Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Heyət üzvünün səhvi ucbatından baş vermiş dəhşətli qəzanın ildönümüdür

Abunə olmaq
Bu günlərdə Xızıda baş vermiş helikopter qəzası hər kəsi kədərləndirdi. Müstəqillik tariximizdə belə bir qəza heç də ilk deyil.
BAKI, 5 dekabr — Sputnik. 1995-ci il dekabrın 5-i Azərbaycan tarixində faciəvi hadisə ilə yadda qaldı. Həmin gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən “TU-134B-3” tipli sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yandı. Həmin qəzada 4 heyət üzvü və 48 sərnişin həlak oldu. Bu qəza Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük aviasiya qəzası kimi tarixə düşdü.
Qəza öncəsi
Göyərtəsində 76 sərnişin, 6 ekipaj üzvü olan təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayır. Havaya qalxan təyyarə 60 metr hündürlükdə 317 km sürətə çatandan sonra mühərriklərindən birində problem olduğu müəyyənləşir. Köməkçi pilot Sergey Quliyev kapitan Eduard Həsənova bir nömrəli mühərrikin fəaliyyətini dayandırması barədə məlumat verir.
Məşum səhv
Bir neçə saniyə sonra uçuş mexaniki Aleksandr Sokolov isə birinci yox, ikinci mühərrikin sıradan çıxmasını bildirir. Təcili qərar verməli olan kapitan Eduard Həsənov uçuş mexanikinə ikinci mühərriki söndürmək barədə göstəriş verir. Təyyarə yüksəlməyə davam etdiyi bir vaxtda ikinci mühərrik söndürülür. Bir qədər sonra məlum olur ki, uçuş mexaniki səhv edib və işləyən mühərriki söndürüb. Heyət ikinci mühərriki hərəkətə gətirmək üçün əlindən gələni etsə də, bu, nəticəsiz olur, təyyarə yüksəkliyini itirməyə başlayır. Kapitan təyyarə 197 metr hündürlükdə olarkən qəza enişi barədə qərar qəbul edir. Elə bu anda sürəti saatda 290 km-ə düşən təyyarə yaşayış binalarının olduğu sahə ilə qarşılaşır. Fəlakətdən qurtulmaq üçün pilotlar sağa 37 dərəcə bucaq altında kəskin dönüş etməyə məcbur qalırlar və hava limanı yaxınlığındakı açıq sahəyə istiqamətlənirlər. Buna baxmayaraq, uçuş heyətinin cəhdləri qəzadan xilas olmağa kifayət etmir.
Qəza və həlak olanlar
Qəza baş verir və göyərtədə olan 82 nəfərdən 52-si dünyasını dəyişir. 26 sərnişin və 4 ekipaj üzvü qəzadan sağ çıxır. Qəzanın ardınca dərhal təhqiqat işlərinə başlanılır. Bu işə Rusiya Dövlətlərarası Aviasiya Komitəsi, təyyarə istehsalçısı, mühərrik istehsalçısı və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi cəlb edildi. Təyyarə və mühərrik istehsalçıları qəzaya səbəb kimi boşalan qaykaların turbinlərdə yaratdığı titrəmə ilə əlaqəli olduğunu dedilər.
Qeyd edək ki, qəzaya uğrayan təyyarə 28 avqust 1980-ci ildə istifadəyə verilib. Təyyarə müəyyən olunan 35 min uçuş saatının 27 min 500-nü uçmuşdu. Sonuncu dəfə 1995-ci ilin 25 iyulunda baxış keçirilən təyyarədə 30 mart 1993-cü tarixində təmir işinin həyata keçirildiyi qeyd olunub. Mühərriklərə isə 27 noyabr 1995-ci ildə baxış keçirilib. Birinci mühərrikdə 8, ikinci mühərrikdə isə 5 səbəbi bəlli olmayan təmir işləri aparılıb.
Xoşbəxtlikdən, bundan sonrakı illərdə Azərbaycan aviasiyası bu miqyasda təyyarə qəzası ilə üzləşmədi. Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın “TU-134”-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər.

Həmçinin oxuyun:

Qarakənddən Qaraheybətəcən – Hava məkanımızdakı faciələr
Baş Prokurorluq helikopter qəzası ilə bağlı detalları açıqladı
DSX rəisi helikopter qəzası ilə bağlı məsələlərə aydınlıq gətirdi
Xəbər lenti
0