Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Qarakənddən Qaraheybətəcən – Hava məkanımızdakı faciələr

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Ordusuna məxsus helikopter, arxiv şəkli
Azərbaycan Ordusuna məxsus helikopter, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
Bunlar son otuz ildə yaşadığımız faciələrin sadəcə bir qismidir və sadəcə hava məkanımızda, dinc şəraitdə baş verənlərdir.
1991-ci il 20 noyabr, saat 14:42.
Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycana məxsus hərbi helikopter vurulur.
Hadisə zamanı Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də daxil olmaqla ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olur.
Bu hadisə tarixə "Qarakənd faciəsi" kimi düşür.
***
1995-ci il, 5 dekabr
Naxçıvan-Bakı reysi ilə hərəkət edən "Tu-134" sərnişin təyyarəsi Naxçıvan hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanır. Qəzada 4 ekipaj üzvü və 48 sərnişin həlak olur.
Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya belə qənaətə gəlib ki, qəza "Tu-134"-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi səbəbindən baş verib.
***
1997-ci il, 2 oktyabr
Azərbaycan Dövlət Neft Şirkərtinə məxsus "Mİ-8" helikopteri Xəzərin "Günəşli" neft yatağı üzərində hərəkət edərkən pərlərinin dağılması nəticəsində dənizə düşür. Helikopterdəki 22 nəfərin 21 üzvü həlak olur, yalnız 1 nəfəri xilas etmək mümkün olur.
***
2005-ci il, 23 dekabr
Azərbaycan Hava Yollarına məxsus "An 140-100" təyyarəsi Heydər Əliyev adına Hava Limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayır. Sonradan müəyyən olunur ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib. Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən "An 140-100" təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olur.
***
2007-ci il, 12 oktyabr
Göyərtəsində neftçiləri daşıyan "Mİ-8" helikopteri idarəetməni itirərək Xəzər dənizinə düşür. Qəza zamanı heyət üzvləri ilə birlikdə, ümumilikdə 6 nəfər həlak olur.
***
2008-ci il, 29 yanvar.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan "MiQ-29" markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşür. Pilotlar kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla daha dəhşətli faciənin qarşısını ala bilsələr də, hər ikisi həlak olur. Təyyarənin qalıqları və pilotlardan Əfqan Aslanovun cəsədini dənizin dibindən 1 ay sonra çıxarmaq mümkün olsa da, digər pilotun meyiti isə tapılmır.
***
2009-cu il, 12 iyul
AZAL-a məxsus “Mi-8” helikopteri Çilov adası ərazisində 4-cü blokdan havaya qalxarkən dənizə düşür. Onun göyərtəsindəki 6 nəfərdən 4-ü xilas edilsə də, 2 nəfər həyatını itirir.
***
2010-cu il, 3 mart.
Azərbaycan Hərbi Hava Qüvvələrinin Kürdəmirdə yerləşən bazasına məxsus "Su-25" tipli hərbi təyyarə Tovuz rayonu Aşağı Ayıblı kəndi üzərində qəzaya uğrayır. Qəza zamanı "N" saylı hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Famil Məmmədov həlak olur. Müdafiə Nazirliyi qəzanın səbəbləri ilə bağlı rəsmi məlumat vermir.
***
2011-ci il, 3 fevral, saat 17:25
Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" tipli hərbi təyyarə təlim zamanı qəzaya uğrayır. Təyyarənin qabaq şassisi açılmadığı üçün yerə enmək imkanı tükəndiyindən ekipaja təyyarəni yaşayış massivindən uzaqlaşdırıb katapult etmək əmri verilir. Təyyarə yaşayış massivindən 18 km aralıda boş əraziyə düşür. Təyyarənin pilotları – polkovnik-leytenant Zaur Yusifli və kapitan Xəyyam Şükürov qəza zamanı xəsarət almır.
***
2013-cü il, 11 fevral
Bakının Şıxov çimərliyi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "Mİ-17" helikopteri qəzaya uğrayır. Ekipaj üzvləri kapitan Əhmədov Yaşar, baş leytenant Rüstəmov Rüstəm və leytenant Zeynalov Bəhruz həlak olurlar.
***
24 iyun 2019-cu il, saat 22:00.
Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilir və aviasiya vasitəsi radarlardan itir. Təyyarə Xəzər dənizinə düşür. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşür. Uzun sürən axtarışlardan sonra pilotun nəşi dənizin 27 m dərinliyindən tapılır.
Ehtimallara görə, təyyarə havada quş dəstəsi ilə toqquşur və pilot ağır bədən xəsarəti alaraq huşunu itirir. Pilot toqquşmadan sonra təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərsə də, huşunu itirdiyi üçün buna nail ola bilmir və nəticədə təyyarə qəzaya uğrayır. Huşunu itirən pilot isə katapult edə bilmir və həlak olur.
***
Və 2021-ci il, noyabr ayının 30-u, saat 10 radələri…
Daha bir faciə xəbəri hamımızı sarsıtdı.
Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğradı. Qəza nəticəsində 14 zabitimiz həlak olub, 2 nəfər xəsarət alıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
***
Hansı səbəbdən və hansı şəraitdə baş verməsindən asılı olmayaraq son otuz il ərzində havada yaşadığımız qəzaları xatırlatmaq və xatırlamaq istədim. Diqqətimdən yayınan hansısa hadisə ola bilər. Bunlar son otuz ildə yaşadığımız faciələrin sadəcə bir qismidir və sadəcə hava məkanımızda, dinc şəraitdə baş verənlərdir…
Son qəzada şəhid olan hərbçilərimizin ailələrinə başsağlığı verir, yaralı zabitlərimizə tezliklə sağlamlıqlarına qovuşmağı arzu edirəm.
Xəbər lenti
0