CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kriptovalyuta alan həm əvvəl, həm də sonra vergi ödəyir - Problem nədədir?

© AFP 2024 / INA FASSBENDERkriptovalyuta
kriptovalyuta  - Sputnik Azərbaycan, 1920, 14.01.2022
Abunə olmaq
Ödəniləcək vəsaitlə bağlı da hansısa limit yoxdur. Kriptovalyutada 1 milyard dollar da vəsait göndərmək olar. Burada komissiya da çox cüzidir. 1 milyard dollara 6-7 dollar komissiya tutula bilər.
BAKI, 14 yanvar — Sputnik. Hazırda dünyada kriptovalyutaya - "bitcoin"ə maraq getdikcə artır. Azərbaycan da bu mənada istisna deyil. Mövzunun aktuallığını nəzərə alaraq Sputnik Azərbaycan "Kriptokonsaltinq" şirkətinin rəhbəri Elnur Quliyevlə rəqəmsal pulla bağlı müxtəlif nüansları araşdırıb:
- Hazırda kriptovalyuta bazarında vəziyyət necədir?
- Kriptovalyuta bazarı hazırda gözləmə mövqeyindədir. Ötən ilin noyabrında "bitcoin"-in qiyməti qalxdı və bazar çox cəlbedici oldu. Bu səbəbdən hazırda kiçik məbləğlərlə yatırım edənlər çoxdur. Yeni layihələrə maraq artıb. Lakin əsas problem hazırda birjaya pul qoymaqdadır. Yerli banklarımız 18 faiz vergi tutur, birja saytlarının özlərinin də komissiya haqları var.
© Photo : courtesy of Elnur Guliyev"Kriptokonsaltinq" şirkətinin rəhbəri Elnur Quliyev
Kriptokonsaltinq şirkətinin rəhbəri Elnur Quliyev - Sputnik Azərbaycan, 1920, 13.01.2022
"Kriptokonsaltinq" şirkətinin rəhbəri Elnur Quliyev
- Azərbaycanda kriptovalyutaya münasibətdə mühafizəkar mövqe qalmaqdadır. Bunun səbəbini nə ilə izah etmək olar?
- Azərbaycanda son illərdə bu vəsaitə maraq artsa da, mühafizəkar mövqe qalmaqdadır. Çünki ölkəmizdə bununla bağlı qanunvericilik yoxdur. Bu səbəbdən həm əcnəbi şirkətlər Azərbaycana ayaq aça bilmir, həm də yerli şirkətlər yaranmır.
- Bəs bu sahədə vergilərlə bağlı vəziyyət nəyerdədir?
- Azərbaycanda kriptovalyuta gəlirləri üzrə verginin ödənilməsi ancaq könüllük prinsipi əsasında ola bilər. Çünki hazırda kripto-investisiyaların və ya kriptovalyuta ticarəti üzrə əməliyyatların rəsmi izlənməsi üçün hər hansı bir mexanizm yoxdur. Bundan əlavə, kriptovalyutalar mövcud qanunvericilik üzrə aktiv və ya əmlak kimi də tanınmır. Bu səbəbdən Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Bu zaman gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14% gəlir vergisi ödəməlidir.
- Kriptovalyutalar üzrə gəlirin hesablanması mexanizmi necədir?
- Bu, əslində olduqca mürəkkəb prosedurdur. Bunun üçün vergi bəyannaməsində kriptovalyutanın ilkin investisiya məbləği və aktivin nağdalşdırıldığı qiymət göstərilməlidir. Nəticədə, bu məbləğlər arasında fərqdən gəlir yaranırsa, o zaman bu gəlirdən 14% hesablanıb vergi ödənilməlidir. Lakin nə qədər ki, kriptovalyutalara hüquqi qiymət verilməyib bu prosedurun tətbiqi real nəticə verməyəcək. Kriptovalyuta birjaları və ya elektron ödəniş sistemlərinə vəsaitin mədaxil edildiyi zaman Azərbaycanda fəaliyyət göstərən bankların təqdim etdiyi plastik kartlardan 10-18% vergi və xidmət haqqı tutulur. Yəni, vətəndaş qazanc əldə etmədən əvvəl bu rüsumu ödəmiş olur. Bu zaman belə bir sual yaranır – bu şəxs sonra niyə yenidən vergi ödəməlidir?
- Yatırım etmək istəyən şəxs hansı xərclərlə qarşılaşır?
- Azərbaycanda kriptovalyutalara investisiya etmək istəyən şəxs ardıcıl olaraq 4 dəfə komissiya xərci ilə qarşılaşır:
Birjaya mədaxil zamanı rüsum: bank tərəfindən tutulur;
Birjada alqı-satqı zamanı tutulan komissiyalar: birjada hər əməliyyat üçün tutulur;
Birjadan rəqəmsal vəsaitin məxaric edildiyi zaman tutulan komissiya: konkret tariflər əsasında birja tərəfindən tutulur;
Bank hesabına mədaxil olmuş vəsaitin nağdlaşdırılması zamanı tutulan rüsum: banklar nağdlaşdırma komissiyası kimi tutur.
