CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllim tələbələri üçün əsgərlikdən bir ay möhlət istəyir: Sonra başqa sahələrə gedəcəklər

© Photo : Facebook / Sanan HuseynliSənan Hüseynli
Sənan Hüseynli - Sputnik Azərbaycan, 1920, 20.11.2021
Abunə olmaq
Əməkdar artist rəqs üzrə yetişdirdiyi tələbələrin əsgərlikdən sonra başqa sahələrə üz tutacağına əmindir. Buna görə də əsgərlikdən möhlət məsələsinin parlamentdə qaldırılmasını istəyir.
BAKI, 20 noyabr — Sputnik. Azərbaycan qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdəndir. Təəssüf ki, günümüzdə əsrlərdən bəri bizə miras qalan bu sənəti yaşadanlar müəyyən problemlərlə üzləşirlər.
Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1 ay möhlət vermir ki, bizim məzunlar imtahan versinlər: "Kollecdə səkkiz oğlan tələbəm məzun oldu. Onlar da kolleci bitirəndə 18 yaşları tamamlanmış olur. Tələbələrimin hamısını apardılar əsgərə. Mən bilirəm ki, bu, hər bir Azərbaycan vətəndaşının borcudur, gedib xidmət etməlidirlər. Amma sənət də lazımdır axı. Bir rəqqasın formalaşması üçün 10 ildən artıq vaxt sərf olunur. Bir ay möhlət verməməklə o qədər illər hədər gedir. Qəbul olmazlarsa, gedib il yarım xidmətlərini başa vursunlar".
S.Hüseynli bildirir ki, Bakı Xoreoqrafiya Akademiyasında təhsil 12 illikdir. Sözügedən təhsil ocağının yetirmələri öz təhsilini ibtidaidən başlayaraq doktoranturaya qədər davam edirlər. Dekan bildirir ki, əksər hallarda tələbələr hərbi xidmətə gedəndən sonra bu sənətdən soyuyurlar:
"Hərbi xidmətə gedəndən sonra dünyaya baxışları dəyişir. Bizim zəhmətimiz də, onların zəhməti də, dövlətin pulu da hədər gedir. Çünki dövlət o kadrları yetişdirmək üçün pul xərcləyir. Mənim tələbələrimdən səkkizindən ikisi bu sənəti davam etdirsə, böyük işdir. Əminəm ki, illərlə əziyyət çəkib yetişdirdiyim tələbələr əsgərlikdən sonra başqa sahələrə gedəcəklər. Amma bakalavr təhsili alıb getsələr, öz peşələrinə davam edəcəklər".
Əməkdar artist istəyir ki, dövlət qurumları bu məsələnin üzərində işləsinlər. Onlar hətta bu məsələ ilə bağlı aidiyyəti instansiyalara müraciət də ediblər. Amma problem hələ ki, həll olunmayıb: "Biz bunu dəfələrlə Mədəniyyət Nazirliyinə bildirmişik. Amma bu problem nazirlik səviyyəsində həll olunacaq məsələ deyil. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu sənətin incəliyini bilmirlər. Bilmirlər ki, biz niyə bir ay möhlət istəyirik. Bu məsələ Milli Məclis səviyyəsində həll olunmalıdır. Hər halda bu məsələ Milli Məclisdə qaldırılsa, mütəxəssislərdən bu məsələnin səbəbini öyrənsələr, ondan sonra qərar verərlər".
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, sözügedən qurum heç bir cavab verilmədi.
Eləcə də oxuyun:
* Ehtiyatda olan hərbçilərin toplanışı başlayıb
* Tamaşaçı təkcə rəqsdən deyil, ifaçıdan da zövq almalıdır - Akademiyanın dekanı
* İcra başçısının qardaşı olan general rəis müavini vəzifəsindən azad edildi
Xəbər lenti
0