CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlara niyə siqaret satırlar? DİN toplanan cərimələrin məbləğini açıqladı

CC BY-SA 2.0 / J.P. C. / CigaretteSiqaret, arxiv şəkli
Siqaret, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Qadağan edilmiş yerlərdə tütün çəkən 3400-dən çox şəxs cərimələnib. Tətbiq edilmiş cərimələr 133 140 manat təşkil edib.
BAKI, 11 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) tərəfindən "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır.
Bu barədə Sputnik Azərbaycan-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır. Müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin "102 - Xidməti-Zəng Mərkəzi Sistemi"nə və www.mia.gov.az elektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilir.
Ümumilikdə, 2021-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3422, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 270 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.
Tətbiq edilmiş cərimələr 133.140 manat təşkil edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qeyd edək ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Həmin qanunun 13-cü maddəsi "Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsinin qadağan olunması" adlanır.
Həmin maddəyə görə:
- Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, habelə onlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.
- Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir.
- Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir.
- Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir.
Xəbər lenti
0