Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan-İran münasibətləri hərbi müstəvidə: hansı perspektivlər var?

© AR Ministry of DefenceZakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib
Zakir Həsənov İranda bu ölkə ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edib - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Abunə olmaq
Aydın Mirzəzadə deyib ki, Azərbaycan-İran hərbi əlaqələri hər hansı üçüncü dövlətə qarşı yönəlməyib.
BAKI, 27 yanvar — Sputnik. Azərbaycan Müdafiə naziri Zakir Həsənov İran İslam Respublikasına səfər edib. Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Sputnik Azərbaycan Azərbaycan-İran hərbi əməkdaşlığının perspektivlərini araşdırıb, mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə və hərbi ekspertin fikirlərini öyrənib.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Azərbaycan müdafiə nazirinin bu səfəri Azərbaycan-İran hərbi əməkdaşlığının yeni səhifəsinin açıldığını göstərir. Onun sözlərinə görə, İran rəsmiləri Azərbaycanla hərbi əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını göstərirlər: "Bu, Azərbaycan-İran geniş spektrli münasibətlərinə yeni və aktual bir sahənin əlavə olunması kimi qiymətləndirilə bilər. Qonşu ölkələr bir-biri ilə normal münasibətlər qurmalıdır və Azərbaycan-İran hərbi əlaqələrinin qurulması yaxşı perspektivlər vəd edir".
Millət vəkili əlavə edib ki, birgə hərbi sənaye məhsullarının istehsalı, hərbi təhsil sahəsində təcrübə mübadiləsinin aparılması sahələrində əməkdaşlıq edilə bilər. O hesab edir ki, gələcək dövrlərdə Azərbaycan-İran hərbi təlimlərinin keçirilməsi də mümkün olan məsələlərdəndir: "Azərbaycan-İran hərbi əlaqələri hər hansı üçüncü dövlətə qarşı yönəlməyib. Biz suveren dövlət olaraq münasibətlərimizi beynəlxalq hüquq normaları əsasında qururuq".
"Bu əməkdaşlıq Azərbaycan-İsrail arasındakı sıx hərbi əməkdaşlığa mənfi təsir göstərməyəcək. Hətta deyərdim ki, Azərbaycanın İranla qurduğu münasibətlər bu ölkənin İsraillə münasibətlərindəki gərginliyin müəyyən qədər azalmasına töhfə verə bilər. Azərbaycanın hər iki ölkə ilə əməkdaşlığının perspektivləri var və bu kiməsə qarşı yönəlməyib", - deyə millət vəkili qeyd edib.
Hərbi ekspert Ruslan İmanquliyev də Azərbaycan və İranın hərbi sahədə əməkdaşlığından danışarkən bu münasibətlərin müsbət perspektivlər vəd etdiyinə diqqət çəkib. O deyib ki, Azərbaycan bir çox dövlətlərlə hərbi əməkdaşlıqlar qurub və bu əlaqələr qurularkən Azərbaycanla o ölkələr arasında əlaqələrə baxılır: "Gələcəkdə bölgədə sülhün təmin olunması üçün İranla da bu cür əməkdaşlıqlar qurula bilər. Xüsusən də bu cür əməkdaşlıq təklifləri İran tərəfindən gəlirsə, Azərbaycan bunu niyə də dəyərləndirməsin?!"
"Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bir çox ölkələr Azərbaycanla əməkdaşlıq etmək istəyir. İranın da hərbi sahədə əməkdaşlıq etmək niyyəti bənzər səbəblərdən qaynaqlana bilər. Azərbaycan müharibədən sonra Türkiyə və Pakistanla birgə hərbi təlimlər keçirdi. Müttəfiqlərimizin hərbi potensialına baxdıqda görərik ki, İran da bu müttəfiqlikdən faydalanmaq istəyər", - deyə hərbi ekspert qeyd edib.
Onun fikrincə, bundan sonrakı addımlar İranın siyasi olaraq yanaşmalarından asılı olacaq: "Azərbaycan İranla birgə Xəzərdə ortaq hərbi təlimlər keçirə bilər. Bu təlimlərə digər region dövlətləri də cəlb oluna bilər. Bunda İranın maraqlı olması daha önəmlidir".
Qeyd edək ki, İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeri Azərbaycan Müdafiə naziri Zakir Həsənovla görüşündə İranın Azərbaycan ilə hərbi sahədə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
"Təcrübə mübadiləsi üçün qarşılıqlı səfərləri artırmaq lazımdır. İran ordusu hərbi-tibbi və hərbi-texniki sahələrdə əməkdaşlıq imkanlarına malikdir. Qarşılıqlı əməkdaşlıq hər iki dövlətin ordusunun daha da güclənməsinə töhfə verə bilər", - Baqeri deyib.
Həmçinin oxuyun:
Zakir Həsənov İranın müdafiə naziri ilə nədən danışıb?
Azərbaycan Müdafiə naziri İran Prezidenti ilə görüşüb
Baş Qərargah rəisi: "İran hər zaman Azərbaycanın yanında olacaq"
Xəbər lenti
0