CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nikah və doğumların azalma səbəbləri - RƏQƏMLƏRLƏ

© pixabay / christianabellakörpə
körpə - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
1935-ci ildə 31 min 262 nikah bağlanıb, lakin bununla belə bağlanan nikahların sayı əhalinin hər min nəfərinə görə 10.5 yəni - 2020-ci illə müqayisədə daha yüksək olub. Ötən il isə nikahların sayı 35 min 348, yəni, hər min nəfərə düşən nikah sayı 3.5 olub.
BAKI, 28 dekabr — Sputnik. Azərbaycanda daha öncəki illərlə müqayisədə nikahların sayında azalmalar qeydə alınıb. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən müxtəlif illər üzrə nikah və doğumların dinamikasını izləyərək vəziyyəti araşdrımağa çalışıb.
Komitənin məlumatına görə, təkcə ötən il ərzində Azərbaycanda 35 min 348 nikah qeydə alınıb. Bununla da əhalinin hər min nəfərinə düşən nikahların sayı 3.5 olub. Bu rəqəm 1935-ci ildə qeydə alınan nikahların sayına daha çox yaxın olub. Belə ki, 1935-ci ildə 31 min 262 nikah bağlanıb, lakin bununla belə bağlanan nikahların sayı əhalinin hər min nəfərinə görə 10.5 yəni - 2020-ci illə müqayisədə daha yüksək olub. Ötən il isə nikahların sayı 35 min 348 (hər min nəfərə düşən nikah sayı 3.5 ) olub.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən daha öncəki illərə nəzər salaq:
2019-cu ildə nikahların sayı bundan təxminən 2 dəfə çox - 63 min 869 olub. Hər min nəfərə düşən nikahların sayı isə 6.4 olub.
Ümumilikdə, 1935-ci ildən bu yana ən çox 2011-ci ildə nikaha daxil olanların sayında artım olub. Belə ki, qeyd olunan dövrdə 88 min 145 nəfər nikaha daxil olub, bununla da hər min nəfərə düşən nikahların sayı 9.7 olub. Lakin 2011-ci ildən sonra müxtəlif illərdə rəqəmlərdə azalmalar olub, bəzi illərdə nikahların sayı 84 min civarında olsa da, sonradan dinamikanın azaldığı müşahidə olunub.
Fəlsəfə üzrə doktor, dosent Rəşad Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında doğumların sayının azalmasından danışır, deyir ki, pandemiya ilə əlaqədar olaraq son dövrlər Azərbaycanda nikahlarln sayında azalmalar oldu: "Nikahların sayında baş verən azalmalarla yanaşı əhalinin demoqrafik artımında da azalmalar nəzərə çarpıb. Bu rəqəmlər həm də boşanmaların hesabına artmışdı".
Ekspert bildirir ki, son dövrlərin ən böyük problemlərindən biri isə Avropa tipli ailələrin sayının daha da çoxalmasıdır: "Avropa tipli ailələr dedikdə daha çox nikaha girən gənc ailələrdə uşaqların dünyaya gəlmə faizinin azlığı nəzərdə tutulur. Bu da uşaqsız ailələrin artmasıdır. Lakin qeyd edim ki, Azərbaycanda daha gec nikaha girənlərin sayı Avropadakı kimi o qədər də yüksək deyil. Bundan başqa, Avropa ənənəsinə uyğun olaraq Azərbaycan ailələrində qadınlar əvvəlki dönəmlərdən fərqli olaraq ailə qurduqdan sonra da təhsil almağa daha çox üstünlük verirlər. Əyani təhsilə cəlb olunan xanımlar övladlarının dünyaya gəlməsinin onların təhsil prosesini dondurmasına və müəyyən fasilələrin yaranmasına səbəb ola biləcəyini düşündüyündən bu cür ailələrdə uşaqların olmaması, yaxud da daha az sayda olması halları üstünlük təşkil edir".
