Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Səidə Quliyeva: "Bizdə yaxşı rejissor barmaqla sayılacaq qədərdir " - VİDEO

© Photo : YouTube / V Element ATVSəidə Quliyeva
Səidə Quliyeva - Sputnik Azərbaycan, 1920, 29.01.2022
Abunə olmaq
BAKI, 29 yanvar — Sputnik. Teatrımızda və kinomuzda yaratdığı hər obrazla tamaşaçıların rəğbətini qazanan Xalq artisti Səidə Quliyeva sənətdəki problemlərdən, milli kino və teatrımızın bugünkü vəziyyətindən Sputnik Azərbaycan-a bəhs edib.
- Səidə xanım, siz həm kinoda, həm də teatr səhnəsində unudulmaz obrazlar yaratmısınız. Hazırda kino ilə teatrın inkişaf səviyyəsini müqayisə etsək, sizcə, hansı daha yaxşı inkişaf edib?
- Təəssüf ki, kino sahəsində çox geridəyik. Kinoya baxanda teatra min şükür. Teatr sahəsi kinoya nisbətən daha çox inkişaf edib. İndi kinostudiyamız, demək olar ki, yox səviyyəsindədir. Əvvəllər ildə 8-9 film çəkilirdi. 90-cı illərdən bəri kinomuz illərdir tənəzzül dövrü yaşayır. İndi isə ilə 2-3 film çəkilsə, böyük işdir. Ona da kino demək olarsa... Özüm şəxsən indi çəkilən filmləri bəyənmirəm.
- Bəs sonunculardan rol aldığınız "Zəhər tuluğu" necə?
- "Zəhər tuluğu"nu digər filmlərlə müqayisə etmirəm. Çünki "Zəhər tuluğu"nda ideya, süjet, filmin ana xətti var. Ən əsası, əgər filmdə hər hansı problemi həll edən nəsə varsa, söyüş yoxdursa, bayağı, şit zarafatlar yoxdursa, mən o filmi qəbul edirəm. Baxmayaraq ki, o filmdə balaca epizoda çəkilmişəm, amma filmin yaradıcı heyətinin işə necə can yandırdıqlarını gördüm. Düzdür, o filmdə də çatışmayan cəhətlər var, amma digər filmlərlə müqayisədə çox uğurludur. Filmin müəllifləri hələ gəncdirlər, zamanla püxtələşəcəklər.
"Zəhər tuluğu" filminin çəkilişləri yayda gedirdi. Mənim də istiyə dözümüm yoxdur. Dedim ki, bu sondur, daha istidə filmə çəkilməyəcəyəm. Bunu dediyimdən heç 5 dəqiqə çəkmədi, Əlixan Rəcəbov mənə dedi ki, "Səidə xanım, bir film var, ora sizi çəkmək istəyirik". Dedim ki, "ssenarini göndər, danışarıq". Oğlum da yanımda idi. Dedi, nə oldu, beş dəqiqə qabaq dedin çəkilməyəcəyəm?
- Adətən sənət adamları müəyyən yaşa çatdıqdan sonra ondan sonra gələn sənətçiləri qəbul etmirlər. Sizcə, bunun səbəbi nə ilə bağlıdır?
- Siz son zamanlar çəkilən, kinoteatrlarda nümayiş olunan filmləri bəyənirsiniz? Əminəm ki, siz də bəyənmirsiniz. Amma bizim gəncliyimizdə çəkilən filmlərə, televiziya tamaşalarına, teatr tamaşalarına indi də sevə-sevə baxılır. Yeni il ərəfəsində televiziyalarımızda yayımlanan yeni filmlərimizə baxdım. Sanki bayağı bir film idi. Səhərdən axşama qədər ona baxdım. Eyni aktyorlar, eyni ssenari... Bunun nəyini bəyənim? Bu gün hansısa yeni başlayan gənc nəsə dəyərli iş ortalığa qoysa, onu niyə bəyənməyim ki? Talehi, Əlixanı necə bəyənməyə bilərəm? Onlarla işlədim, onların işə münasibətini gördüm. Onları necə bəyənməyə bilərəm? İndi hansısa 17 yaşlı gənc yaxşı ssenarini mənə təqdim etsə, məmnuniyyətlə oynayaram.
- Sizcə, müasir Azərbaycan kinosunun problemlərinin kökündə nə dayanır?
