Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Hər kəs üçün kino" - Orxan Mərdandan yeni layihə

© Photo : Facebook / Orxan MerdanOrxan Mərdan
Orxan Mərdan - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Abunə olmaq
Tanınmış prodüser bildirir ki, bir müddət kinoteatr şəbəkələrinin arasında yaranan anlaşılmazlıq səbəbindən yerli filmlərin bütün kinoteatrlarda nümayişində problem yaranmışdı.
BAKI, 27 yanvar — Sputnik. "O2 Media" şirkətinin direktoru, tanınmış prodüser və rejissor Orxan Mərdan yeni layihəyə start verib. "Hər kəs üçün kino" adlı layihə çərçivəsində yeni istehsal edilmiş Azərbaycan filmlərinin regionlarda nümayişinə və yaradıcı heyətləri ilə görüşlərə start verilib.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Orxan Mərdan bildirib ki, ilkin mərhələdə "Zəhər tuluğu" filmi 5-6 fevralda Mingəçevirdə, 11 fevralda Sabirabadda, 12-13 fevralda Şirvanda, 19-20 fevralda Lənkəranda nümayiş olunacaq.
"Zəhər tuluğu" filmi ilə tamaşaçıları yenidən yerli filmlərə cəlb etməyi bacaran adıçəkilən filmin prodüseri bu layihənin də uğurlu alınacağına inanır:
"Azərbaycan kinosunun və mədəniyyətinin inkişafı naminə atdığımız addımları davam etdirməkdə israrlıyıq. Bundan bir neçə il öncə Azərbaycan tamaşaçasını yerli filmlərlə kinoteatrlara cəlb etməyi bacardıq. "Xoxan" və "Naxox" filmlərinin uğurunu kinosevərlər unutmayıblar. Biz həmin dövrdə Azərbaycan tamaşaçısında yerli filmlərə inamı və marağı bərpa etdik. Elə o dönəmdən regionlarımız üçün də yerli filmlərin əlçatan olması üçün çalışırıq".
Prodüser bildirir ki, bir müddət kinoteatr şəbəkələrinin arasında yaranan anlaşılmazlıq səbəbindən yerli filmlərin bütün kinoteatrlarda nümayişində problem yaranmışdı. Bir şəbəkə digər şəbəkədə nümayiş etdirilən filmləri öz kinoteatrında göstərməkdən imtina etmişdi. Bu da öz növbəsində yerli film istehsalçılarına çox ciddi problem yaradır, maliyyə itkilərinə səbəb olurdu.
Bu işlə məşğul olmalı qurumların cəhdləri səmərə vermədikcə kommersiya filmlərinin taleyi sual altında idi: "Pandemiyanın tüğyan etməsi, kinoteatrların karantin rejimi səbəbindən bağlanması bizim işimizi daha da çətinləşdirdi. Ötən il "Zəhər tuluğu" filminin istehsal mərhələsində şəxsən mənim təşəbbüsümlə kinoteatrlar arasında razılıq əldə edildi və bu razılıqdan sonra bizim istehsal etdiyimiz "Zəhər tuluğu" filmi və digər yerli kommersiya filmləri ölkənin bütün kinoteatrlarında nümayiş olunur və tamaşaçı toplamaqda davam edir. İndi hədəfimiz daha böyükdür. Mən bütün regionlarımızda "Zəhər tuluğu" filminin nümayişi üçün danışıqlar aparıram, əksər rayon və şəhərlərimizdən təşəbbüsümüzə dəstək almışıq".
O.Mərdan bildirir ki, məqsəd Azərbaycan kinosunun inkişafı və regionlarda kino mədəniyyətinin formalaşmasıdır.
Bəs görəsən, digər prodüserlər öz filmlərinin bölgələrdə nümayişi üçün maraqlıdırlarmı? Tanınmış prodüser İntiqam Hacılı bildirir ki, ölkəmizdə kinoteatr sistemi yoxdur: "Mən də məmnuniyyətlə prodüseri olduğum "Qaranlıqdan reportaj", "Biləsuvar" və s. kimi filmlərin bölgələrdə nümayiş olunmasını istəyərdim. Amma məsələ var ki, indi filmlərin nümayişi üçün bölgələrdə əlverişli şərait yoxdur.
Öncə kinoteatr sistemi qurulmalıdır. Kino bazarının inkişafı üçün kinoteatrların olması vacibdir. Tək-tük kinoteatrın olması ilə məsələ həll olunmayacaq. Ümumən götürdükdə heç Bakıda da kinoteatr sistemi yoxdur. Biz gedib filmimizi hansısa bölgədə nümayiş etdirəcəyik, məmurlar bunu öz xeyirlərinə istifadə edəcəklər. Mədəniyyət Nazirliyinə deyəcəklər ki, "kinoteatr var, budur İntiqam Hacılı, Orxan Mərdan və ya hansısa prodüser öz filmini gətirib nümayiş etdirir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Cəhalət, xurafat, mövhumat və Əlixan Rəcəbov
* Kriminal Azərbaycan filmi İtaliyada göstəriləcək – VİDEO
* Moskvada yaşayan azərbaycanlılara şad xəbər: Azərbaycan filmləri nümayiş olunacaq - SİYAHI
* "Bəs o əjdahadan bizdə niyə yoxdur?" - kinoşəhərciyi nə vaxt salınacaq
Xəbər lenti
0