Qoyulan investisiya o dərəcədə rentabelli olmalıdır ki, bütün bu sadalığım komissiya xərclərini üstələyə bilsin. İstənilən halda kriptovalyuta alışı zamanı vətəndaş gələcəkdə aktivin qiymətinin artmasından aslı olmayaraq kifyaət qədər yüksək olan rüsümu əvvəlcədən ödəmiş olur. Bundan əlavə, vətəndaş birjalarda alqı-satqı əməliyyatları və məxaric üzrə komissiyalar ödəməlidir. Bütün bu xərcləri ödədikdən sonra vətəndaşdan könüllü olaraq yenidən 14% gəlir vergisini ödəmək üçün vergi bəyannaməsi təqdim etməsini gözləmək sadəlövlük olar. Hesab edirəm ki, kriptovalyuta əməliyyatlarına vergi mexanizminin tətbiqi ədalət prinsiplərinə əsaslanmalı, fiziki və ya hüquqi şəxs olmasından aslı olaraq konkret tariflər əsasında müəyyən edilməlidir. Bu, həm rəqəmsal valyutaların alışı, həm də nağdlaşdırılması zamanı tətbiq edilən vergi və rüsumlara aiddir.
© REUTERS / Benoit TessierBitkoin qəbz
Валюта биткоин в Париже - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Bitkoin qəbz
- Kriptovalyuta əməliyyatlarının leqallaşdırılması, sadələşdirilmiş prosedurlar və optimal vergi dərəcəsini tətbiq etməklə hansı məsələləri həll etmək mümkündür?
- Bu məsələlər həll oluna bilər:
Azərbaycanda rəqəmsal aktivlər üzrə əməliyyatların statistik uçotunun aparılması;
Kriptovalyuta əməliyyatları üzrə dövriyyənin vergiyə cəlb edilməsi;
Maliyyə texnologiyaları üzrə yeni biznes fəaliyyəti növlərinin meydana gəlməsi.
Rəqəmsal aktivlərin statusunun müəyyənləşdirilməsi üzrə vergi qanunverciliyinin təkmilləşdirməsinin vaxtı çatıb və buna həqiqətən ehtiyac var. Bu istiqamətdə inkişaf etmiş (Yaponiya, İsveçrə, Almaniya, İspaniya) və MDB ölkələrinin (Ukrayna, Belarus, Gürcüstan) təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar. İlkin mərhələdə hətta müəyyən dövr üçün 0% vergi dərəcəsi və ya digər güzəştləri tətbiq etmək mümkündür. Nəzərə almaq lazımdır ki, hüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığının artırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminin inkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin – kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadilə servislərinin yaradılmasını stimullaşdıracaq. Ədalətli və obyektiv vergi mexanizminin tətbiqi ümumilikdə bu sektorun inkişafına şərait yaradacaq, korporativ şirkətləri və adi vətəndaşları kripto-əməliyyatlar üzrə gəlir vergisini ödəməyə motivasiya edəcək.
- Azərbaycandan fərqli olaraq qonşu Gürcüstanda kriptobankomatlar var. Bildiyimiz qədər, Ukraynada da belə bankomatlar mövcuddur.
- Qanunvericilikdə icazə verilsəydi, Azərbaycanda da kriptobankomatlar olardı.
- Rəqəmsal və elektron pulun əsas fərq və üstünlükləri nədədir?
- Rəqəmsal pul - yəni kriptovalyutanın kartımızda olan və onlayn olaraq yararlana biləcəyimiz elektron puldan fərqi odur ki, onun kağız variantı yoxdur. Bu pulu yalnız mübadilə etdikdən sonra əldə etmək mümkündür. Elektron pulun arxasında dövlət dayansa da, kriptovalyuta dövlət tərəfindən qorunmur. Kriptovalyutanın üstünlüyü ondan ibarətdir ki, daha sürətli ödəniş vasitəsidir, daha az komissiyası var. Azərbaycandan Amerikaya pul göndərmək istəsəz, bank deyəcək ki, bu prosesi 3 günə reallaşdırmaq mümkündür. Lakin kriptolvalyuta ilə bu prosesi anındaca icra etmək mümkündür. 24 saat ərzində, həftənin, ayın istənilən günü operativ olaraq bu əməliyyatları icra etmək mümkündür. Bundan başqa, əldə kağız pul gəzdirməyə ehtiyac qalmır. Ödəniləcək vəsaitlə bağlı da hansısa limit yoxdur. Kriptovalyutada 1 milyard dollar da vəsait göndərmək olar. Burada komissiya da çox cüzidir. 1 milyard dollara 6-7 dollar komissiya tutula bilər.
- Yaxın illərdə Azərbaycanda kriptovalyutadan birbaşa ödəniş vasitəsi olaraq istifadəni proqnozlaşdırmaq olarmı?
- Yaxın 5 ildə bu vəsaitdən birbaşa ödəniş vasitəsi kimi isitfadəni də gözləmirəm. Yaxın qonşulaırmız bu ödəniş sisteminə keçərsə, o zaman biz də bu ödəniş sisteminə keçə bilərik. Lakin bu baş verməzsə, təbii ki, Azərbaycanda da bunu gözləmək olmaz.
Qeyd edək ki, Azərbaycanda mübadilə servisinə daxil olmaqla kriptovalyuta vəsaitini dollara dəyişib sonradan onu istifadə olunan karta yönləndirərək nağdlaşdrımaq mümkündür. Lakin bu zaman da Azərbaycanda yüksək komissiyalar tutulur. Azərbaycanda bu vəsaitdən istifadə etmək üçün digər seçim də var - kartdan vəsaiti çıxartmadan da ödəniş etmək mümkündür.
Onu da qeyd edək ki, Azərbaycanda kriptovalyuta ilə bağlı hansısa statistika, hətta onu aparmaq üçün mexanizm belə yoxdur.
Həmçinin oxuyun:
2022-ci ildə maliyyə sektorunu nə gözləyir?
Bitkoin aprel ayından bu yana ilk dəfə olaraq 60 min dollara yaxınlaşıb
Putin varisi, dolların taleyi və kriptovalyuta barədə danışıb
Xəbər lenti
0