CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışına görə satıcını cərimələdilər

© Sputnik / Murad OrujovSiqaret, arxiv şəkli
Siqaret, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
Şəhər ərazisində fəaliyyət göstərən köşklərdən birinin satıcısı Nahid Pirməmmədovun məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.
BAKI, 26 yanvar — Sputnik. Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əməliyyat Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Tədbir zamanı şəhər ərazisində fəaliyyət göstərən köşklərdən birinin satıcısı Nahid Pirməmmədovun məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.
Aşkar edilən faktla bağlı həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Yetkinlik yaşına çatmayanlara spirtli içki, eləcə də tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Ümumilikdə, 2021-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3422, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 270 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.
Tətbiq edilmiş cərimələr 133.140 manat təşkil edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qeyd edək ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin, həmçinin tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Həmin qanunun 13-cü maddəsi "Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsinin qadağan olunması" adlanır.
Həmin maddəyə görə:
- Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, habelə onlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.
- Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir.
- Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən, yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir.
- Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir.
Həmçinin oxuyun:
* Uşaqlara niyə siqaret satırlar? DİN toplanan cərimələrin məbləğini açıqladı
* Siqaret tüstüsündə boğulan məktəblərimiz - Şagirdləri bu axmaq vərdişdən necə çəkindirməli
Xəbər lenti
0