Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin varisi, dolların taleyi və kriptovalyuta barədə danışıb

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
Rusiya Prezidenti bildirib ki, ABŞ, Böyük Britaniya və Avstraliyanı birləşdirən AUKUS kimi blokların yaradılması regional sabitliyi sarsıdır.
BAKI, 14 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin CNBC telekanalına müsahibəsində bir sıra suallara cavab verməklə yanaşı, gündəmdə olan məsələləri də şərh edib.

"Hələlik heç bir qərar qəbul olunmayıb"

Seçkidə mümkün iştirak barədə danışan ölkə başçısı qeyd edib ki, hadisələri qabaqlamaq istəmir.

"Bu mənim ənənəvi cavabımdır. Gələn seçkiyə hələ kifayət qədər çox vaxt var. Bu mövzuda danışılanlar vəziyyətin stabilliyini pozur. Vəziyyət isə sabit olmalıdır ki, bütün hakimiyyət və dövlət strukturları əminliklə işləsinlər və gələcəyə sakit yanaşa bilsinlər", – deyə prezident vurğulayıb.

Putin ikinci müddətə namizəd olmaq hüququnu xatırladaraq "ancaq hələlik bu barədə heç bir qərar qəbul olunmayıb", – deyə bildirib.
Dolların perspektivi haqqında
Putin bu fikirdədir ki, dollar dünya ehtiyat valyutası kimi öz mövqeyini əldən verir. Bununla belə, o qeyd edib ki, ABŞ dollardan sanksiya aləti kimi istifadə etməklə böyük səhvə yol verir.

"Bununla əlaqədar demək olar ki, ABŞ öz oturduğu budağı kəsməklə məşğuldur. Çünki dollar universal dünya rezerv valyutası kimi mütləq rəqabət üstünlüyünə malikdir, onlar isə bu yolla bir anlıq siyasi konyuktur naminə özlərinin strateji iqtisadi maraqlarına zərbə vururlar", – deyə Rusiya lideri əlavə edib.

O xatırladıb ki, müxtəlif ölkələrin Amerika valyutası ilə aparılan hesablaşmalarının və pul ehtiyatlarının həcmi azalır. Prezident vurğulayıb ki, Rusiya da bu yolla gedir.
Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Moskva dollardan tamamilə imtina etməkdə maraqlı deyil.

"Hələlik, məsələn, enerji resursları və neftə görə hesablaşmaların dollarla aparılması bizi qane edir", – deyə o öz fikrinə aydınlıq gətirib.

Putin onu da əlavə edib ki, dünya iqtisadiyyatı ABŞ iqtisadiyyatının vəziyyətindən asılıdır, odur ki, Rusiya bu ölkədə gərginlik və iğtişaşların olmasında maraqlı deyil.
Onun sözlərinə görə, Moskva özünün uzunmüddətli maraqlarını təmin etmək məqsədilə orada baş verənləri diqqətlə izləyir, analiz edir və lazımi addımları atır.
Kriptovalyuta haqqında
Putin bildirib ki, kriptovalyutadan hesablaşma vahidi kimi istifadə oluna bilər, ancaq o sabit deyil.

"Bəli, vəsaitlərin bir yerdən başqa yerə köçürülməsi üçün istifadə etmək olar, amma ticarət aparmaq, xüsusən enerji resurslarının ticarətini aparmaq üçün, məncə hələ çox tezdir", – deyə o bildirib.

Dövlət başçısının sözlərinə görə, hələlik heç nə kriptovalyutaya zəmanət vermir:

"Onun işlənmə yeri var, hesablaşma vasitəsi kimi, əlbəttə ki, istifadə oluna bilər. Ancaq neft ticarətində, ya da başqa xammalın və enerji mənbələrinin alınıb-satılmasında kriptovalyutadan istifadə barədə danışmaq, məncə, hələ tezdir", – deyə Rusiya lideri əlavə edib.

Bununla belə, o qeyd edib ki, dünyada hər şey dəyişir, inkişaf edir və "mövcud olma haqqı" qazanır.

"Baxaq görək, necə olacaq. Bəlkə, nə vaxtsa bu, ehtiyat yığmaq vasitəsinə belə çevrildi. Hələlik biz bu bazarın necə dalğalandığını görürük. Ona görə də, bu barədə danışmaq tezdir", – deyə Putin vurğulayıb.

AUKUS bloku barədə
Putin deyib ki, ABŞ, Böyük Britaniya və Avstraliyanı birləşdirən AUKUS kimi blokların yaradılması regional sabitliyi sarsıdır.

"Məncə, kimlərinsə öz aralarında dostluq etmələri yaxşıdır, ancaq "kiməsə qarşı dostluq etmələri" pisdir. Bu bizim hamımızın haqqında danışdığımız və qorumağa çalışdığımız sabitliyi sarsıdır", – deyə Putin fikrinə aydınlıq gətirib.

O ümid etdiyini bildirib ki, vəziyyət naməlum ssenari üzrə inkişaf etməyəcək və regionda əlavə gərginlik yaranmayacaq.
Navalnı haqqında
Aparıcının Aleksey Navalnı barədə sualını cavablandıran Prezident bildirib ki, Rusiya hakimiyyəti heç kimə, o cümlədən qanunları pozub bunu siyasi fəaliyyət adı altında gizlətməyə çalışanlara xüsusi şərait yaratmaq fikrində deyil.

"Sizin haqqında danışdığınız vətəndaş azadlıqdan məhrum etmə yerindədir", – deyə o xatırladıb.

Qeyd edək ki, bu ilin fevral ayının 2 -də Moskva Simonovski Məhkəməsi "Yves Rocher" işi üzrə Navalnının şərti cəzasının ləğv edilməsi və bunun ümumi rejimli koloniyada 3,5 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənməsi barədə qərar verib. Bunu Rusiya Federasiyası Məhkəmə Qərarlarının İcrası Xidməti tələb edib. Həmin qurumun məlumatına görə, Navalnı sınaq müddətinin şərtlərini dəfələrlə pozub və həbs olunmazdan əvvəl axtarışa verilib. Sonradan Moskva Şəhər Məhkəməsi bu qərarı təsdiqləyib. Navalnı hazırda cəzasını koloniya rejimində çəkir.
Xəbər lenti
0