- Dünyaca tanınmış bütün kino adamlarına sual versəniz ki, uğurlu filmin kökündə nə dayanır, hamısı bir ağızdan deyərlər ki, "ssenari, ssenari, yenə də ssenari". Ssenaridən sonra rejissor. Bizim yeni çəkilmiş filmlərdə oynayan aktyorları bəyənirəm. Onlar çox istedadlıdırlar. Sadəcə onlara yaxşı ssenari və rejissor lazımdır. Hazırda bizim ən böyük problemimiz odur ki, bizdə yaxşı rejissor barmaqla sayılacaq qədərdir. Təbii ki, maddiyyat da rol oynayır. Bu, teatrda da özünü göstərir. Rol bölgüsü düzgün olmalıdır.
"Zəhər tuluğu"nda da oxşarlıqlar var idi. Amma öz orijinallığı da var idi. Məsələn, Şeksprin əsərlərinə dünyanın hər yerində müraciət olunub. Hər ölkə ona yeni nəfəs gətirib. Mən bir dəfə Trabzon şəhərində Şeksprin "12-ci gecə" tamaşasına baxanda dəhşətə gəldim. Həmin əsəri əzbər bilirik. Ona elə yeni stil gətirmişdilər ki, insan təəccüblənməyə bilmirdi. 17 il əvvəl baxmışam, hələ də o tamaşa mənim yadımdan çıxmır".
- Səidə xanım, illərdir ki, sənətdəsiniz. Hər zaman sizə həm teatrda, həm kinoda tələbat olub. Tamaşaçı sevgisini qoruyub saxlamağın, illər keçməsinə baxmayaraq, həmişə tələbatlı sənət adamı olmağın müəyyən düsturu varmı, yoxsa bu taledir?
- Bunun bircə düsturu var: istedad və zəhmət. Adam tanıyıram, istedadı o qədər də güclü deyil. Amma zəhməti hesabına müəyyən uğurlar əldə edib. Elə istedadlı insanlar da var ki, tənbəllik edir, heç bir uğur əldə etmir. Zamanla istedadları itib-batır. Bizim millətdə, xüsusən gənclərdə tənbəllik çoxdur. Bu, hər sahədə özünü büruzə verir.
Yaxınlarda bir xanım mənə zəng edib dedi ki, "Səidə xanım, sizi filmə çəkmək istəyirik". Dedim, nə qədər qonorar verəcəksiniz? Dedi, yarım gün vaxtınızı alacağıq, 100 manat. Razılaşmadım. Vaqif Mustafayevin filmlərinə, "Bala başa bəla"ya cüzi qonorarla çəkilmişəm. Amma bilirdim ki, orada sənət var. Bu gün hər kəs o tamaşadan danışır. Amma görəndə ki rejissor orta səviyyəlidir, mən ondan qonorar istəyirəm. Azərbaycanda qonorar çox aşağıdır. Demək olar ki, öz "sokumuzda bişirik".
- Pandemiya sənət adamlarının əksərinə mənfi təsir göstərdi. Siz o dönəmi necə atlatdınız?
- Pandemiya vaxtı teatr maaşımızı verirdi. Amma mən almağa utanırdım. Sonra düşündüm ki, mən neyləyim, pandemiya ümumbəşəri problemdir. Ümumən götürdükdə, dünyaya nəzərən bizim teatrda aldığımız maaş olduqca azdır. Anlayıram, müharibədən çıxmışıq, üstəlik pandemiya. Ona görə də maaş barədə danışmağa utanıram. Sizə bir sirr açım, bir müddət əvvəl ayaqlarımda problem var idi. Yoldaşıma dedim ki, "istəmirəm məni tamaşaçı belə görsün, teatrdan çıxacağam". Yoldaşım da, oğlum da dedilər ki, "sən teatrsız qala bilməzsən". Məni hönkürtü tutdu. Həqiqətən, mən teatrsız qala bilmərəm.
Eləcə də oxuyun:
* Taleh Yüzbəyov: "Oskar alacam" deyirəm, amma...
* Sain Fərhad: Kaskadyorun başına bir iş gəlsə, onun hüquqlarını qoruyacaq qanun yoxdur
* Bizdə kino var - məsələn, “Biləsuvar”
Xəbər lenti
0