Karyera imkanlarının ailələrə təsirindən danışan ekspert deyir ki, qızlar üçün iş yerlərinin sayının artması onların əmək bazarına inteqrasiyasını gücləndirib ki, bunun da nəticəsi olaraq onlar karyerada müəyyən inkişafa nail olmaq üçün gec ailə qurmağa, yaxud ailə qurduqdan müəyyən müddət ərzində - 1-3 ildə uşaq dünyaya gətirməyə meyilli olmurlar. Nəticə olaraq da biz gənc və uşaqsız ailələrin sayını görə bilirik. Səbəblər bununla yekunlaşmır: "Ailələrin maddi durumu və sosial məişət şəriaitinin zəif olması, təminatın aşağı göstəriciləri də nikahın 1-4 ilində cütlükləri düşünməyə vadar edir ki, onlar kareyra qursunlar, daha sonra planlı formada övlad dünyaya gətirsinlər".
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildən sonra nikah və doğumların sayında azalmalar olub:
2016-cı il:
Nikahların sayı 66 min 771 (hər min nəfərə düşən nikah sayı 6.9), doğumların sayı 159 min 464 olub
2017-ci il:
Nikahların sayı 62 min 923 (hər min nəfərə düşən nikah sayı 6.5) doğumların sayı 144 min 41 olub
2018-ci il:
Nikahların sayı 62 min 484 (hər min nəfərə düşən nikah sayı 6.4), doğumlaırn sayı 138 min 982 olub
2019-cu il:
Nikahların sayı 63 min 869 (hər min nəfərə düşən nikah sayı 6.4), doğumların sayı 141 min 179 olub
2020-ci il:
2020-ci illə bağlı yuxarıda qeyd etdiyimiz rəqəmi bir qədər təfsilatlı yazaraq qeyd edək ki, həmin ild nikahların sayı 35 min 348 (hər min nəfərə düşən nikah sayı 3.5 ), doğumların sayı 126 min 571
Göründüyü kimi, doğumların sayı 166 min 210-dan 126 min 571-ə enib.
Devalvasiya ili olaraq yadda qalan 2015-ci ildən sonra doğumların sayının azalma səbəblərindən söz açan ekspert Rəşad Əsgərov deyir ki, 2015-ci ildən sonra doğumların sayının azalmaların əsas səbəblərindən biri nikahların sayının azalmasıdır: "Bu daha çox məşğulluğun artması, gənclərin təhsilə meyil etməsi, karyera sahəsində irəliləyişə nail olmaq istəkləri ilə bağlı oldu. Pandemiya dövründə nikah statistikasında azalmanın kəskin artması bu dövrün tələbləri ilə əlaqədar oldu. Qadağalar rəsmi qeydə alınmayan münasibətlərin formalaşmasına gətirib çıxartdı. Toyların keçirilməsinin qadağan olunması rəqəmlərə təsirsiz ötüşmədi. Bundan başqa, pandemiya dövründə boşanmaların sayının artması da ailələrin reproduktiv funksiyalarının yerinə yetirilməsində də problemlər yaratdı. Bütün bu hallar əhalinin demoqrafik vəziyyəti və dinamikasının əvvəlki illərlə müqayisədə daha da azalmasına səbəb oldu. 2-3 uşağa üstünlük verən ailələrdə də müəyyən dövrdən sonra görürük ki, onlar iqtisadi vəziyyəti stabiləşdirdikdən sonra uşaq dünyaya gətirməyi planlaşdırırlar".
Rəşad Əsgərov onu da vurğulayır ki, Avropaya inteqrasiya, bu dəyər və nümunələrin, dəyərlərin Azərbaycanda tətbiqi yəqin ki, bizdə də çoxuşaqlı ailələrin sayının azalmasına, planlı ailələrin yaranmasına şərait yaradacaq: "Ümid edirik ki, bunun nəticəsində Azərbaycanda təkuşaqlı yox, klassik ailə modeli - 1 qız, 1 oğlan olan ailə modeli üstünlük təşkil edəcək, 3-5 uşaqlı ailələrin sayı kəskin azalacaq. Karyera haqda düşünən ailələr isə uzun müddət 1 uşaqla kifayətlənəcəklər. Lakin qeyd edim ki, bu gün ucqar bölgələrdə də daha çox 2-3 uşaqlı ailələr üstünlük təşkil edir. 5-10 uşaqlı ailələrə isə ancaq geniş təsərrüfatı olan bölgələrdə rast gəlinir. Bu ailələr həmin uşsülsrdan işçi qüvvəsi olaraq planlı formada yararlanmış olur".
