CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəngilandakı "Ağıllı kənd"in ilk sakini: "Burada nə qədər qazansaq da..."

© Sputnik / Zulfiyya GuluyevaRamil Allahquliyev
Ramil Allahquliyev - Sputnik Azərbaycan, 1920, 11.12.2021
Abunə olmaq
"Arazda su gur olduğundan özümüz İran tərəfə keçə bilmirdik. O zaman nə qədər adamı Arazı keçməyə cəhd edəndə su apardı".
BAKI, 11 dekabr — Sputnik. İşğaldan azad edilmiş Zəngilan rayonunda ilk "Ağıllı kənd" layihəsinin tətbiq edildiyi Ağalı kəndi gələn ildən düz 29 il ayrı qaldığı sakinlərini qəbul edəcək. Artıq Ağalıya köçəcək ailələr də məlumdur. 30 ailə uzun ayrılıqdan sonra doğulduğu torpaqlara geri dönəcək. Qayıtdıqdan sonra "Ağıllı kənd" layihəsi çərçivəsində onlardan bir qrupu üçün kiçik təsərrüfatlar yaradılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, layihəni nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə icra edir. Ağalı sakinlərinə biznes qurmaq üçün avadanlıqlar veriləcək. Kənd sakinlərinin məşğulluğuna və kiçik sahibkarlığa çıxışına dəstək məqsədi daşıyan layihəyə Ağalı kəndinin artıq 30 sakini cəlb olunub. KOBİA tərəfindən onlar üçün biznes təlimləri təşkil edilib. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Növbəti mərhələdə isə Ağalı kənd sakinləri doğma kəndlərinə qayıdandan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaqlar.
Sputnik Azərbaycan 29 ildən sonra öz doğma yurdlarına geri dönərək orada sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq 30 Ağalı kənd sakinindən biri ilə həmsöhbət olub.
Ramil Allahquliyevlə görüşümüz Novxanı yolu üzərində yerləşən avtoserservisdə baş tutdu. Elə iş başında olan R. Allahquliyev yurd həsrətinin sona çatmasına görə çox sevincli olduğunu bildirdi. Ağalı kəndini 18 yaşında tərk edən R. Allahquliyev həmin günü heç vaxt unutmadığını söyləyir: "Ağalıdan çıxan gün yaddaşıma əbədi həkk olunub. Biz atışma olanda Ağalını tərk edərək Beyləqana yığışdıq. Amma 20 gündən sonra evimizə geri qayıtdıq. Bir aydan sonra erməni silahlı birləşmələri Füzulidən yolu bağlayandan sonra biz məcbur qalıb kəndi tərk etməli olduq. Kənddən çıxmağa yol olmadığından Araz çayının kənarına toplaşdıq. Burada bir həftə çay qırağında qaldıq. Çünki İran Araz çayını keçmək üçün müqavilə verməli idi. Arazda su gur olduğundan özümüz İran tərəfə keçə bilmirdik. O zaman nə qədər adamı Arazı keçməyə cəhd edəndə su apardı. Rayonumuzda İsrafil adlı kişinin böyük yük maşını vardı. O vaxt o, Zəngilan sakinlərinin köməyinə çatdı. Həmin yük maşını ilə sakinlərə Arazı keçməyə kömək etdi. Ondan sonra biz Şirvana, oradan da qardaşımla Bakıya gəldik".
© Sputnik / Zulfiyya GuluyevaRamil Allahquliyev
Ramil Allahquliyev - Sputnik Azərbaycan, 1920, 11.12.2021
Ramil Allahquliyev
Hələ Zəngilanda olarkən qardaşına avtomobil təmirinə kömək edən R. Allahquliyev Bakıya gəldikdən sonra da öz peşəsini davam etdirir. Kirayədə yaşayaraq ailəsini dolandırır. Hazırda avtomobil təmirindən yaxşı gəlir əldə etdiyini söyləyən Ağalı sakini öz kəndinə qayıtmağa hazırlaşır: "Düzdür, burada böyük avtoservisimiz var. Böyük qardaşımla birgə avtotəmirlə məşğul oluruq. Amma torpaqsız yaşamaq olmur. Burada nə qədər qazansaq da, kəndimizdə yavan çörək hər şeydən üstündür".
