün müqəddəsdir. Mən yolda işğaldan azad edilmiş ərazilərimizdən keçərkən o döyüş günləri bir daha lent yazısıtək göz önümdən keçdi. Şuşanı həm də şəhid yoldaşlarımın adından ziyarət etdim. Çünki bu, Qarabağın işğaldan azad edilməsində canını, qanını əsirgəməyən hər bir Vətən oğlunun yeganə arzusu idi.
© Sputnik / Emin AlisahibŞuşaya səfər
Şuşaya səfər
© Sputnik / Emin Alisahib
Allah bütün şəhid qardaşlarıma rəhmət eləsin! Qazilərimizə, Vətən müharibəsində ilk gündən son ana qədər sağ-salamat xidmət edən hərbçilərimizə cansağlığı versin! Nə xoş ki, mən, Vətən müharibəsinin iştirakçısı, indi Şuşanı turist kimi ziyarət edə bilirəm. Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”
Sərnişinlər Şuşa qalası, Natəvan bulağı, Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəlləri, Yuxarı Gövhər Ağa məscidi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət edib, mədəniyyət paytaxtı elan olunan Şuşa şəhəri ilə əyani tanış olublar. Sərnişinlərə getdikləri tarixi məkanlar haqqında məlumat verilib.
© Sputnik / Emin AlisahibŞuşaya səfər
Şuşaya səfər
© Sputnik / Emin Alisahib
Bakı-Şuşa reysi ilə Şuşa şəhərinə üz tutanlar arasında digər bölgələrdən olan sakinlər də vardı. Ağsu rayonundan olan Vüsal Rrazadə uzun illər Şuşanı görmək arzusu ilə yaşadığını və özü şuşalı olmasa da ürəyinin hər zaman Qarabağla döyündüyünü bildirir. O, təəssüratlarını Sputnik Azərbaycan-la bölüşüb:
“Bir az həyəcan var. İlk dəfədir Şuşadayam. Hər şey gözəldir. Bu vətənpərvərlik, vətənsevərlik bizim ailələrimizdən, valideynlərimizdən bizə mirasdır. Biz Şuşanı görməmişdik. Qarabağı görməmişdik. Sadəcə biz Qarabağ sevgisi ilə tərbiyə olunmuşduq. Bura bizim Vətənimizdir. Bura bizim daimi torpaqlarımızdır. Bu gün azaddır və mən özümü çox xoşbəxt hiss edirəm ki, Qarabağdayam, Şuşadayam”.
© Sputnik / Emin AlisahibVüsal Rzazadə
Vüsal Rzazadə
© Sputnik / Emin Alisahib
Şuşaya səfər edən yerli turistlər burada erməni vandalları tərəfindən törədilən vəhşiliklərlə tanış oldular. Bakı sakini olan Nəzrin Əzizova isə Şuşaya gəlmək arzusunun onda uşaqlıqdan yarandığını bildirdi.
“Qürurluyam ki, bu gün Şuşadayam. 30 ildir, həsrətində idik bu torpaqların... Çox şükür ki, gəldik, gördük müqəddəs torpaqlarımızı. Hətta mən özümlə torpaq da aparıram Bakıya. Təşəkkür edirəm təşkilatçılara ki, bizim üçün bu şəraiti yaratdılar. Gəldik, gördük. Qarabağın ən gözəl yerindəyik. Cıdır düzündəyik və hamını səsləyirəm ki, hamısı gəlsin, görsün bu gözəllikləri".
© Sputnik / Emin AlisahibNəzrin Əzizova
Nəzrin Əzizova
© Sputnik / Emin Alisahib
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə yanvarın 24-dən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir.
Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılır. Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə 5 manat, Füzuli BHL-Şuşa qiyməti isə 6 manat təşkil edir.
© Sputnik / Emin AlisahibŞuşaya səfər
Şuşaya səfər
© Sputnik / Emin Alisahib
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Otuz il sonra Bakı-Şuşa avtobusu yola düşdü - Reportaj-Video
* "Şuşaya həyat yoldaşımın məzarını axtarmağa gedirəm" - Şəhidin xanımı - Video