Sosioloq Rəşad Əsgərovun sözlərinə görə, patriarxal ailələrdə daha çox oğlan uşaqları ailə davamçısı hesab olunur: "Əvvəlki dövrlərdə 5-7 qız övladı olurdu və sonuncu oğlan övladına qədər ailə dünyaya övlad gətirməyə meyilli olurdu. Avropa ölkələri və onların ailə modellərinin təsiri bəzi ailələrdə bu kimi meyillərin aradan qalxmasına, artıq qız övladının da ailənin davamçısı kimi formalaşmasına şərait yaradır. Beləcə valideyn qız övladına da ailənin davamçısı kimi baxmağa başlayır, hətta qızının ailə qurduğu şəxsi öz övladı kimi qəbul edir və bütün mal-mülkünü ona verməyə üstünlük verir. Müəyyən ailələrdə bu tendensiyanı görə bilirik".
Nikahların azalması fonunda müxtəlif illərdə doğumlarında sayında azalmaalr olub. Müxtəlif illər üzrə bağlanan nikahlar və doğumların sayına müqayisəli nəzər salaq:
1990-cı il:
Nikahların sayı - 73 min 119 (hər min nəfərə düşən nikah sayı 10.4), doğumların sayı isə 182 min 989 olub
1995-ci il:
Nikahların sayı 43 min 130 (hər min nəfərə düşən nikah sayı 5.7) doğumların sayı isə 143 315 olub
2000-ci il
Nikahların sayı 39 min 611 (hər min nəfərə düşən nikah sayı 5.0), doğumların sayı isə 166 min 994 olub
2005-ci il:
Nikahların sayı 71 min 643 (hər min nəfərə düşən nikah sayı 8.5), doğumların sayı isə 141 min 901 olub
2010-cu il:
Nikahların sayı 79 min 172 (hər min nəfərə düşən nikah sayı 8.9), doğumların sayı 165 min 643 olub
2015-ci il:
Nikahların sayı 68 min 773 (hər min nəfərə düşən nikah sayı 7.2) doğumların sayı 166 min 210 olub
Qeyd edək ki, son 30 ildə Azərbaycanda ən yüksək doğum 1991-ci ildə qeydə alınıb. Həmin ildə 190 min 353 körpə dünyaya gəlib.
Hər min nəfərə düşən nikahların sayında da kəskin azalmalar olub. Belə ki, 2010-cu ildə hər min nəfərə düşən nikah sayı 8.9 olubsa, 2019-cu ildə 6.4, ötən il isə 3.5 olub.
2020-ci illə müqayisə cari ilə nəzər yetirək:
Cari ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 92150 doğulan körpə qeydə alınıbb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib. Doğulan körpələr arasında əkizlərin sayı 2346 nəfər, üçəmlərin sayı 63 nəfər, dördəmlərin sayı isə 4 nəfər olub.
2020-ci ilin qeyd olunan dövründə doğulanların sayı 106 min 569, ötən il isə əhalinin hər min nəfərinə düşən doğumlanrı sayı 12,8 olub. Göründüyü kimi ötən ilin cari dövrü ilə müqayisədə doğulanların sayında 14 min 419 azalma qeydə alınıb. Eyni zamanda təbii artımda da azalma qeydə alınıb. Belə ki, ötən il təbii artım 53 min 800 idisə, cari ildə bu rəqəm 23 min 801 rəqəm daha az 29 min 999 olub. Qeyd olunan dövrdə ötən illə müqayisədə boşanma və nikahların sayında da artım qeydə alınıb. Belə ki, ötən ilin qeyd olunan dövründə 29 min 580 nikah, 12 min 347 boşanma, cari ildə isə 46 min 100 nikah, 14 min 316 boşanma qeydə alınıb.
Həmçinin oxuyun:
On beş yaşadək nikaha girən qızların sayı - iqtisadi rayonlar üzrə dəhşət saçan rəqəmlər
Azərbaycan ailəsinin problemləri haqda sorğu - maraqlı məqamlar
Azərbaycanda ailə dəyərləri dəyişib? - Sorğunun maraqlı nəticəsi
Xəbər lenti
0