CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havaya görə daha bir xəbərdarlıq! Maqnit qasırğası gözlənilir

© Sputnik / Murad OrujovBakıda qar, arxiv şəkli
Bakıda qar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Abunə olmaq
BAKI, 13 yanvar — Sputnik. 13-14 yanvar tarixlərində geomaqnit sahədə əsasən sakit şəraitin davam etməsi gözlənilir. Sputnik Azərbaycan-ın xəbərinə görə, Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 15-də günün ilk saatlarında sakit şəraitin olacağı, günün sonuna doğru tac dəliyindən çıxan axınlarla əlaqədar G1 sinifli (zəif) maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. Proqnoz dövründə Kp indeksin 2-5 intervalında olacağı gözlənilir.
Xatırladaq ki, bu gün axşamdan başlayaraq ölkə ərazində havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb-enməsi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın mətbuata açıqlamasına görə, təsir effekti qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb-enmə nəticəsində yarana biləcək hisslə müqayisə edilə bilər.
Havanın dəyişməsi kimlərə təsir edəcək?
Bakı şəhərinin baş terapevti, Kliniki Tibbi Mərkəzinin (KTM) polinikika şöbəsinin müdiri Afət Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gözlənilən hava şəraiti meteohəssas insanlara daha çox təsir edir. Onun sözlərinə görə, ürək-damar, hipertoniya, bronxial astma xəstələri belə havada daha çox əziyyət çəkir:
"Havanın soyuması nəticəsində insan orqanizmində damarların sıxılması baş verir. Bunun təsirindən isə qan təyziqi yüksəlir. Hava soyuduqda oksigenin havada miqdarı daha da azalır. İnsanlarda oksigen çatışmazlığı yaranır".
Ürək tutmaları şiddətlənəcək
A.Zeynalovanın sözlərinə görə, bu zaman ürək xəstələrində boğulma tutmaları, ürək ağrıları şiddətlənir: "Həmçinin əsasən gecə radələrində ürək tutmaları daha da artır".
Baş terapevt bu səbəbdən ilk növbədə metohəssas insanların daim nəzarət altında olmasını tövsiyə edir. O bildirir ki, xəstələr mütəmadi müalicə almalı, dərman vasitələrindən istifadə etməlidirlər. Həmçinin hipertoniya əleyhinə dərman preparatları, bronxgenişləndirici dərmanlar həkim nəzarəti altında qəbul edilməlidir.
Bu dərmanlardan istifadə edin!
Şöbə müdiri bildirir ki, proqnozlaşdırılan havada qan-damar xəstəlikləri olan insanlar həkim nəzarəti altında onlara təyin edilən dərman preparatlarını qəbul etməyə davam etməlidirlər:
"Damar genişləndirici, miokard preparatlardan, sakitləşdiricilərdən, yuxu pozğunluğuna qarşı dərmanlardan istifadə olunmalıdır".
Qidalanma necə olmalıdır?
Qidalanmaya gəlincə, A. Zeynalova gözlənilən hava şəraitində ürək və qan-damar xəstəliklərindən əziyyət çəkənlərin qidalanmaya xüsusi diqqət yetirməli olduqlarını deyir. Onun sözlərinə görə, ürək-damar xəstəliyi olan bir çox insanlarda xolesterinin miqdarı daha çox olur:
"Ona görə də, soyuq havada yağlı qidalardan istifadə etməmək tövsiyə olunur. Belə havada ətin istehlakını azaltmaq lazımdır. Allergiya verən qidalardan isə uzaq durmaq məsləhətdir. Daha çox vitaminlə zəngin qidalar, meyvə-tərəvəzlərdən istifadə edilməlidir. Ümumi rasionda qidanın miqdarını azaltmaq lazımdır".
Hamilələr də diqqətli olmalıdırlar
A. Zeynalova bildirib ki, hamilə qadınlar da bu cür hava şəraitində diqqətli davranmalıdırlar:
"Çünki hamilə qadınlarda hava şəraitinin soyuması, atmosfer təyziqinin yüksəlib-azalması qan təyziqinin artmasına səbəb ola bilər. Ona görə də onlar da qadın məsləhətxanalarında ginekoloqların nəzarətində olmalıdırlar".
Bu qış 30 ilin ən soyuq qışı olacaq
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlamasında qeyd edib ki, Avropa meteoxidmətləri bu ilin qışının son 30 ilin soyuq qışı olan illərindən olacağını istisna etmir. O bildirib ki, qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika hava burulğanı təsir edəcək.
U.Tağıyevanın sözlərinə görə, həddindən artıq soyuq arktik hava kütlələri şimal yarımkürəsindən cənub enliklərədək yayıldıqda belə hava hadisəsi "arktika sıçrayışı" adlanır:
"Hazırda çox soyuq hava kütləsi Rusiyanın Avropa hissəsində anomal soyuqlara səbəb olub, güclü qar və çovğun, yollarda buz örtüyü əmələ gətirib. Artıq şimaldan cənuba yönəlmiş soyuq atmosfer cəbhəsi Şimali Qafqazda güclü qara səbəb olmaqla, qar uçqunları təhlükəsi yaradıb".
Yollar buz bağlayacaq
O qeyd edib ki, həftənin 2-ci yarısında Şimalı Qafqazda və Türkiyənin Aralıq dənizi sahillərində baş verən proseslərin əlamətləri bizim ərazimizdə də özünü göstərməyə başlayacaq:
"Yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir. Soyuq qarlı hava kütlələrinin şimal və qərbdən daxil olacağı proqnozlaşdırılır.
Bununla əlaqədar, 13-də səhər Naxçıvan MR-da, Qarabağda, Şərqi Zəngəzurda, gündüz Böyük Qafqaz bölgəsində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq.
Onun sözlərinə görə, Bakıya qarın düşməsi ilə bağlı yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək:
"Lakin proqnoz modelləri böyük ehtimalla Abşeronda sulu qarın yağacağını deməyə imkan verir. Belə ki, Bakıda və Abşeronda 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir".
Həmçinin oxuyun:
Havaya görə bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti çətinləşəcək - AAYDA
Güclü qar yağacağı gözlənilir - proqnoz verildi
Güclü qar yağacağı gözlənilir - proqnoz verildi
Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edildi
Xəbər lenti
0