© Sputnik / Zulfiyya GuluyevaRamil Allahquliyev deyir ki, Ağalıya onları kənddən içərisində çıxdıqları Jiquli VAZ-2107 markalı avtomobil geri qaytaracaq
Ramil Allahquliyev - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Ramil Allahquliyev deyir ki, Ağalıya onları kənddən içərisində çıxdıqları Jiquli VAZ-2107 markalı avtomobil geri qaytaracaq
R.Allahquliyev deyir ki, dövlətin dəstəyi ilə Ağalı kəndində avtoservisdə fəaliyyətini davam etdirəcək. Artıq o, bunun üçün təlimlərdə iştirak edib, avadanlıqlardan istifadə ilə bağlı bilgilər əldə edib: "Biz Bakıya gələndə də hər şeyi özümüz üçün sıfırdan qurub yaratdıq. Düzdür, Ağalıya qayıtdıqdan sonra, ola bilər ki, burada olduğu qədər müştərimiz, qazancımız olmasın. Amma o torpaqlara biz qayıtmalıyıq. İnanıram ki, bütün sakinlər Zəngilana köçdükdən sonra güzəranımız daha yaxşı olacaq".
Ustanın sözlərinə görə, Ağalı kənd sakinləri ilə birgə “Ağıllı kənd”də aparılan işlərlə tanış olub. 29 ildən sonra doğulduğu torpağa qovuşmağın sevincini sözlə ifadə edə bilməyən həmsöhbətimiz evlərindən uçuq divarların qaldığını söyləyir: "Ağalıya çatanda gözümü bağlasaydılar da, evimizin yerini gedib tapardım. Çığırına, bulağına qədər yadımda qalmışdı. Evimiz uçub-dağılsa da, həyətimizin meyvə ağacları yerində idi. Həmin gün əllərimi açıb Tanrıya şükür etdim ki, mənə öz torpağımıza qovuşmağı nəsib etdi".
Ailədə 6 qaradaş, 3 bacı olan Allahquliyevlər Ağalıya köç üçün bütün hazırlıqları görüblər. R.Allahquliyev deyir ki, övladları ali təhsil aldığından Bakıda qalmalı olsalar da, o, həyat yoldaşı ilə Ağalıya köçəcək.
Ağalıya isə onları kənddən içərisində çıxdıqları "Jiquli" VAZ-2107 markalı avtomobil geri qaytaracaq. Düz 29 il əvvəl necə çıxmışdılarsa, eləcə də geriyə qayıtmağa hazırlaşan R.Allahquliyev avtomobili təmir edərək saz vəziyyətə gətirdiyini söyləyir. Onun sözlərinə görə, 29 il bu avtomobili göz bəbəyi kimi qoruyub saxlamağına səbəb içində bir gün Ağalıya qayıtmaq inamı olub. Bu inamın həyata keçməsinə isə çox az vaxt qalıb. Bu dəfə Ağalı kənd sakinləri doğma kəndlərinə "Ağıllı kənd" sakinləri olaraq geri qayıdacaqlar.
© Sputnik / Zulfiyya GuluyevaRamil Allahquliyevin işlədiyi avtoserservis
Ramil Allahquliyev - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Ramil Allahquliyevin işlədiyi avtoserservis
Qeyd edək ki, "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad olunmuş ərazilərdə salınacaq ilk “Ağıllı kənd”in təməli qoyulub. Bununla ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Qarabağa köç prosesinə gələn ilin əvvəllərində start veriləcək. Zəngilan rayonunun Ağalı kəndində salınan “Ağıllı kəndin” inşası tamamlanmaq üzrədir.
Eləcə də oxuyun:
* Qoy təhsildə yeni era Ağdamdan başlasın: Qarabağ Universitetinin təməli qoyulacaq
* Zəngilana 800 min dollarlıq Türkiyə texnikası gətiriləcək
* Zəngilanda iş yerləri təklif olunur
* Azad edilmiş ərazilərə çəkilmiş elektrik xətləri ilə internet də ötürüləcək
Xəbər lenti
0