Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Adı lüğətdə, dadı əfsanələrdə qalacaq - Fermerlər niyə belə sərt qərar verirlər?

© Sputnik / Aleksandr KryazhevBazarda xiyar satışı, arxiv şəkli
Bazarda xiyar satışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2021
Abunə olmaq
Azərbaycanda xiyarın topdansatış qiyməti qalxıb. Ekspertin fikrincə, gələn mövsüm xiyar və pomidorun qiyməti baha olacaq. Bahalaşmanın səbəbləri Sputnik Azərbaycan-ın materialında
BAKI, 19 dekabr — Sputnik. Azərbaycanda xiyarın topdansatış qiyməti kəskin bahalaşıb. Bu ilin oktyabrında 45 qəpiyə satılan "Melit" xiyarının topdansatış qiyməti noyabr ayında 1 manat 65 qəpik olub. Bu, 3,7 dəfə artım deməkdir. Ötən ilin noyabrında "Melit" xiyarı 85 qəpiyə satılırdı. Oktyabrda 90 qəpiyə satılan "Tikanlı" xiyarın topdansatış qiyməti isə noyabrda 94,4 faiz qalxaraq 1 manat 75 qəpiyə çatıb.

Xiyarın qiymətinin bahalaşması əkin sahələrinin azalması ilə bağlıdır

Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, xiyarın qiymətinin bahalaşması əkin sahələrinin azalması ilə bağlıdır.
"Gələn mövsüm xiyar və pomidorun qiyməti baha olacaq. Çünki hektarlarla ərazilər boşalır. Şəmkir rayonunda istixanalar çoxdur, lakin Rusiyaya ixracda problemlər yarandığı üçün bu il xeyli istixanalar əkilməyib. Bəzi fermerlər istixananı söküb, yerində üzüm bağları salırlar. Xiyarın istehsalı azaldığı üçün qiymət qalxıb. Çıxış yolu odur ki, yeni bazarlar tapılmalıdır, ərəb ölkələrinə, Avropaya çıxmalıyıq. Digər tərəfdən, istixanalara verilən qazın qiyməti bahadır".

Türkmənistan ilə rəqabət apara bilmirik

"Bu sahədə Türkmənistan ilə rəqabət apara bilmirik. Türkmənistan Rusiya bazarına daha ucuz pomidor çıxardır, bizim pomidor isə bahadır. Düzdür, bizim pomidor dadına görə Rusiyada brenddir. Amma qiymətdə çox fərq var. Ona görə də Türkmənistan Rusiya bazarında bu istiqamətdə daha çox yer tutur", - deyə ekspert əlavə edib.
Bəzi satıcılarla söhbətimiz zamanı isə dedilər ki, mövsümün sonudur, ona görə də xiyarın qiyməti qalxıb.

İndiyədək Rusiyaya 212 müəssisədən pomidor ixracına icazə verilib

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, indiyədək Rusiyaya ümumilikdə 212 müəssisədən pomidor, 76 müəssisədən isə alma ixracına icazə verilib. Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində AQTA tərəfindən zəruri tədbirlər davam etdirilir.
AQTA və Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan mütəmadi danışıqlar, ikitərəfli ticarət məsələlərinin həllində konstruktiv dialoqun genişləndirilməsi və ölkəmizin fitosanitar nəzarət sisteminə yaranmış etimad öz müsbət nəticəsini verməkdədir.
Belə ki, Agentliyin əməkdaşları tərəfindən pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqlərin nəticələri, məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaq protokolları və monitorinq aktlarının təhlili və AQTA-nın zəmanəti əsasında "Rosselxoznadzor" tərəfindən 2021-ci il 6 dekabr tarixindən etibarən daha 7 müəssisədən pomidor, 5 müəssisədən isə alma ixracına icazə verilib.
Beləliklə, dekabrın 6-dək ümumilikdə Rusiyanın qurumu tərəfindən 212 pomidor, 76 alma istehsalı müəssisəsindən məhsul ixracına icazə verilib.
Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 364,373 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 202,4%-ni təşkil edir. Həmçinin Rusiyaya alma ixracına icazə verilmiş 76 müəssisənin ixrac potensialı 161,787 ton təşkil edir. Bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 241,7%-i həcmindədir.

Ötən il Azərbaycandan xiyar ixracının 99,3%-i Rusiyanın payına düşüb

Qeyd edək ki, Aqrar Tədqiqatlar Mərkəzinin məlumatlarına görə, 2020-ci ildə açıq və örtülü torpaqlar üzrə xiyarın əkin sahəsi 2015-ci ilə nisbətən 21,1%, 2019-cu ilə nisbətən isə 2,4% azalaraq 10,97 min hektar olub.
2020-ci ildə xiyarın əkin sahələrinin 92,4%-i (10.1 min ha) açıq, 7,6%-i (0.8 min ha) isə örtülü torpaqların payına düşüb.
2020-ci ildə xiyar istehsalı 2015-ci ilə nisbətən 1,6%, 2019-cu ilə nisbətən isə 8,8% azalaraq 226,9 min ton olub. 2020-ci ildə xiyar istehsalının 79,1%-i açıq, 20,9%-i isə örtülü torpaqların payına düşüb.
2020-ci ildə istehsal olunan xiyarın 11,9%-i Şəmkirin, 11.8%-i Naxçıvan Muxtar Respublikasının, 9,0%-i Sabirabadın, 6,3%-i Lənkəranın, 5,1%-i Balakənin, 4,3%-i Masallının, 3,6%-i Xaçmazın, 3,6%-i Salyanın, 3,3%-i Kürdəmirin, 3,0%-i Ağdaşın payına düşüb.
2015-2020-ci illərdə Azərbaycana xiyar idxalı 5,0 dəfə azalaraq 2,1 min olub. Müqayisə olunan dövr ərzində ölkədən xiyar ixracı isə 1,4 dəfə artaraq 4,9 min ton olub.
2020-ci ildə Azərbaycandan xiyar ixracının 99,3%-i Rusiya bazarının payına düşüb.
Eləcə də oxuyun:
* İstixanalar sökülüb satılır - Fermerlər həyəcan təbili çalır
* Bərdəlilər üçün yeni "qürur qaynağı", yaxud Borş və ya dolma bişirən beş dəfə düşünəcək
* Kiçik kəndli təsərrüfatlarının böyük problemləri: Onları inhisarçılıq məhv edir
Xəbər lenti
0