SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Rusiya əlaqələri hansı sahələrdə inkişaf edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib
Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçi görüşü məmnunluqla xatırlanıb.
BAKI, 17 dekabr - Sputnik.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olunub. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçi görüşü məmnunluqla xatırlandı.
Aleksey Overçukun səfərinin iqtisadi sahədə əməkdaşlıq üzrə ilin yekunlarının müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulandı.
Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın fəaliyyətinə toxunuldu, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olundu.
Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Overçuk Bakıda nə danışıb?
Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ötən gün Bakıdakı ADA Universitetində “İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” adlı konfransda çıxış edib. O bildirib ki, Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində fəal iş aparılır.
Baş nazirin müavini qeyd edib ki, Rusiya ilə Azərbaycanın ikitərəfli münasibətlər çərçivəsində bir sıra qarşılıqlı maraqları mövcuddur.
“Bu gün beynəlxalq əlaqələrdən danışarkən daha çox makroregionlar arası əlaqələrdən söhbət gedir və biz görürük ki, bütün dünyada inteqrasiya prosesləri səmərəli şəkildə inkişaf edir. Biz hamının gözü qarşısında Şimali Amerika, Asiya-Sakit okean regionu, Cənub-Şərqi Asiyada hansı proseslərin getdiyini görürük. Çinin “Bir kəmər bir yol” təşəbbüsü ilə bağlı prosesləri izləyir və orada iştirak edirik”, - deyə Overçuk vurğulayıb.
Onun sözlərinə görə, bu gün getdikcə daha çox ölkə Avrasiya İqtisadi Birliyi (AİB) ilə əlaqə qurur və xarici iqtisadi fəaliyyətdə artıq konkret regionda yaranmış şərtləri və sazişləri nəzərə almaq vacibdir.
AİB Azərbaycana nə təklif edə bilər?
“Avrasiya İqtisadi Birliyinin inkişafı kontekstində baş verən proseslərlə maraqlanmalıyıq”, - deyə Overçuk bildirib.
Onun sözlərinə görə, Avrasiya Birliyinin potensialının reallaşdırılması və birlik ölkələrinin əməkdaşlığının keyfiyyətcə yeni səviyyəyə çıxarılması imkanları nəzərdən keçirilir ki, bu da həm istixana qazlarının emissiyalarının azaldılmasını, həm də ekoloji göstəricilərin yaxşılaşdırılması və quruma üzv bütün dövlətlərdə yaşıl texnologiyaların tətbiqini nəzərdə tutur.
“Biz davamlı olaraq yeni sahələrdə sənaye kooperasiyasının inkişafı üzərində işləyirik. Təyyarə sənayesində kooperasiya zəncirlərinin yaradılması ilə bağlı proqramlar var. Elektromobillərin yaradılmasına da başlamışıq, ona görə də bu gün birlik çərçivəsində iqtisadi əməkdaşlığın əhatə dairəsi çox genişdir”, - deyə Rusiya Baş nazirinin müavini qeyd edib.
Onun sözlərinə görə, Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu regionda maliyyə sabitliyini qorumaq və kredit vermək məqsədilə AİB-ə üzv dövlətlər üçün mini BVF (Beynəlxalq Valyuta Fondu) rolunda çıxış edir.
“O da mühüm faktdır ki, bu maliyyə institutlarının sferasına təkcə birliyə üzv ölkələr deyil, həm də, məsələn, AİB-ə üzv olmayan Tacikistan kimi dövlətlər də daxildir. Ola bilsin ki, Azərbaycan da layihələrimizin həyata keçirilməsinin sadələşdirilməsi baxımından bu maliyyə institutlarında iştirakı məsələsini nəzərdən keçirməkdə maraqlı olsun”, - deyə Overçuk bildirib.
Rusiya biznesi Azərbaycana maraq göstərir
Overçuk onu da qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli əlaqələri çoxşaxəlidir və uğurla inkişaf edir.
“Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən böyük istehlakçısıdır. Bu gün Azərbaycana qoyulan sərmayələrimizin həcmi 4,5 milyard dollara çatıb. Azərbaycanın Rusiyadakı investisiyası isə 1,5 milyard dollara bərabərdir”, - deyə o vurğulayıb.
Baş nazirin müavininin sözlərinə görə, bu ilin 10 ayı ərzində Rusiyanın Azərbaycana idxal həcmi 700 milyon dollar təşkil edib.
“Rusiya biznesi Azərbaycana maraq göstərir və bu il artıq bir sıra biznes missiyaları həyata keçirilib”, - deyə Overçuk qeyd edib.
Bundan başqa, Rusiya baş nazirinin müavininin sözlərinə görə, regionda baş verən son hadisələr nəqliyyat və logistika marşrutlarının açılmasına imkan yaradaraq Şimalla Cənubu və Qərblə Şərqi birləşdirəcək. Bundan isə bütün Avrasiya faydalana bilər.
Rusiya şirkətlərindən Azərbaycana 13 təklif
Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etmək üçün Azərbaycana 13 təklif paketi təqdim edib. Bunu Bakıda, ADA Universitetində "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşı olaraq qalır və qarşılıqlı ticarətin artım tempinin daha da yüksələcəyi gözlənilir. Mustafayev bunun üçün bütün ilkin şərtlərin mövcud olduğunu bildirib.
Həmçinin oxuyun:
* Rusiya Qarabağa sərmayə qoymağa hazırdır – detallar
* Overçukun Bakıya təkrar səfəri nə ilə bağlıdır
* Rusiya Baş nazirinin müavinindən Azərbaycana mühüm təklif
Xəbər lenti
0