CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

KTM: Azərbaycanda “Omicron” ştammı sürətlə yayılmağa başlayıb

© REUTERS / DADO RUVICOmikron yazısı, arxiv şəkli
Omikron yazısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Abunə olmaq
İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır.
BAKI, 27 yanvar — Sputnik. Azərbaycanda koronavirusun "Omicron" ştammı sürətlə yayılmağa başlayıb. Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.
Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirib ki, bəzi insanlarda arxayınlıq yaranıb və bu, çox təhlükəlidir:
"İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. "Buster" (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki "buster" doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir".
Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, "Omicron"a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70%-in üzərinə çıxır: "Omicrondan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. "Buster" dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz".
Qeyd edək ki, Azərbaycanda yanvarın 24-dən etibarən test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.
Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov xatırladıb ki, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib.
O qeyd edib ki, son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir. Həmin müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur: "Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi".
F.Sədirov əlavə edib ki, yeni qərarın verilməsi "Omicron" ştammıyla əlaqədardır: "Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır".
Yanvarın 24-dən Azərbaycanda COVID-19 xəstələrilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi ilə bağlı yeni qayda qüvvəyə minib.
Bununla bağlı Baş nazir Əli Əsədov yanvarın 22-də qərar imzalayıb.
Qərara əsasən, "Azərbaycan Respublikasının ərazisində hava-damcı yoluyla keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydaları"na dəyişiklik edilib. Belə ki, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.
Qərarla daha bir bənd isə ləğv edilib:
"Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi".
Xatırladaq ki, Azərbaycana xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb.
Bildirək ki, hazırda Avropa və Mərkəzi Asiya regionundakı 53 ölkədən 50-də artıq COVID-19-un "Omicron" ştammı qeydə alınıb.
Koronavirusun yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştamın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
SN rəsmisi Azərbaycanda pandemiyanın bitəcəyi vaxt haqda
"Pfizer" Omikrona qarşı peyvəndin klinik sınaqlarına başlayır
Azərbaycanda karantin müddəti niyə azaldıldı
Omikron ilə pandemiyanın sonu gəlir? - ÜST-dən bəyanat
Omikron ştammını testsiz aşkarlamağın yolu
Xəbər lenti
0