SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran xarici işlər naziri Azərbaycana niyə gəlir?

© AP Photo / Vahid SalemiƏmir Abdullahian
Əmir Abdullahian  - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
İranın başlatdığı gərginlik ucbatından təmaslar, demək olar ki, yox idi. İndi Abdullahianın Bakıda nələri müzakirə edəcəyi sual doğurur
BAKI, 21 dekabr — Sputnik. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu həftəsonu Azərbaycana gələcək.
Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İslamabadda keçirilən toplantısı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında görüş keçirilmişdi.
Sputnik Azərbaycan XİN rəhbərinin səfəri öncəsi İran-Azərbaycan münasibətləri, səfərin əhəmiyyəti barədə Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikirlərini öyrənib.
Politoloq bildirib ki, bir ildən çox ölkələr arasında davam edən gərginlik əməkdaşlıq istiqamətinə yön alıb: "İki illik fasilədən sonra ölkələr arasında müzakirə olunacaq bir çox məsələlər var. İran tərəfinin başlatdığı gərginlik ucbatından təmaslar, demək olar ki, yox idi. Cənub qonşumuz ölkəmizə qarşı ittihamlar irəli sürdüyü halda, Azərbaycan tərəfi real gerçəkliyi onların diqqətinə çatdırırdı".
Mərkəz rəhbərinin sözlərinə görə, hazırkı şəraitdə müzakirə olunacaq bir sıra məsələlər var: ""3+3" formatı, Zəngəzur dəhlizi ilə bağlı məsələlər, İran enerji resurslarının Azərbaycan vasitəsilə dünya ölkələrinə çıxışının təmin olunması kimi vacib mövzular ətrafında müzakirələr aparıla bilər. Bundan başqa, Tehranda Azərbaycan, Türkiyə, İran XİN rəhbərlərinin iştirakı ilə görüş nəzərdə tutulub".
Sədrəddin Soltan hesab edir ki, artıq qarşıdurma və münaqişələrdən ciddi əməkdaşlığa doğru yol başlayıb: "Xatırladım ki, Gorus-Qafan yolundan keçəcək İran nəqliyyat vasitələrinin keçid qaydalarının müəyyən edilməsi məsələsi də müzakirə mövzularındandır. Artıq görünən odur ki, İran tərəfi Azərbaycanla gərginlik yaratmaqdansa, əməkdaşlığa üstünlük verir. Bu, regionun təhlükəsizliyi üçün faydalıdır".
Ekspert Zəngəzur dəhlizinin reallaşmasına İranın münasibəti haqqında danışarkən qeyd edib ki, bu məsələ də demək olar, həllini tapıb:
"Sadəcə olaraq Ermənistan və İran tərəfi ona dəhliz demir. İran tərəfində qədim türk adlarının istifadə olunması qıcıq yaradır. Amma İran tərəfi də kommunikasiyaların açılmasına etiraz eləmir. Regional əməkdaşlığın əsas elementi kommunikasiyaların bərpa olunmasıdır. Əgər Zəngəzur dəhlizi açılmazsa, regional əməkdaşlığa da ehtiyac olmaz".
"Artıq Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşma prosesini görürük. Dünya gücləri də bu prosesi dəstəkləyir. Dünya güclərinin dəstəklədiyi layihələr adətən reallaşır. Bu dəhliz bu baxımdan reallaşacaq. İran da əvvəl buna etiraz edirdi, amma sonradan bu layihəni dəstəklədiklərini, "3+3" formatına xoş münasibətlərini ifadə etdilər. Çünki dəhliz vasitəsilə İranın şimal hissəsində istehsal olunan məhsulları Azərbaycan, Türkiyə və Avropaya nəql etmək mümkün olacaq".
Eləcə də oxuyun:
* "5+3": Azərbaycana daha bir platforma təklif edildi
* İranın gözlənilməz təklifi Qafqazda vəziyyətə necə təsir edəcək
* Rəsmi Tehran 3+3 formatını dəstəklədiyini bəyan edib
Xəbər lenti
0