Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Tağıyevin təsbehinə SÖZARDI: Köhnə Bakının daha bir adəti yada düşür

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında
Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında - Sputnik Azərbaycan, 1920, 20.01.2022
Abunə olmaq
Biz heykəllərimizə qarşı bu davranışı daha öncələr də görmüşük – Qarabağda, Şuşada…
Hacı Zeynalabdin Tağıyevin İçərişəhərdə qoyulan heykəli postamentsizdir, yerdən qoyulub. Heykəltəraş Xanlar Əhmədov bunu xeyriyyəçinin xalqdan biri olması, daim xalqın arasında olması ilə izah edib.
Heykəlin qoyulduğu gün xalqdan biri Tağıyevin əlindəki təsbehi qıraraq yerə atıb. Adam nə hiss etməli, nə düşünməlidir ki, xalqının gələcəyinə işıq salmış böyük insanın abidəsinə qarşı bu cür sayğısızlıq nümayiş etdirsin?!
Belə adamların beyin quruluşu, psixoportreti elmi iş kimi araşdırılmalı, öyrənilməli, elmi-praktik konfransların mövzusu olmalı, insanın xüsusi növü kimi tədqiq olunaraq geniş ictimaiyyətə təqdim olunmalıdır, biologiya, sosiologiya kabinetlərində prototipləri, şəkilləri qoyulmalı, praktik məşğələlərdə istifadə olunmalıdır. Bəli, bu xüsusi növdür.
Tağıyevə ehtiram göstərməmək üçün xüsusi identiklik tələb olunur.
Təsbeh özü də köhnə Bakının identik nəsnələrindəndir. Onunla özünü yaxşı aparmayanları cəzalandırmaq, məsələn, başına vurub başa salmaq adəti olub – hüquqi dövlətdə polis müqəssirləri belə cəzalandırmasa da, güman ki, dəmir barmaqlıqlar arasında köhnə adətlərin çoxusu yaşayır…
Tağıyevi öz vəsiyyəti ilə Mərdəkanın “Pirhəsən” pirində, böyük din alimi Axund Mirzə Əbu Turabın məzarının ayaq hissəsində dəfn ediblər. Qızı Sara xanımın sözlərinə görə, atası bu vəsiyyəti edərkən deyirmiş ki, “Axundun ayağını biləni mənim başım bilmir”.
Deyilənə görə, Tağıyev vaxtilə Əbu Turabın ona dediyi “Allah hər şeyə qadirdir. İstəsə, sənin bu varidatını bir anın içində əlindən ala bilər” sözlərinə şübhə ilə yanaşdığına görə bu qənaətə gəlib…
Sonralar məlum olduğu kimi, elə də olub – Tağıyevin hər şeyini mənimsəyiblər, bircə əlində qalan bağ evində ömrünü başa vurub. Qızının aqibəti isə məlumdur – aclıq və səfalət içində yaşayan Sara xanım daha ağır iztirablarla həyatını sonlandırıb.
Tağıyev xalqının təhsili, parlaq gələcəyi naminə, maariflənməsi üçün əlindən gələn hər şeyi etmişdi… gəncləri xaricdə oxumağa göndərmişdi, Bakını içməli su ilə təmin etmişdi, ilk teatr binasını, bir neçə sənaye müəssisəsini, qızlar üçün məktəbi, neçə-neçə tarixi binanı tikdirmişdi…Quranı Azərbaycan dilinə tərcümə etdirmişdi… bir sözlə, əlindəki təsbehi çevirəndə xoşniyyətli işlər barədə düşünmüşdü… İndi onun təsbehini hansısa ağıldan kəm qırıb kənara atır.
Biz heykəllərimizə qarşı bu davranışı daha öncələr də görmüşük – Qarabağda, Şuşada… Düşmən işğal etdiyi əraziləri xarabalığa çevirəndə heykəllərimizlə, dəyərlərimizlə də vandalcasına davranıb, bir daha nümayiş etdirib ki, onun üçün heç bir bəşəri dəyər yoxdur. Biz Şuşada olan heykəllərimizi düşməndən pulla almışıq… Amma düşməndən! Tağıyevin təsbehini qıransa bizdən biridir axı… bəli, təəssüf ki, bizdən biri!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı olub
* Tağıyevin heykəlini zədələməkdə şübhəli bilinən şəxslər saxlanılıb
* Hacı Zeynalabdin Tağıyevin heykəli niyə və necə sındırılıb? Təfərrüatlar və adlar
Xəbər lenti
0