CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ailəsinin problemləri haqda sorğu - maraqlı məqamlar

© Depositphotos.com / VitalikRadkoOğlan və qızın ayaqları, arxiv şəkli
Oğlan və qızın ayaqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
Evdə qadının sözü keçir, yoxsa kişinin, ən gec nə vaxt evlənməli, uşaqların yetkinlik şüuru niyə gecikir və s. - hamısı bir sorğuda.
BAKI, 23 dekabr — Sputnik. Kişi respondentlərin təxminən 56 faizi onunla eyni millətdən olan qadının başqa millətlərin nümayəndəsindən olan kişi ilə nikah bağlamasına pis baxır. Oxşar mənzərə fərqli dinlərdən olan şəxslərin nikahına dair də müşahidə edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi sosioloji sorğunun nəticəsində qeyd olunur. STM tərəfindən Azərbaycan ailəsinin əsas problemləri araşdırılıb. Araşdırmanın nəticəsinə görə, bu problemlər sırasında maddi problemlər ön sıralarda yer alıb.
“Nələrin ailə dəyərlərimizə qarşı ziyanlı təsirlərini, təhlükələrini görürsünüz” sualına respondentlərin cavabı göstərir ki, ailə dəyərlərimizə ziyan vuran amillər sırasında ilk üçlükdə sosial şəbəkələr, maddi-iqtisadi vəziyyət və xarici serialların təsiri qərarlaşıb. Maraqlıdır ki, təxminən hər 4 nəfərdən biri karantin rejiminin davam etməsinin ailə institutu üçün təhlükəli olduğunu düşünür.

Evlilik üçün ən uyğun yaş

Ümumiyyətlə, respondentlər bir qayda olaraq qadınların ən gec halda 27 yaşa qədər ərə getməli olduğunu düşünürlər. Qadınların evlilik üçün ən uyğun yaşını 23-27 hesab edən 46.5 faiz respondent qadınlar üçün tez evliliyin şərt olmadığını, onların təhsil və karyera sahəsində fəal olmasına dair təsəvvürlərini ifadə edib.

Abort və selektiv abortlar

Əhalinin olduqca az hissəsi (5%-dən az) abort və selektiv aborta müsbət baxır. Uşağın cinsinə görə selektiv abort olunmasına mütləq əksəriyyət (90%) mənfi baxır, bu məsələdə heç bir göstərici üzrə qruplararası fərq müşahidə edilməyib.

Evliliyin ilk üç ili

Ailə psixologiyasına görə, tərəflər evliliyin ilk 3 ilini daha çox yeni mühitə - ailə mühitinə uyğunlaşma kimi dəyərləndirməli, qarşı tərəfin ailə üzvlərini tanımağa çalışmalı, gözləntilərinin nələrdən ibarət olduğuna diqqət etməlidirlər. Evlilik müddəti və boşanmalarla bağlı qlobal statistikada nikahdan sonrakı 4-cü ildə boşanmalar dünyada ilk sırada durur.

Doğumlar aşağı düşüb, ailələrdə uşaqların sayı azalır

Azərbaycanda son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Belə ki, çoxuşaqlı ailələrin sayının azalması və təkuşaqlıların sayının artması narahatlıq doğuran tendensiyalardandır. Təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri də ön sıralardadır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir.
Tədqiqat nəticəsi olaraq qeyd olunur ki, müasir dövrdə uşaq böyütmək, hərtərəfli təhsil vermək, gələcəyini təmin etmək çətindir. Belə olduqda əksər ailələr bir uşaqla kifayətlənir. Bu gün Azərbaycanda ailə strukturu uşaqların sayı baxımından tamamilə fərqlidir. Təkuşaqlı ailədə uşaq valideynlərin əzizlədiyi yeganə qayğı və diqqət obyektinə çevrilir, bu da çox hallarda uşağın müstəqillik və yetkinlik şüurunun formalaşmasının gecikməsinə səbəb olur.
Sorğunun nəticəsinə görə, övladlarının sayı ilə bağlı qərarların qəbul edilməsində 48.7% ailədə hər iki valideyn birgə iştirak edib. 35.4% ailədə isə bu, plansız baş verib.

Hamiləlikdən qorunmaq üçün qoruyucu vasitələrdən istifadə edilməyib

Ailələrin əsaslı hissəsi (70.4%) kontraseptivlərdən (qoruyucular, preparatlar) heç vaxt istifadə etmədiyini bildirib. 7.3% respondent isə bu qoruyuculardan həmişə istifadə edir. Kontraseptivlərdən istifadə barədə yekun qərarı daha çox ailələrdə hər iki tərəf birlikdə versə də, yalnız bir tərəfin iştirak etdiyi qərarlarda əsasən qadınlar üstünlük təşkil edir. Şəhərlər və kəndlərdə qoruyucu vasitələrdən istifadənin tezliyi qəsəbələrə nisbətdə əhəmiyyətli dərəcədə daha yüksəkdir.

Ailələrdə maddi durum

Rəyi öyrənilənlərin 35.5%-nin aylıq gəlir səviyyəsi (ailə olaraq) 250 manat, 35%-nin isə 251-500 manat arası dəyişir. Hər dörd ailədən birinin aylıq gəliri 501-1000 manat olduğu halda, cəmi 4.7% ailə 1001 manatdan artıq gəlir əldə edir.

Qadınların söz haqqı daha azdır

Respondentlərin “Ailə büdcəsinin istifadəsinə dair qərarı əsasən kim və kimlər verir?” sualına cavabında ənənəvi ailə modelində olduğu kimi 80.8%-də qərarların kişilər tərəfindən verildiyi məlum olur. Qadınların yalnız 52.8%-i qərarvermədə iştirak edir.

Din və ailə

Ailələrin təxminən 15%-də dini dəyərlərin əhəmiyyəti olmasa da, 26.6% respondent həyatını dini dəyərlər üzərində qurduğunu bildirib. Demək olar ki, ailələrin yarısı dini və dünyəvi dəyərləri uyğunlaşdırmağa çalışır.
Qeyd edək ki, sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Qarabağ, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə edib, 2400 respondentin iştirakı ilə aparılıb.
Xəbər lenti
0